XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

15 İyul 2015 - 04:15

Ərəstun Oruclu: “ŞƏT-in gələcəyi qaranlıq və şübhəlidir”

Ərəstun Oruclu: “ŞƏT-in gələcəyi qaranlıq və şübhəlidir”

“Siyasətdə sadə bir düstur var: məğlubun yanında olmaq heç zaman əlverişli deyil”

Rusiya Qərbə qarşı yaratdığı Şanxay Əməkdaşlıq Təşkilatını daha da genişləndirmək planları üzərində işləyir. Qurumun yaranma səbəblərindən danışan Rusiya rəsmiləri bildirir ki, Qərb bir çox münaqişələrin çözümünü üzərinə götürsə də buna nail ola bilmir, digər ölkələri də münaqişələrin çözümündən uzaqda saxlamağa çalışır.
Bu səbəbdən alternativ beynəlxalq problemləri çözəcək birliklərin yaranmasına ehtiyac var. Rusiya Azərbaycanın da qurumda təmsil olunmasına çağırış edib.
“Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu “Yeni Müsavat”a müsahibəsində bildirir ki, Azərbaycanın bu qurumda təmsilçiliyi xarici siyasətin kardinal dəyişməsi olardı:
– Məsələ burasındadır ki, hələlik Azərbaycan tərəfdən demək olar, heç kəs rəsmi şəkildə nə təsdiq, nə təkzib etməyib. Azərbaycanın həmin quruma üzvlük üçün müraciət etmək istəməsi barədə fikri Rusiya prezidenti Vladimir Putin səsləndirib. Ancaq düşünmürəm ki, Azərbaycan hakimiyyəti ora qoşulmaq fikrindədir. Təsəvvür edin ki, bu qurumda ən azı ikisinin birlikdə əhalisinin sayı 3 milyarda yaxın olan çin və Hindistan var. Bu ölkələrin hər birinin iqtisadiyyatı yetərincə nəzərəçarpacaq templərlə inkişaf edən iqtisadiyyatlardır və onlar dünya iqtisadiyyatına meydan oxuyacaq səviyyəyə yüksəlib. Azərbaycan bu qurumda nə edəcək, nəyə nail olmağa çalışacaq, həmin dövlətlərə nə təklif edə biləcək? Bütün bunlar çox ciddi suallardır.
– Bəs Rusiya nədən Azərbaycanın qurumda təmsilçiliyinin tərəfdarıdır? Bununla Rusiya təsir imkanı olan ölkələri daha bir rıçaqlamı özünə bağlamaq istəyir?
– Əslində Rusiya özü də bu məsələdə xeyli ehtiyatlıdır. Rusiya anlayır ki, onun çin və ya Hindistan iqtisadiyyatı qarşısında demək olar, heç bir şansı yoxdur. Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük həm də üzv ölkələr arasında müəyyən mənada açıq bazar siyasətinin gerçəkləşməsini nəzərdə tutur. Belə olan halda, bəllidir ki, Rusiya bazarı çox qısa bir zamanda həmin bu böyük iqtisadiyyatlar tərəfindən zəbt olunacaq, nəzarətə götürüləcək. Sözsüz ki, bu durumda Rusiyanın rəqabət imkanları da sıfıra bərabər olacaq. Görünür, Rusiya anlayır ki, bu, ciddi problemdir və başqa seçimi yoxdur. Bir növ “cəhənnəmə gedən özünə yoldaş axtarar” prinsipi ilə hərəkət edərək çalışır kiçik dövlətləri də o quruma sürükləsin.
– Qurumun özünün perspektivini necə görürsünüz?
– çox qaranlıq və şübhəli. Təbii, bu qurumu Avropa Birliyinə alternativ, Qərbin siyasəti qarşısında balanslaşdırıcı qurum kimi yaratmaq istəyirlər. Ancaq məsələ burasındadır ki, ora daxil olan və daxil olmaq istəyən dövlətlər arasında çox böyük siyasi ziddiyyətlər var. Məsələn, Hindistanla çin faktiki olaraq bir-birinə qarşıdır, Hindistanla Pakistan savaş durumunda olan ölkələrdir, digər tərəfdən, Rusiyanın təhlükəsizlik və hərbi doktrinasında Rusiyanın əsas rəqibi, ölkə üçün əsas təhlükə törədən dövlət olaraq çin göstərilir. Ona görə də bu qurumu gələcəyin güclü birliyi kimi təsəvvür etmək olduqca çətindir.
– Bu ölkələri birləşdirən ortaq nöqtə yalnız Qərbin siyasətinə qarşı olmalarıdırmı?
