XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 August 2016 - 17:15

“Türkiyədə belə bir inam var ki, Gülənin arxasında Qərbin maraqlı dairələri dayanır” –Ekspert

elxan-sahinoglu-esas

"Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə avqustun 9-da Rusiyaya birgünlük səfər etdi. İki ölkənin prezidenti Sankt-Peterbuqda müxtəlif mövzuları müzakirə etdilər. Ən əsası o oldu ki, prezidentlər Rusiya ilə Türkiyə arasındakı münasibətləri əvvəlki inkişaf vəziyyətinə gətirməyə qərar verdilər. Bu o deməkdir ki, həm “türk axını” və Türkiyədə Akkuyu nüvə elektrik mərkəzinin tikintisi layihələri reallaşacaq, həm də iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının həcmi artırılacaq. Ərdoğan Sankt-Peterbuqrda keçmiş illərdəki hədəfini yenidən təkrarladı “Elə etməliyik ki, Türkiyə ilə Rusiya arasındakı iqtisadi və ticarət əməkdaşlığının həcmi 100 milyard dollara çatsın”".

Strateq.az xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə və Rusiyanı ortaq maraqlar da birləşdirir. Əlbəttə, ikitərəfli iqtisadi-ticarət mübadiləsinin, turizm və çarter reyslərinin bərpası, üstəgəl nəhəng layihələrin reallaşması aktual idi, ancaq iki dövləti bir-birinə yaxınlaşdıran başqa ciddi səbəb də var:

"Həm Rusiyanın (Ukrayna hadisələrinə görə), həm də Türkiyənin (Güləni qaytarmadığına və çevriliş cəhdini qətiyyətlə pisləmədiyinə görə) ABŞ və Avropa ilə münasibətləri soyuyub. Buna görə də Türkiyə və Rusiya strateji tərəfdaşa çevrilirlər.

Türkiyə NATO üzvlüyündən çıxmayacaq, ancaq Rusiya ilə ən sıx əlaqəsi olan NATO ölkəsinə çevriləcək. Ankara NATO çərçivəsində əməkdaşlıqdan narazıdır. Türkiyə NATO ölkələri ilə birgə hərbi istehsalı gücləndirə bilmir. Çünki, NATO ölkələri müasir hərbi texnologilayaları Türkiyəyə vermirlər. Ona görə də Türkiyə NATO xaricindəki dövlətlərlə hərbi əməkdaşlıq strategiyasını reallaşdırmağa çalışır. Bu mənada Türkiyə Rusiya ilə birgə hərbi istehsala maraq göstərir. Ərdoğan Putinlə görüşdə belə bir cümlə işlətdi: “FETÖ (Fətullahçı Terror Təşkilatı) Türkiyə ilə Rusiyanın arasını pozmaq istəyirdi”. Bununla Ərdoğan, əslində, Qərbin Türkiyə-Rusiya əməkdaşlığında maraqlı olmadığına işarə vurdu. Çünki, Türkiyədə belə bir inam var ki, Fətullah Gülənin arxasında Qərbin maraqlı dairələri dayanır".

Ekspertin sözlərinə görə, Rusiya-Türkiyə yaxınlaşmasına baxmayaraq, iki ölkə arasında problemli mövzu qalır:

"Bu Suriya məsələsidir. Moskva Suriya prezidenti Bəşər Əsədə dəstək verir, Ankara isə Suriyada Əsədin prezidentliyi dövründə sülhün mümkün olmayacağına inanır. Buna baxmayaraq, Ankara əvvəlki illərdə olduğu kimi, Suriya mövzusuna görə Kremllə dərin fikir ayrılığı yaşamaq istəmir. Təsadüfi deyil ki, Rəcəb Təyyub Ərdoğan keçmiş aylarda olduğu kimi, Rusiyanı Suriyaya müdaxilə etməkdə, diktator Əsədə dəstək verməkdə ittiham etmir. Tam əksinə, Ərdoğan Sankt-Peterburqa yollanmadan bir gün öncə İTAR-TASS agenliyinə müsahibəsində dedi ki, Rusiyanı Suriyada əsas oyunçulardan biri sayır. Halbuki, əvvəlki aylarda Ərdoğan “Rusiyanın Suriyada nə işi var” sualını səsləndirirdi. Ərdoğanın ritorikası dəyişir. Suriya məsələsində türkiyəli və rusiyalı hərbçilər və diplomatlar təmasları genişləndirəcəklər, ortaq komissiya quracaqları gündəmdədir. Əsas vəzifə Suriyada DAİŞ terror qruplaşmasını neytrallaşdırmaqdır. Bu məsələdə Ankara Kremlin mövqeyi ilə razıdır".

Ekspertin sözlərinə görə, Ərdoğan Putinlə görüşdə “Türkiyə-Rusiya-Azərbaycan formatı yaradılsın”, – yeni təklifini də səsləndirib ki, bu da Türkiyənin regional əməkdaşlıqda üçtərəfli formatlara üstünlük verdiyini təsdiqləyir:

"Məsələn, buna oxşar başqa formatlar var: Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə-Azərbaycan-Türkmənistan. Ərdoğan təklif etdiyi formata İranın da iştirakını mümkün sayır. Bu o deməkdir ki, Ankara Kremllə yanaşı Tehranla da münasibətləri inkişaf etdirmək istəyir. Ərdoğanın Sankt-Peterburqdan sonra Tehrana da səfər edəcəyi istisna deyil. Ərdoğanın hazırki şərtlər daxilində yaxın müddətdə nə ABŞ-a, nə də Avropa Birliyinin aparıcı dövlətlərinə səfəri mümkündür.

Rusiyanın məşhur siyasətçisi, liberal-demokrat Vladimir Jirinovski bölgədə güclü Rusiya-Türkiyə-İran-İraq birliyi formalaşdıracağı proqnozunu verib. Bu təklif reallıqdan elə də uzaq deyil. Avropa Birliyi 53 ildir Türkiyəni üzvlüyə qəbul etmir, illərin strateji müttəfiqi ABŞ Türkiyənin terrorçu adlandırdığı şəxsi müttəfiqinə ekstradisiya etmək istəmir. Belə olan halda da Türkiyə üzünü yaxın ətrafına çevirir".

Strateq.az