XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2015 - 12:36

Söyüşkən diplomat: Viktoriya Nuland – Siyasi portret

Qısa arayış:

Viktoriya Nuland 1961-ci ildə Nyu-Yorkda anadan olub.

Braun universitetini bitirib. 1982-ci ildə ilk dəfə Odessada olub və “Gənc qvardiya” pioner düşərgəsində mübadilə əsasında dəstə rəhbəri işləyib.

23 yaşında səkkiz ay sovet ticarət gəmisində tərcüməçi işləyib.

1985-1986-cı illərdə çində Quançjou şəhərində çalışıb.

1987-ci ildə Dövlət Departamentinin Şərqi Asiya və Sakit okean üzrə bürosunda xidmət edib.

1988-1990-cı illərdə Monqolustanın paytaxtı Ulan-Bator şəhərində Sovet İttfaqı ilə münasibətlər məsələləri ilə məşğul olub.

1991-1993-cü illərdə ABŞ-ın Moskva səfirliyində Yeltsin hökuməti ilə əlaqələrə cavabdeh sima kimi fəaliyyət göstərib.

1993-1996-cı illərdə xarici işlər nazirliyində Ukrayna, Qazaxıstan və Belorusun nüvəsizləşdirilməsi siyasətini həyata keçiridb.

Diplomat xanımın xidmət siyahısı xeyli uzundur və sonda bildirək ki, hazırda dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi vəzifəsindədir.

Fransız, rus və çin dillərini bilir…

Con Makkeyn bürkülü iyun axşamında Ukrayna böhranı şəraitində Obama administrasiyasının fəaliyyətini ağzı köpüklənə-köpüklənə tənqid edirdi: “Bu, elə bir biabırçılıq və xəcalətdir ki, özümü zorla saxlayıram”. Və ardınca Ağ Evin səhvlərini sadalamağa başladı. Sonda Obamanı Nevil çemberlənlə müqayisə edərkən bir reportyor onun sözünü kəsdi: “Bu münaqişə ilə məşğul olan baş diplomat haqda fikriniz necədir?”

Makkeyn ara verdi və davranışı qəflətən dəyişildi.

“Mən ona heyranam, – o, Amerikanın Avropadakı baş diplomatı Viktoriya Nuland haqda dedi. – O qadın olduqca, olduqca ağıllıdır”.

Makkeynin Nulanda barədəki coşğun təqdirini Kapitoliya təpələrində çoxları, o cümlədən demokratların əksəriyyəti bölüşür. Lakin bir məkan var ki, Nuland orada çoxyönlü hisslər doğurur: Avropa.

Nuland vəzifə borcuna görə burada etibarlı və möhkəm münasibətlər yaratmalıdır.

Avropalı həmkarları Foreign Policy“-ə müsahibələrində Nulandı “sırtıq”, “kəskin”, “tərs”, “kobud” və zaman-zaman “köntöy” adlandırırlar. Lakin həm də qeyd edirlər ki, amerikalı diplomatdan narazılıqları gerçək fikri ayrılıqlarından, xüsusən də onun Ukraynaya silah tədarük etmək cəhdlərindən doğur. Onun cəhdlərini Ağ Ev də bəyənmir.

Bir avropalı diplomat deyir: “O, diplomatların əksəriyyəti kimi hərəkət etmir, daha çox ideoloqa oxşayır”.

Viktoriya Nulandın böyük paradoksu bundan ibarətdir ki, onu Vaşinqtonda superulduz edən keyfiyyətləri Avropada qalmaqallı simaya çevirir – xüsusən də transatlantik münasibətləri ağlasığmaz bir gərginlik keçirən məqamda.

Xarici siyasət xidmətinin karyeralı işçisi olan Nuland Dövlət Departamenti tərəfindən Ukrayna böhranı üzrə və Amerikanın Avropa və Avrasiyadakı 50 səfirinin şefi təyin edilib.

