“Milli Şuranın aksiyası artıq bir neçə gün öncədən başlayıb. Bu aksiyanı edən saxta profillərdir”.
Bu fikri Hafta.az-a açıqlamasında millət vəkili Zahid Oruc söyləyib. O bildirib ki, hazırda Milli Şura adlanan qurum sanki bir topdan atəş açaraq özünü “rota” kimi göstərməyə çalışır:
“Onlar saxta profillərlə mənzərə yaratmağa vərdişkardırlar. Milli Şura saxta profillərlə mitinq keçirəcək. ümumiyyətlə, bu qurumun dırnaqarası fəaliyyəti sosial şəbəkədəki saxta profillərdən ibarətdir. Təəssüf ki, saxta profilləri tutub mitinqə gətirə bilmirlər. Əli Kərimlinin 100 saxta profili ola bilər, ancaq meydana o tək gəlir. Buna görə də 15 mart aksiyasının doğrusu hansı formada keçiriləcəyi, ora kimlərin gələcəyi və səslənən şüarlar cəmiyyətin marağında deyil. Gördüyünüz kimi, insanlar öz taleylərini bu qüvvələrdən gözləmirlər. Bəli, bu həqiqətdir ki, manatın dollara nisbətdə kursunun 33.5 faiz aşağı salınması əhalinin müxtəlif təbəqələrinin maraqlarına müəyyən dərəcədə təsir göstərib”.
Millət vəkili bildirib ki, qiymətlər də dəyişiləcək:
“Lakin sonradan yenidən qərarlaşma gedəcək. Dünyanın hər yerində iqtisadiyyatda məşhur prinsiplər işləyir. Hesab edirəm ki, iqtisadi baxımdan hansı proseslər getsə də, qiyməti amansız şəkildə əhaliyə diqtə etmək mümkün olmayacaq. Beləliklə də süni qiymət artımı ilə məşğul olub kimlərinsə maraqlarına xidmət etmək istəyənlərin arzuları ürəklərində qalacaq. Hesab edirəm ki, Milli Şuranın əhalinin böyük bir hissəsini narahat edən mövzunu seçməsindən asılı olmayaraq meydana 2-3 mindən çox adam çıxmayacaq. İnsanlarımız hazırkı şəraitdə beynəlxalq prosesləri müəyyən bir səviyyədə təhlil edib dərk edirlər ki, əsas qərarlar yenə hakimiyyətin lideri tərəfindən veriləcək. Əminəm ki, bu cür aksiyalarla deyil, hökumətin iqtisadi qərarları ilə əhalinin maraqlarını bundan sonrakı dövrdə də qorumaq mümkün olacaq”.
Z.Oruc çıxış yollarını da təklif edib:
“Bu isə bir sıra məhsulların gömrük rüsumundakı qiymətlərini dəyişməkdən ibarətdir. Bəzi vergi dərəcələrinə də baxılmalıdır. Həmçinin, bank sistemində manat və dollarla əmanət saxlayanlara fərqli siyasət yürütmək lazımdır. Bu da artıq manat üçün başlanılıb. Dollarla kredit götürən vətəndaşlar üçün də fərqli qərar verilməlidir”.