– Yəqin ki, əsas məsələ budur. Digər tərəfdən də güney-doğu Asiya bölgəsi dünyanın əsas iqtisadi potensialı olan regionlarından sayılır. Görünür, bu potensialdan daha səmərəli istifadə eləmək və onu yaxın gələcək üçün iqtisadi güc mərkəzinə çevirmək planları var. Düşünürəm ki, ŞƏT-in yaradılmasının əsas məqsədləri bunlardır.
– ötən həftə qurumun sammiti çərçivəsində keçirdiyi brifinqdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov dedi ki, ŞƏT Krım məsələsində Rusiyanın tərəfindədir və sonradan bu fikir yekun bəyannaməsində də yer aldı. Rusiya bu qurumu beynəlxalq siyasi müstəvidə özünün güclü dəstəyinə çevirə bilərmi?
– Təbii, Rusiya buna çalışacaq. Kremlin əsas məqsədlərindən biri də çin-Qərb qarşıdurması yaratmaq, bu prosesə müəyyən təkan, stimul verməkdir. Ancaq mən düşünmürəm ki, Rusiya ŞƏT vasitəsilə hansısa siyasi dividentlər əldə edə bilər. Bunun çox sadə səbəbi var. çin-Rusiya ticarət dövriyyəsini çin-Avropa Birliyi və çin-ABŞ iqtisadi dövriyyələri ilə müqayisə etsək, mənzərə tam aydın olacaq. Yanlış xatırlamıramsa, bu fərq haradasa 25-30 dəfə civarındadır. ölkələrin siyasi qərarlarının bir çox hallarda iqtisadi münasibətlərdən asılı olduğunu nəzərə alaraq deyə bilərik ki, bu qarşıdurmanı yaratmaq o qədər də asan məsələ deyil, hətta mümkünsüzə daha yaxındır.
– ABŞ dövlət katibinin müavini Viktoriya Nuland son çıxışlarından birində Rusiyanın yanında olan rejimlərin cəzalandırılacağı ilə bağlı açıq mesaj verib. Əgər Azərbaycanın xarici siyasətində Şanxay Əməkdaşlıq Təşkilatına yaxınlaşmaq meylləri hiss edilsə, rəsmi Bakı nələrlə üz-üzə qala bilər?
– Baxır hansı mənada. Əgər söhbət siyasi mənada Rusiyanın yanında olmaqdan gedirsə, təbii, Bakı müəyyən basqılarla üzləşə bilər. Xüsusən nəzərə alsaq ki, bu dövlətlərin bir çoxunda siyasi rejimlər Rusiya modeli üzrə qurulmuş rejimlərdir, üstəlik də daim Qərbə qarşı aqressiv, neqativ mövqe tutan rejimlərdir, təbii, hansısa məqamda Qərb də buna adekvat reaksiya verəcək. Görünür, Viktroya Nuland da bunu nəzərdə tutur.
Əgər Qərb Rusiya iqtisadiyyatını blokadada saxlamaqda davam etsə, neftin qiyməti düşsə və Rusiyanın iqtisadi ekspertlərinin proqnozlarında olduğu kimi, 1 il sonra ölkədə iqtisadi böhran başlasa, bu artıq ən böyük cəza olacaq. Siyasətdə sadə bir qanun, düstur var – məğlubun yanında olmaq heç zaman əlverişli deyil. Bu gün Rusiya bir çox məsələlərdə olduğu kimi, Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük məsələsində də siyasi dividentlər əldə etməyə çalışır, sağa-sola vurnuxur, aqressiv addımlar atır.
Yaxşı olardı, Azərbaycan tərəf Rusiya ordusunun Bakı-Supsa neft kəmərinin bir hissəsini ələ keçirməsi məsələsini gündəmə gətirsin. Qərbi, ABŞ-ı tənqid etməklə yanaşı, Rusiyanın addımlarından da danışmaq gərəkdir. Bakının bu məsələlərlə bağlı susqunluğu isə Rusiyanın iradəsinə tabe olmaq, onun yanında yer almaq deməkdir.
Ancaq Rusiyanın özünün perspektivi bəlli deyil. Bir çoxları gözləyir ki, Rusiya sabah dağılacaq. Ancaq belə deyil. Bu gün Rusiyaya qarşı tətbiq olunan sanksiyalar öz effektini Rusiya ekspertlərinin də etiraf etdiyinə görə, 1 ildən sonra verəcək. Əgər Rusiya böhran vəziyyətinə çatacaqsa, ölkə
də uzunmüddətli böhran gözlənilirsə, Rusiyaya söykənən rejimlərin aqibəti necə olacaq? Bu məsələni düşünmək lazımdı.