Nuland Ukraynada 6400-dən çox adamın həyatını aparmış hərbi əməliyyatların davam etdiyi və Rusiya-Amerika münasibətlərinin rekord dərəcədə aşağı düşdüyü şəraitdə aylarla Atlantikanın üzərindən uçub Moskvanın təcavüzünə qarşı Qərbin vahid cavabını formalaşdırmalı olur.

Onun Vaşinqtondakı populyarlığı qismən rusları söyüb avropalılardan daha sərt xətt tələb etdiyi ritorika lə izah olunur.

Nuland martda Moskvanı ittiham etdi ki, Krımda və Ukraynanın şərqində “terror səltənəti” yaradıb. Nuland bundan bir neçə gün əvvəl Amerikanin rəsmi şəxsi kimi, birinci olaraq Kremlin Ukrayna ərazisindəki hərəkətini “müdaxilə” adlandırdı. O, “ağlasığmaz quldurluq və zorakılığa görə” həmişə “Rusiyanın və onun separatçı oyuncaqları”nın külünü göyə sovurur və vəd edir ki, Rusiya prezidenti Putini sonrakı gərginliklərə görə bədəl ödəməyə vadar edəcək.

Nuland Konqresdə ifadə verərkən avropalılarla danışıqları “pişikləri sürüyüə yığmaq” cəhdi adlandırdı.

Keçən il isə onun Amerikanın Ukraynadakı səfiri ilə telefon danışığının məşhur audioyazısı sızma nəticəsində şəbəkələrə çıxdı: “Avropa Birliyinin içinə s…san”.

Senator-demokrat Kris Merfi deyir: “O, adətən, ifadələri seçmir. Mən onun qızğın fanatıyam”.

Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi kimi xırda vəzifəsinə baxmayaraq, Nuland Amerika xarici siyasətində mühüm oyunçudur. O, Corc Buşun dönəmində vitse-prezident Dik çeyninin yanında milli təhlükəsizlik üzrə müşavirin birinci müavini idi. İndiki vəzifəyə gəlməzdən öncə isə Dövlət Departamentinin Hillar Klintonun yanında rəsmi təmsilçisi idi.

Hillari Klintonla və nüfuzu respublikaçılarala mötəbər münasibətlərinə görə, icmalçıların çoxu güman edir ki, 2016-cı ildə hansı partiyanın qələbə çalmasından asılı olmayaraq, Nulandın karyerası yüksələn xətlə gedəcək. Buna görə də o, çox önəmli diplomatdır və fəaliyyətini izləmək lazımdır.

***

Lakin başlanğıc üçün onun minalanmış tam bir sahəni qət etməsi lazımdır. Onun hədsiz dərəcədə müstəqil davranışı həmsöhbətlərində belə bir qənaət doğurur ki, Obama administrasiyasındakı “qırğılar”ın başlıca qoçbaşıdır.

Konqresin əməkdaşı deyir: “Avropalıların əksriyyəti, xüsusən də Moskva Nulanda nifrət edir və Kapitoliya təpələrindəki siyasi pərəstişkarlarının ona pərəstiş etməsinin daha bir səbəbi budur”.

Avropada çoxları Nulandı Kiyevə silah tədürükünün tərəfdarı sayır. Moskva ilə münaqişənin genişlənməsindən qorxan almanlar, macarlar, italyanlar və yunanlar kəskin şəkildə bunun əleyhinədirlər.

Ağ Ev də Kiyevə letal (öldürcü-red.) hərbi yardımın əleyhinədir, çünki Moskva “kəskinləşdirmə üstünlüyü”nə malikdir, yəni Birləşmiş Ştatların hansı yardımı göstərməsindn asılı olmayaraq, Ulrayna ordusunu darmadağın edə bilər.

