XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

12 İyul 2016 - 12:20

Millət vəkili:“İranla münasibətlərə yenidən baxmaq lazımdır”

ferec-1

İranla Ermənistan arasında viza rejiminin ləğvinə dair razılaşma qüvvəyə minib. Məlumata görə, bu razılaşma Tehranda Nazirlər Kabinetinin iclasında təsdiqlənib.

İclasa isə İran Prezidenti Həsən Ruhani sədrlik edib. Qeyd edək ki, iyunun 16-da İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan iki ölkə arasında viza rejiminin ləğvi barədə razılaşma imzalayıb.

Sənəd Ermənistan parlamenti tərəfindən təsdiq olunub. Sənədə əsasən, İran və Ermənistan vətəndaşları viza olmadan 180 gün ərzində 90 gün digər ölkənin ərazisində qala bilərlər.

Məsələylə bağlı münasibətini açıqlayan millət vəkili Fərəc Quliyev diqqətə çatdırıb ki, İran hər zaman öz maraqlarından çıxış edib və tarixən Şimali Azərbaycanın zəif düşməsində maraqlı olub:

"Bu, indi də belədir. Azərbaycanı bölən dövlət heç zaman Azərbaycanın güclənməsində maraqlı olmayacaq. Hər halda ölkəmiz bütün protokol qaydalarına əməl edərək, Tehranla xoş münasibət saxlamağa çalışır. Yazıqlar olsun ki, cənub qonşumuz fərqli davranır. Onlar həmişə ədalətin və ədalətlinin yanında olduqlarını bildirirlər, amma hər zaman olduğu kimi ədalətsiz mövqedən çıxış edirlər. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini bir dəfə olsun dillərinə gətirmirlər. Gedib Suriya və başqa ərazilərdə savaş aparırlar. Niyə Qarabağda döyüşmürlər? Qarabağda bütün əmlakımızı, yeraltı sərvətimizi daşıyıb aparıblar. Ermənistana pəncərə, nəfəslik veriblər. İran-Ermənistan arasındakı körpüdən bütün günü Ermənistana mal daşıyırlar. Özümüz şahidi olmuşuq ki, Ermənistan səngərlərindən İrana məxsus mallar – ərzaq, dərman, paltar, silah, elektrik cihazları və s. çıxırdı. İndi də durub İrəvana gedir. Bu yaxınlarda Ermənistan və İran prezidentlərinin görüşü baş tutdu. Biri-birinə tərif dedilər, qardaş olduqlarını dilə gətirdilər. Göründüyü qədər Tehran qərəzli şəkildə Azərbaycanın düşməninin yanında olmağı əsas götürüb. Dindən danışırlar, ancaq dinin özündə qəsb olunmuş ərazidə su ilə dəstəmaz almaq belə günahdır. Amma onlar Azərbaycan ərazilərini qəsb edən bir ölkə ilə xoş münasibət saxlayırlar".

Millət vəkili qeyd edib ki, İranla münasibətlərə yenidən baxmaq lazımdır: "Onlar ölkəmizə qarşı qərəzli mövqelərini dəyişməlidirlər. Dəyişməyəcəklərsə, düşmən olduqlarını bildirsinlər. Belə olmaz ki. Gedib düşmən cinahda görsənib, sonra Azərbaycanda yalan danışmaq olmaz. Hesab edirəm ki, İranın bu addımında təəccüblü heç nə yoxdur. Amma Azərbaycan ictimaiyyəti də Ermənistanın hərəkətlərini bilməlidir".

Ayyət Əhməd