AMİP-çilər aksiyada iştirak edəcəklər
“Hər bir Azərbaycan vətəndaşının müvafiq icra orqanlarını xəbərdar etməklə kütləvi aksiyalar, mitinq və küçə yürüşləri keçirmək hüququ var. Konstitusyamızın bu tələbinin yerinə yetirilməsinə qadağa qoyula bilməz. Azərbaycan iqtidarı da vətəndaşların hüquq və azadlıqlarının qorunmasına birbaşa məsuliyyət daşıyır. Əgər hakimiyyət insanların küçələrə çıxıb etiraz etməsini istəmirsə, bu etirazı doğuracaq səbəbləri aradan qaldırmalıdır”.
Strateq.az xəbər verir ki, bu fikirləri Milli Şuranın 15 martda keçirəcəyi mitinqə AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov münasibət bildirərkən səsləndirib.
Əli Orucov Strateq.az-a açıqlamasında deyib ki, cəmiyyətdə narazılıqların artması sosial partlayış həddi yaradıb: “Baş alıb gedən qanunsuzluqlara və özbaşınalıqlara, korrupsiyanın, rüşvətin tüğyan etməsinə, talançılıq və s. kimi problemlərə nə qədər dözmək olar? Təbii ki, əgər insanların səsini, şikayətini, narazılığını dinləmədikcə, o daha ucadan bağıracaq ki, kar qulaqlar eşitsin, duysun, tədbir görsün. Mən insanların küçələrə çıxmasının tərəfdarı deyiləm. Onunun da fəqrindəyəm ki, bütün problemlərdən, anlaşılmazlıqlar və böhranlı vəziyyətdən çıxmağın məqbul yolu danışıqlar masası ətrafında, divarlar arasında, dialoq mühitindədir. Regionda və dünyada gedən dinamiklik, demokratiləşmə prosesi, idərəolunan xaoslar, silahlı qarşıdurmalar, terrorçu birləşmələrin fəlaiyyəti, böyük dövlətlərin mübarizəsi kimi amillər bizi daha diqqətli və həssas olmağa məcbur edir. Xüsusən də müharibə vəziyyətində və təzyiq altında olan bir dövlət kimi iç problemlərimizi sivil qaydada həll etmək zərurəti yaradır. Ancaq təəssüflər olsun ki, Azərbaycan iqtidarı sanki bunları görməməzliyə vuraraq daxili gərginliyin daha da artmasına və cəmiyyəti radikallaşmaya doğru aparır”.
Partiya yetkilisi martın 15-də Milli Şuranın keçirəcəyi aksiyada iştirak edəcəyini də deyib: “Doğrudur, AMİP partiya kimi bu aksiyada iştirak etməsə də, üzvlərinə sərbəstlik imkanı verib. Mən də bu imkandan yararlanacam”.