Müxalifəti konstitusiya dəyişikliyinin də birləşdirə bilməməsinin səbəbləri; Əli Əliyev: “Müxalifət qüvvələri bu prosesdə də özəl brend maraqlarına oynamaqda israrlı görünürlər”
26 sentyabrda keçiriləcək referendumla bağlı təşviqat qruplarının yaradılması üçün Seçki Məcəlləsinin tələbinə uyğun olaraq müəyyən edilən vaxt avqustun 3-də başa çatıb. İki partiya istisna olmaqla, ölkədə qeydiyyatda olan 55 partiyadan heç biri təşviqat qrupu yaratmadı. Hakim Yeni Azərbaycan Partiyası “Yeni Azərbaycan” təşviqat qrupu, Müsavat Partiyası isə “Respublika” təşviqat qrupunu rəsmən yaratdılar. Təşviqat qruplarının qeydə alınması üçün hər təşviqat qrupu üçün ölkə ərazisində 40 min imza toplanmalı və Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.
Əldə etdiyimiz məlumata görə, Müsavat Partiyasının başqanı “Respublika” təşviqat qrupunun yarandığı elan edilməmişdən öncə AXCP sədri Əli Kərimli ilə görüşüb. Arif Hacılı Əli Kərimliyə Müsavatla AXCP-nin birgə təşviqat qrupu yaratmasını təklif edib. Əli Kərimli birgə təşviqat qrupunun yaradılmasına razı olduğunu deyərək bəzi ilkin şərtlər irəli sürüb. Görüşdən iki gün sonra Əli Kərimlinin Arif Hacılı ilə ilkin razılaşmaya əməl etmədiyi məlum olub. Müsavat başqanına birgə təşviqat qrupu yaratmağın mümkün olmadığı ismarışı göndərilib. Deyilənə görə, Əli Kərimli Arif Hacılının təklifini Milli Şura rəhbərliyi ilə müzakirə edib. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli qəti şəkildə qarşı çıxıb. Bundan sonra məsələyə nöqtə qoyulub.
Müsavat başqanı Arif Hacılının dünən “Amerikanın Səsi”nə müsahibəsində verdiyi açıqlamadan da bəlli olur ki, o, təşviqat qrupu yaratmaq, birlik istiqamətində partiya sədrləri ilə görüşüb, ancaq müsbət nəticə əldə olunmayıb: “Mən demək olar ki, bu dəyişiklikləri mürtəce dəyişikliklər hesab edən bütün siyasi təşkilatların rəhbərləri ilə görüşmüşəm. Müəyyən əməkdaşlıq elementləri var. Təəssüf ki, bütün qüvvələrin ümumi bir əməkdaşlıq mərkəzinin yaradılması mümkün olmadı. Ancaq hər halda, bu kontaktlar, hesab edirəm ki, müsbət nəticə verəcək. Biz çalışacağıq ki, birgə fəaliyyət göstərmək mümkün olmasa, ümumi fəaliyyətin koordinasiyasına nail olaq”.
Beləliklə, hətta referendum da müxalifət düşərgəsini birləşdirə bilmədi. Bəs bu vəziyyətin kökündə dayanan nədir? Müxalifət liderlərinin arasında barışmağa imkan verməyəcək dərəcədə qırılmış münasibətlər, birliyin, heç bir fəaliyyətin hakimiyyətin planına mane ola bilməməsi düşüncəsinin hakim kəsilməsimi?
VİP sədri Əli Əliyev hesab edir ki, referendumda da müxalifətin bir araya gələ bilməməsinin bir neçə səbəbi var: “Hansı səbəbin həlledici olduğunu söyləyə bilmərəm. Lakin acınacaqlı nəticə ortadadır. Bütün hallarda sonuc hakimiyyətin maraqlarına xidmət edir. Səbəblərin sırasında ilk növbədə müxalifət qüvvələri arasında illər uzunu formalaşmış etimadsızlıq mühitidir. Digər səbəb vəziyyətin real durumudur. Düşərgədə vəziyyətin dəyişməyəcəyi ovqatı hökm sürür. Bu baxımdan, lider və təşkilatlar ilk növbədə taktiki problemləri həll edirlər. Hamı ”mövsümi" çətinlikləri çözməyə çalışır. Fərqindədirlər ki, vəziyyətin kardinal dəyişməsinin makro səbəbləri mövcuddur. Özümüzü deyilənlərdən kənarda saxlamırıq, bunlar bizə də aiddir.
