ATƏT-in parlament assambleyasının yeni sədri seçildi. Eyni zamanda, ictimaiyyətdə avqust ayında Qarabağ münaqişəsinin gərginləşəcəyi ilə bağlı müzakirələr də aparılır.
Bu məsələlərlə bağlı açıqlamasında politoloq Ərəstun Oruclu danışıb.
Ə.Oruclu bildirib ki, ATƏT-də baş verən dəyişikliyin münaqişəyə təsiri olmayacaq:
“ATƏT-in baş katibinin dəyişdirilməsi sadəcə olaraq, adi prosedurdur. Yəni, bu post keçici postdur. Qarabağ münaqişəsinin bu yay daha da gərginləşməsinə gəlincə, hesab edirəm ki, bu olmayacaq. Əvvəla avqust ayı siyasi baxımdan passiv aydır. Eyni zamanda bu gün dünyada bir çox qaynar nöqtələr mövcuddur. Onların ətrafında ciddi siyasi və diplomatik gəlişmələr var. Yəqin ki, bu il söylənilən məsələlərlə bağlı fəal keçəcək. Ancaq Dağlıq Qarabağ münaqişəsinin indiki mərhələdə diqqət çəkən olduğunu düşünmürəm. Hesab edirəm ki, bu istiqamət üzrə aktivlik daha çox payız aylarında başlaya bilər. Əsasən də Azərbaycanda parlament seçkiləri keçirildikdən sonra Qarabağ münaqişəsində aktivlik gözlənilir. Hələ ki, Ermənistanda durum gərgindir. Ona görə də onlar da gözləmə mövqeyindədirlər”(Hafta.az).
Qeyd edək ki, ATƏT-in yeni baş katibi Robert Montella (İtaliya) olub. O, ATƏT PA-nın bu günlərdə Helsinkidə keçirilən illik sessiyasının iclası zamanı seçilib.
Montella rəsmi olaraq öz vəzifəsinin icrasına 2016-cı ilin yanvar ayının 1-də başlayacaq.