XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2015 - 07:46

Parlament partiyaları Siyavuş Novruzova cavab verdi

Siyavuş Novruzovun fikirlərinə parlament partiyalarından cavab gəldi

YAP 125 dairədən də namizəd irəli sürəcək; deputat mandatı olan siyasi qurumlar narahatdırmı?

Fazil Mustafa: “Bu siyasi bir güc göstəricisidir”
Fəzail Ağamalı: “Başqa cür şərh vermək siyasi etikadan kənar olardı”
Fərəc Quliyev: “Nə qədər namizədin verilməsi əsas deyil”
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov son açıqlamalarının birində hakim partiyanın parlament seçkilərində bütün dairələrdən namizəd irəli sürəcəyini açıqlayıb. YAP rəsmisinin fikirləri ciddi narahatlıqla qarşılanıb. Xüsusilə, Milli Məclisdə təmsil olunan siyasi qurumlar tərəfindən.
Bu açıqlamadan görünür ki, hakimiyyət əvvəlki seçkilərdən fərqli olaraq, tərəfində olan bitərəf namizədlərdən daha çox öz üzvlərinə şans verəcək.
Hazırda parlamentdə təmsil olunan partiya rəhbərlərinin bununla bağlı mövqelərini aldıq.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bütün seçkilərdə hakim partiyanın 125 dairədən iddiaçı müəyyənləşdirdiyini bildirdi: “Hər dəfə YAP 125 dairə üzrə namizəd verir. Amma, bu o demək deyil ki, bütün namizədlər seçkini qazanacaq. Seçicilərin dəstəyini qazanan namizədlərin sayı bir o qədər də çox olmur. Biz də 100-dən yuxarı dairədən namizəd verəcəyik. Deyə bilmərik ki, bütün iddiaçılarımız qalib gələcək. Kimin qazanma şansı varsa, partiya o şəxslər üzərində ciddi işlər görür. Partiyanın borcu bütün dairələri əhatə etməkdir. Bu siyasi bir güc göstəricisidir. Amma bunlar qazanma mənasına gəlmir. Hesab edirəm ki, siyasi partiyaların bu seçkilərdə uğur qazanmaq şansları yenə də olacaq”.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı YAP rəsmisinin fikirlərinə hörmətlə yanaşdığını qeyd etdi: “Belə bir addımın problem yaradıb-yaratmayacağını deyə bilmərəm. Bu seçicilərin seçimindən asılıdır. Bunu ancaq təbii ki, seçicilər deyə bilər. Açığı Siyavuş Novruzovun dediyi sözlərin bu şəkildə təlimatının da tərəfdarı deyiləm. Hər bir partiya çalışır ki, bütün dairələrdən namizəd irəli sürsün, gücünü göstərsin. Tamamilə normal bir yanaşmadır. Yeni Azərbaycan Partiyasının buna imkanı var. Etiraf etmək lazımdır ki, bu partiyadan başqa, namizədləri 125 dairə üzrə seçilmək şansları olan digər bir partiya yoxdur. Bunu qəbul etməliyik. Əgər bizim partiyanın 125 dairə üzrə qələbə qazanacaq namizədləri olsaydı, məmnuniyyətlə irəli sürə bilərdik. Digər partiyaların heç birində belə bir imkan yoxdur. Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, şəbəkələşmiş, ətrafında kifayət qədər yüksək intellektli şəxsləri cəmləşdirən bir qurumdur. Qarşıdan gələn seçkilərdə 125 namizədlə iştirak edirsə, bu onların seçimidir. Mən şəxsən onlara uğurlar arzulayıram. Biz də öz namizədlərimizi verəcəyik. Seçkilərdə biz də aktiv iştirak edəcəyik. Avqustun sonlarına qədər neçə namizədlə gedəcəyimiz tamam aydınlaşacaq. Ola bilsin ki, rəqiblərimiz içərisində YAP namizədləri də olsun. Digər qurumların da iddiaçıları ola bilər. Bu normal bir haldır. Bu deputatlıq uğrunda gedən bir mübarizədir. Məncə, Siyavuş Novruzovun fikirlərinə hörmətlə yanaşmaq lazımdır. O, partiyanın fikrini ifadə edir. Onun fikirlərinə başqa cür şərh vermək siyasi etikadan kənar olardı”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hakim partiyanın bu qərarına normal yanaşdığını söylədi: “Bütün partiyalar dairələrdə yarışa hazır olmalıdırlar. Biz də imkanımız çatan qədər buna çalışırıq. Bizim məqsədimiz bu seçkilərdə başqa olacaq. Elə dairələr ola bilər ki, müxalifət düşərgəsinin yaxud bitərəf olan, Azərbaycanın milli maraqlarına xidmət edən namizəd olsun. Biz ona qarşı alternativ verməyəcəyik və həmin şəxsə dəstək olacağıq. Amma əks dairələrdən namizədlərimizi vermək niyyətindəyik. Bəzi partiyalarla söhbətlər etmişik. Həmin partiyalar 100-ə qədər iddiaçı irəli sürəcəklərini bildirdilər. Bunu normal hesab edirəm. Təki demokratik bir seçki olsun. Nə qədər namizədin verilməsi əsas deyil”.