XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 August 2016 - 10:29

Ərdoğan-Putin görüşü:Ankaranın Qarabağ mesajı

Şahin 1

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə üç həmsədr dövlət məşğul olsa da, ATƏT-in Minsk Qrupunun Türkiyə ilə məsləhətləşmələri də hər zaman olmalıdır. Çünki indi daha çox məhz Türkiyənin mövqeyi önəmlidir.

Bu sözləri Axar.az-a açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ münaqişəsinin sülh prosesi ilə bağlı məsləhətləşmələrin aparılması üçün Türkiyəyə çağırışını şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi bildirib ki, ABŞ, Rusiya və Fransa münaqişənin həllini sürətləndirməlidir:

“Apreldə cəbhədə vəziyyət gərginləşəndən sonra belə bir gözlənti var idi ki, Ermənistana təsir göstəriləcək. Ancaq təəssüf ki, bu özünü doğrultmadı. Həmsədrlər türkiyəli rəsmilərlə görüşə bilərlər. Onsuz da Ankaranın mövqeyi məlumdur və Türkiyə birbaşa Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb edir. Bunun üçün həmsədrlərin Ankaraya səfərinə ehtiyac yoxdur”.

Türkiyə-Rusiya yaxınlaşmasına gəlincə isə politoloq bu prosesin obyektiv olaraq baş verdiyini deyib:

“Birincisi, ona görə ki, ABŞ Fətullah Güləni Türkiyəyə ekstradisiya etmir. Bu da Türkiyə-Amerika münasibətlərini soyudur. Üstəlik, Avropa Birliyi çevrilişə cəhdlə bağlı ikili yanaşma ortaya qoyur. Bu da Ankarada ciddi narazılıq doğurur və nəticədə Ankara-Moskva yaxınlaşması sürətlənir. Putin isə Türkiyənin Qərblə münasibətlərinin soyumasından məharətlə istifadə edir”.

Putin-Ərdoğan görüşünə toxunan E.Şahinoğlu Sankt-Peterburqda iki ölkə arasındakı bütün gərginliklərin aradan qalxacağını, əməkdaşlığın yüksələn xətlə inkişaf edəcəyini və bunun regiona müsbət təsirlərini qeyd edib:

“Türk axını” layihəsi, Rusiyanın Türkiyədə nüvə stansiyasının tikintisi məsələsi, vizaların yumşalması, turizmin inkişafı sahəsində ciddi fikir mübadiləsi aparılacaq. Ehtimal ki, Sankt-Peterburqda Ərdoğanla Putin Qarabağdan da danışacaqlar. Türkiyənin mesajı ondan ibarətdir ki, əgər Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları qeyd-şərtsiz boşaltsa, nəinki Azərbaycanla Ermənistan arasında kommunikasiya xətləri açılacaq, Türkiyə belə buna gedəcək. Bu, münaqişənin həllinə kompleks yanaşmadır”.

Politoloq Uorlikin Türkiyəyə səslənişi fonunda Qərb və Rusiya arasında münaqişənin həllində yeni rəqabət mühitinin formalaşmasına da aydınlıq gətirib:

“Qərb bilərəkdən Türkiyə ilə münasibətlərin soyumasına gedir. Əks istiqamətdə isə Türkiyə Rusiya ilə yaxınlaşır. Bu, Moskvanın da maraqlarına uyğundur. Bunlardan hansının Azərbaycana müsbət təsir edəcəyi sualına gəldikdə isə Bakı Türkiyənin nə Rusiya, nə də Amerika ilə münasibətlərinin gərgin olmasını istəməz. Çünki Türkiyə strateji müttəfiqimizdir, Rusiya və Amerika isə strateji tərəfdaşımızdır. Buna baxmayaraq, Türkiyə-Rusiya yaxınlaşmasının Cənubi Qafqaza müsbət təsiri ola bilər. Ancaq bu, heç də o demək deyil ki, yaxınlaşma avtomatik olaraq Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcək”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunu amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ sülh prosesi ilə bağlı məsləhətləşmələr aparılması üçün Ankaraya səfər etməyə hazır olduqlarını və konkret tarix üçün dəvət gözlədiklərini açıqlayıb.