Nüfuzlu alman dərgisi “Der Spiegel” yazır: “Nuland sər
t siyasət və silah tədarükünün tərəfdarıdır. Prezident Obamadan fərqli olaraq nə etməyin gərəkdiyi haqda onun aydın təsəvvürü var”.

Ağ Ev bu məqalə xüsusunda şərhdən imtina etdi.

Nulandın Ukraynaya niyə silah tədarükü uğrunda çıxış etməsi sualını cavablandıran Dövlət Departamentinin təmsilçisi Con Kirbi birmənalı şəkildə onu müdafiə etdi: “Dövlət katibi Nulanda hədsiz dərəcədə sayğı göstərir və onun məsləhətlərinə qulaq asır. Xüsusən də Ukrayana dəstəyimiz məsələsində”.

***

Ağ Evin strategiyası Avropanın Rusiyaya qarşı hərbi deyil, bütöv bir kompleks cəza tədbirləri əsasında birləşdirməkdən ibarətdir. Bura Rusiyanın energetika, maliyyə və silahlanma sahələrinə qarşı yönəlmiş Amerika və Avropa sanksiyaları, Rusiyanın “Böyük Səkkizlik”dən çıxarılması, həmçinin müttəfiq dövlətlərə Putini öz paytaxtlarına dəvət etməmək və dövlət başçısı səviyyəsində Rusiyaya səfər etməmək çağırışları daxildir.

Lakin Avropanın birliyini qorumaq asan məsələ deyil.

Rusiyanın qarşısını hərbi üsullarla almaq məsələsinə gəlincə isə, avropalıların hərəsinin ağzından bir avaz gəlir. Baltikyanı dövlətlər təcavüzkar cavabın tərəfdarıdır, İtaliya ilə Yunanıstan isə daha diplomtik yanaşmaya üstünlük verir. Bu arada AB-nin ən nüfuzlu üzvləri Almaniya və Fransa probelmin hansısa aralıq həllini axtarır.

Sanksiyalara gəlincə isə, ABŞ-dansa Avropa liderlərinin ruh yüksəkliyi daha zəifdir. çünki bu ölkələr Rusiya ilə çoxdan və əlverişli əlaqələr qurub. Fransanın kənd təsərrüfatı ixracı və İtaliyanın turist sənayesi sanksiya siyasətinə görə böyük pullar itirib.

Avropa ölkələri ümumi sıranı pozanda Nulandın qarşısında cavab verməli olur ki, bu da həmişə yaxşı alınmır.

Məsələn, İtaliyanın baş naziri Matteo Rentsi Moskva səfəri zamanı Putinlə görüşdü. Bu, Krımın ilhaqından sonra Avropadan böyük liderin Rusiyaya ilk səfəri oldu. Nuland mart ayında Romaya getdi. İtaliyalılar Putinin təcrid edilməsi üzrə Qərb siyasətinə nümayişkaranə şəkildə tabe olmurlar. Nuland Rentsinin səfərindən sonra Romaya səfər edən ilk Vaşinqton rəsmisi idi və burada ciddi vəziyyətlə üzləşdi. çünki Romaya təzyiq göstərməli oldu.

Bir diplomatik qaynağın dediyi kimi, Nulandın kəskin söyüşlərinə görə italiyalı həmkarları incidilər və cinləndilər.

Engel deyir: “O, hər şeyi olduğu kimi deyir. Sözü dolayı, saxta şəkildə demir”.

***

Fransızca və rusca rəvan danışan Nuland söyüşə meylliliyini 20 yaşında sovet balıqçı gəmisində keçirdiyi dövrlərə aid edir.

Yel universitetinin məşhur və mərhum professoru Şervin Nulandın qızıməşhur jurnalist Robert Kaqanın arvadı olmaqla Nuland artıq çoxdan nüfuzu və bacarıqlı adamların mühitndə yaşayır.

