AMİP sədri Yusif Bağırzadə Hafta.az-a müsahibəsində İctimai Palata ilə bağlı verdiyi təklifdən və digər bu kimi məsələlərdən danışıb.
Müsahibəni təqdim edirik:
– İctimai Palatanın bərpasını təklif etmisiniz. Bu təklifiniz qəbul edilərsə, İctimai Palatanın fəaliyyət planı necə olacaq?
– İctimai Palatanın bərpası dedikdə mən əvvəlki formatı nəzərdə tutmamışam. Hesab edirəm ki, İctimai Palata bərpa edilməlidir. Burada isə ölkənin ictimai şəxsləri cəmlənməlidir. Təkcə partiya sədrləri ilə kifayətlənmək olmaz. Manatın devalivasiyası, Azadlıq prospektində olan yanğın və digər bu kimi məsələlər göstərdi ki, ölkədə bəzi məmur özbaşınalıqları var. Hesab edirəm ki, İctimai Palata yaradıldıqdan sonra orada ölkənin ictimai siyasi xadimləri təmsil olunarsa, bu kimi hallar ictimailəşdirilərək aradan qaldırıla bilər. Qısası bu İctimai Palata dövlət səviyyəsində bir qurum olmalıdır.
– Növbəti iqtidar-müxalifət görüşü barədə sizə hansısa məlumat verilib?
– Hələ ki, bir xəbər yoxdur. Dördüncü iqtidar–müxalifət görüşünün mövzusu hesab edirəm ki, parlament seçkiləri olacaq. Biz də görüş olduğu təqdirdə bu barədə fikirlərimizi bildirməyi düşünürük.
– Parlament seçkilərinə necə hazırlaşırsınız?
– Bizdə seçkilərlə əlaqədar daimi ştat fəaliyyət göstərir. Yəni bildiyiniz kimi biz 2013-cü ildə prezident seçkilərinə qatılmadıq. Məqsədimiz isə parlament seçkilərində daha güclü formada iştirak etmək idi. Bu baxımdan parlament seçkilərində bütün gücümüzlə iştirak edəcəyik. özüm şəxsən partiya sədri kimi dairələri gəzirəm. Real gücümüzü müəyyənləşdiririk. 2010-cu ilin parlament seçkilərində hakim partiyadan sonra ən çox namizədlə iştirakı bizim partiya etmişdi. Bu il də biz ən güclü namizədə dəstək kampaniyası keçirəcəyik. Başqa siyasi təşkilatlarla da əməkdaşlıq edib, onlara dəstək vermək fikrimiz var. Hazırda bununla bağlı monitorinq keçirmək istəyirik. Ola bilər ki, parlament seçkilərinə blok şəklində gedək.
– Hansı partiyalarla əməkdaşlıq etməyi düşünürsünüz?
– Hələ ki, bu məsələ bizdə açıqdır. Yəni müzakirələr aparılır. Bu baxımdan konkret hansı siyasi təşkilatla əməkdaşlıq edəcəyimizi söyləyə bilmərəm.