XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 04:50

“Azərbaycan Avropa Şurasından çıxmayacaq”

“Azərbaycan Avropa Şurasından çıxmayacaq”

Qabil Hüseynli: “Avropa siyasətçilərinin böyük qismi Azərbaycanla əməkdaşlıqda maraqlıdır…”

Azərbaycan hakimiyyəti Avropa Şurasından çıxmaq məsələsini gündəmə gətirib. İyunun 23-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qəbul edilmiş “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı qətnamə rəsmi Bakının sərt etirazına səbəb olub.

Bu barədə Azərbaycan XİN-in bəyanatında AŞ-nin Azərbaycana qarşı qərəzli münasibət bəslədiyi qeyd olunur. Həmçinin Bakının qurumdan çıxa biləcəyi qeyd olunur. Sitat: “Azərbaycan XİN hesab edir ki, qərəzli münasibət və ikili standartların nümayişi Bakını Avropa Şurasında və onun Parlament Assambleyasında iştirakın nə dərəcədə vacib olub-olmaması haqda düşünməyə sövq edir”.
Oxşar açıqlama Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdan gəlib. O, özünün Twitter səhifəsində AŞPA-nın beynəlxalq hüquqa məhəl qoymadığını yazıb:”Təəssüflər olsun ki, Avropada bu siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər. Avropa Şurasının belə mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur”.
Qeyd edək ki, AŞPA-nın 140 nəfər lehinə, 13 nəfər əleyhinə olmaqla qəbul edilən “Azərbaycanda demokratik institutların fəaliyyəti” ilə bağlı qətnaməsində Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşdiyi, son bir ildə ölkədə repressiyaların gücləndiyi, tənqidçi jurnalist və bloqqerlərin, hüquq müdafiəçilərinin həbs olunduğu, vətəndaş cəmiyyətinə qarşı hücumlar, söz və ifadə azadlığının məhdudlaşdırıldığı, məhkəmələrin müstəqil olmadığı və sair məsələlər yer alır.
Ancaq buna qədər də Azərbaycan hakimiyyəti ilə Avropa institutları arasında münasibətlər yaxşı deyildi. Uzun müddət Avropa qurumları ilə “dil tapan” Bakının son zamanlar AŞPA və Avropa Parlamentində ard-arda qəbul olunan qətnamələrə reaksiyası kəskindir.
İndi isə hökumət açıq şəkildə bu qurumdan çıxa biləcəyinə işarə edir. Azərbaycanın Avropa Şurasından çıxması mümkündürmü? Bu halda Azərbaycana hansı təsirlər ola bilər?
Politoloq Qabil Hüseynli hakimiyyətin Avropa Şurasından çıxacağına inanmır. Onun sözlərinə görə, bu, sadəcə, qorxutma xarakterli bəyanatlardır: “Bu cür bəyanatlar Avropa Şurasını bir qədər qorxutmaq xarakteri daşıyır. Azərbaycana qarşı ədalətsizliklərin baş verməsinə baxmayaraq, Azərbaycan bu birliyi tərk etməyəcək. Azərbaycan bütün beynəlxalq öhdəliklərinə sadiqdir. Bu öhdəliklərdən doğan vəzifələri vicdanla yerinə yetirir, ancaq müəyyən hədsiz siyasiləşmiş qruplar və lobbiçilik fəaliyyəti ilə məşğul olan dairələr Azərbaycana qarşı münasibətdə qeyri-obyektivliyə yol verir, Azərbaycanın beynəlxalq qurumlarla münasibətlərini pisləşdirməyə çalışırlar. Amma Azərbaycan bu fitnələrə uyan deyil və qərbyönlü siyasi xətt bundan sonra da davam etdiriləcək”.
Q.Hüseynli deyir ki, Avropa siyasətçilərinin böyük qismi Azərbaycanla əməkdaşlıqda maraqlıdır: “Avropa Şurası Azərbaycana qarşı münasibətdə ifrata varır. Onların hərəkətlərində şantaj elementləri də var. Avropa Şurasının böyük əksəriyyəti Avropanın mühüm enerji mənbəyi və dəhlizi olan Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsinin tərəfdarıdır. Uğurla başa çatmış Avropa Oyunlarını yüksək səviyyədə təşkil edən Azərbaycan bunu öz işi ilə bir daha təsdiq etdi”.