Sərkisyan Rusiyaya arxayın olmasaydı, heç vaxt «canımı verərəm, Qarabağı vermərəm» bəyanatını səsləndirməzdi
Ermənistan prezidenti Serj Sərkisyan avqustun 10-da Moskvaya işgüzar səfərə gedəcək. Rusiya prezidenti Vladimir Putinin dəvətilə baş tutacaq səfər zamanı bir sıra aktual beynəlxalq və regional problemlər üzrə fikir mübadiləsi aparılacaq.
Bu səfər avqustun 8-də Vladimir Putinin Bakıya səfərindən dərhal sonra baş tutacaq. Xatırlatmaq yerinə düşər ki, Sərkisyan Yerevandakı etirazçılar qarşısında çıxış edərkən Qarabağ məsələsi haqda danışaraq, münaqişənin həllində birtərəfli güzəştlərin olmayacağını bəyan edib.
“Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Bu, istisnadır. Bir daha təkrar edirəm ki, istisnadır. Mən bütün şüurlu həyatımı bu problemə həsr etmişəm. Və öz xalqım üçün məqbul varianta nail olmaq üçün mən nəinki istənilən vəzifəni, öz canımı da qurban verməyə həmişə hazıram”, – deyə Sərkisyan bildirib.
Sərkisyanın dedikləri Qarabağla bağlı məsələlərdə tıxac rolunu oynayır. Çünki onun məhz Putinin dəvətilə Moskvaya səfər etməsi Qarabağ probleminin həllində Rusiyanın üzdə sərgilədiyi siyasətlə üst-üstə düşmür. Bir daha aydın olur ki, Rusiyanın Qarabağ problemilə bağlı açıqlamaları sözdən başqa bir şey deyil. Çünki Sərkisyanın “canımı verərəm, Qarabağı vermərəm” iddiası və münaqişənin həllilə bağlı Rusiyanın verdiyi açıqlamalar bir-birinə tamamilə ziddir. O zaman, Sərkisyanın Moskva səfərində Azərbaycanla, konkret olaraq Qarabağla bağlı hansısa məsələlər müzakirə oluna bilərmi?
Politoloq Rahim Hacıyev deyir ki, bu tipli görüşlərdə Qarabağ problemi Azərbaycan və Ermənistan rəhbərliyilə adətən, müzakirə predmeti olan məsələlərdən biri olur. Budəfəki səfərdə də başlıca müzakirə mövzusu çox güman ki, Ermənistandakı siyasi böhran olacaq: “Nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistandakı vəziyyətə çox ciddi təsiri var. Ölkədəki vəziyyəti sabitləşdirmək üçün Sarkisyanın Rusiyanın dəstəyinə ehtiyacı böyükdür. Qarabağ məsələsinə gəlincə isə, Sərkisyan Rusiyaya arxayın olmasaydı, heç vaxt belə bəyanat verməzdi. Bu bəyanatın ortaya çıxmasının başlıca səbəbi Ermənistanda yaranmış siyasi böhrandır. Sarkisyanın bu bəyanatı əslində, özünün piarına xidmət edən məsələdir. Bir daha vurğulamaq lazımdır ki, Sərkisyan bu regionda Rusiyanın təsir imkanlarının qaldığını yaxşı bilir. Putin rejimi o vaxta qədər də Qarabağ probleminin həll olunmamış vəziyyətdə qalmasını təmin edəcək”.