Əvvəla, referendumda ediləcək dəyişikliklər hakimiyyəti dinc dövrdə komandanın əlində saxlamaq üçün edilir. Burada siyasi həyata transformasiya etdirilən bioloji varislikdən söhbət gedir. Axı kim bilmir ki, iqtidarın bugünkü düşüncəsi ilə Azərbaycanda normal siyasi proses mümkün deyil? Ona görə də biz xalq olaraq siyasi kataklizmlərə hazırlaşmalıyıq. Kataklizmlər isə obyektiv proseslərdən yaranmalıdır. Bu, həm kürəsəl, həm də ölkədaxili dinamikaya bağlıdır. Məsələn, neftin qiyməti, demokratiya hərəkatı, böyük güclərin qarşıdurması, dünyanın yeni siyasi şəkilləndirilmə təşəbbüsləri, ABŞ-da prezident seçkiləri və s. Bu kimi potensiallı dəyişikliklərin Azərbaycana təsirindən ölkə “tərpənə” bilər. Belə dönəmdə referendumda nəzərdə tutulanlar əhəmiyyətli olmayacaq. Təbii ki, ölkədaxili proseslər də vacib olacaq".
Partiya sədri bildirdi ki, bu gün müxalifətin vəzifəsi cəmiyyətin və dünyanın susqunluğu şəraitində mümkün mübarizəni ortaya qoymaqdır. Ən mühüm 2 müttəfiqindən məhrum edilmiş müxalifət belə reallıqda çox böyük nəticə göstərə bilməz: “Cəmiyyət iqtidarın idarəçiliyindən narazı olsa da, hələlik etiraz etməyi düşünmür. Bəlkə də etimad göstərilməli qüvvə tanımır. Bu faktor da olmamış deyil. Beynəlxalq ictimaiyyət şübhəli şəkildə susur. Ona görə də müxalifət qüvvələri bu prosesdə də özəl brend maraqlarına oynamaqda israrlı görünürlər. Hər halda, bu günə olan görüntü belədir.
Amma birlik nümayişi vacibdir. Müxtəlif qəlpələr şəklində prosesə qoşulmaq qərarı çıxsa da, birgə, heç olmasa koordinasiyalı addımlar yerinə düşərdi. Belə acınacaqlı siyasi tablonun həmmüəllifləri bir neçədir. Onlardan ən birincisi əlbəttə ki, iqtidarın özü və yürütdüyü siyasətdir. Belə münasibətlər məhz hakimiyyət tərəfindən formalaşdırılıb. İllər uzunu ölkəni talamaq məqsədilə siyasi seqmentə qarşı formalaşdırılan kampaniya acı nəticələrini indi verir. Türkiyədə baş verən iyul hadisələrindən heç bir dövlət sığortalanmayıb. Ukraynada baş verənlər də nümunə xarakteri daşıya bilər. Elə dövlətçilik imtahanı məqamlarında siyasi institutların gücü zəruri hala gəlir. Dövləti ictimai şəkildə qorumaq zərurəti yarandıqda partiyaların gücsüzlüyü dövləti dağıda bilər. Təəssüf ki, bunu iqtidardakıların çoxu anlamır. Müxalifətin bugünkü durumuna sevinmək deyil, qüssələnmək daha düz olar".
Siyasi ekspert Natiq Miri isə suallarımıza cavabında dedi ki, birinci səbəb siyasi sistemin bütöv və mahiyyətinə uyğun fəaliyyət göstərə bilməməsidir. Çünki bütöv siyasi sistemlərdə elə bir özünüqoruma instinkti olur ki, hər hansı bir təhlükə, təhdid olan kimi siyasi sistemin bütün parçaları dərhal qeyri-iradi olaraq nüvə ətrafında birləşir: “Bizdə isə bu işləmədiyi üçün görsənir ki, hələ də Azərbaycanda siyasi partiyalar bir bütöv sistemin parçaları ola bilməyiblər.
Bu, həm də onunla əlaqəlidir ki, siyasi partiyalar öz fəaliyyətlərinə, fəaliyyət hədəflərinə şəxsi maraqlarını da qarışdırır və əsasən fəaliyyəti də öz korporativ maraqları üstündə qururlar. Belə vəziyyətdə də müxalif partiya liderlərinin təbii olaraq maraqları uzlaşmadığından birlik də baş tutmur və beləliklə də dövlət və milli mənafe asanlıqla gözardı edilir".
musavat.com