“Yeni Amerika əsri” layihəsinin həmtəsisçisi və İraqa fəlakətli müdaxilənin əsas tərəfdarlarından biri Kaqan avropalıları incitmək peşəsində təzə adam deyil. O, 2000-ci illərin əvvəlində xarici siyasət məsələlərində ABŞ-la Avropa arasında artan ziddiyətlər barədə son dərəcə məşhur oçerkini yazdı. Bildirdi ki, məsələ hərbi güc işlətməyə gələndə təəssürat yaranır ki, amerikalılar Marsdandır, avropalılar isə Veneradan.

Nuland vəzifəyə başlama mərasimində çıxış edərkən Kaqanın əsərini xatırladı və nigahını ürəkdən yada salıb dedi: “O, mənim Marsım, mənim Veneram, mənim Yer planetimdir”.

Nuland və Kaqan keçən il “Politico”nun müxbirinə danışdılar ki, ilk görüşlərinin birində “demokratiya və Amerikanın dünyada rolu haqda söhbət edərkən bir-birinə vurulublar”.

Nuland Kaqanın arvadı olduğundan avropalıların əksəriyyəti onu respublikaçı sayır. Hərçənd onun Rusiyaya qarşı döyüşkən münasibəti Dövlət Departamentində nadir hal deyil.

Nulandın Ukrayna böhranına baxışı Dövlət Departamentində hökm sürən tendensiyadan kənara çıxmasa da, ən dalaşqan qırğı kimi yaxın illərdə onun nüfuzu avropalıların təsəvvüründə, çətin ki, dəyişilə. Bu, daha çox ondan törəyir ki, onu məşhurlaşdıran keçmiş günahlarına görə heç vaxt tövbə etmir: 2014-cü ildə Avropa Birliyi haqda laqeydcəsinə söylədiyi həmin şəxsi telefon söhbəti Ukrayna müxalifəti ilə keçmiş prezident Viktor Yanukoviç arasındakı siyasi qarşıdurma genişlənərkən baş tutub. Taleyin istehzasına bax ki, həmin telefon söhbəti Nulandın dövlət katibinin kömkçisi vəzifəsində ən məşhur, lakin ən az başa düşülən aspektlərindən biridir. Amerika təmsilçiləri Yanukoviçə təzyiq edirdilər ki, indiki hökuməti rədd edib müxalifət liderlərini daxil etməklə texniki hökumət yaratsın. Bir neçə həftəlik müqavimətdən sonra Yanukoviç yumşaldı və yeni hökumətdə müxalifətə iki başlıca vəzif təklif etdi. Bu, böyük diplomatik yarğı oldu. Lakin bu hiyləgər siyasətçinin onu aldadacağından qorxan müxalifət istəyirdi ki, danışıqlarda vasitəçi qismində üçüncü tərəf – Avropa Birliyi çıxış etsin. AB vasitəçilikdən imtina edəndə Nuland sonradan təəssüflənəcəyi ifadəni işlətdi və tövsiyə etdi ki, avropalılar bir kənara qoyulsun və iş BMT-yə tapşırılsın.

Nuland o zaman demişdi: “Düşünürəm ki, bütün bunları möhkəmlətmək sağlam iş olardı. Həm də bilirsən, s…san Avropa Birliyinin içinə”.

Almaniya kansleri Angerla Merkel Nulandın telefondakı ifadəsini “qətiyyən yolverilməz” adlandırdı, Dövlət Departamenti isə bildirdi ki, Nuland öz sözlərinə görə AB-dən əsas tərəfdaşlar qarşısında üzr istəyib.

Əksəriyyət ehtimal edir ki, informasiya sızmasını Rusiyanın kəşfiyyat xidmətləri təşkil ediblər ki, AB ilə ABŞ arasına nifaq düşsün. Lakin bu strategiya hələlik nəticə vermir. çünki ABŞ və AB lap səbatsız olsa da, sanksiya məsələsi üzrə birliyi qoruyub saxlayır…

“Foreign Policy” (ABŞ)

Con Hadson