XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

13 Avqust 2016 - 14:50

Erkin Qədirli Natiq Cəfərlinin həbsindən danışdı:"Xanımına aid zinət əşyalarını aparıblar"

erkin-qedirli

REAL Hərəkatı İdarə Heyətinin üzvü Erkin Qədirli qurumun icra katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin avqustun 12-də həbsi ilə bağlı Azadlıq Radiosunun suallarını cavablandırıb.

 

– Erkin bəy, Natiq Cəfərli qanunsuz sahibkarlıq və vergidən yayınmada ittiham olunur. Bu ittihamlar əsaslıdırmı? Natiq Cəfərlinin sahibkarlıq fəaliyyəti var idimi?

– Bu, 2013-14-cü illərdə bir qrup fəala qarşı başlanmış cinayət işinin tərkib hissəsidir. Mən İntiqam Əliyev, Rəsul Cəfərov, Xədicə İsmayılı nəzərdə tuturam – onlara vergidən yayınma və qanunsuz sahibkarlıqla bağlı ittihamlar irəli sürülmüşdü. Həmin vaxt Natiq Cəfərli də istintaqa cəlb olunmuşdu. Ancaq sonra ona prokurorluq rəsmi akt verdi ki, Natiq Cəfərli ilə bağlı cinayət təqibi üçün əsasımız yoxdur. Sanki həmin vaxt iş bağlanmışdı. İndi yenidən bəhanə kimi istifadə edirlər.

– Sizcə, indi nə baş verir?

– Bu, həm referendumla bağlıdır, həm də REAL-ın böyüməsi, bölgələrdə təşkilatlanması, üzvlərinin sayının artması ilə. REAL referendumla bağlı təkliflərə qarşıdır və Natiq Cəfərlinin həbsi REAL-a siyasi təqibdir.

– Sədr İlqar Məmmədov neçə ildir həbsdədir, icra katibi saxlandı. Sizcə, REAL-da başqa həbslər də ola bilərmi?

– Mümkündür. "Ola bilməz" desək, doğru çıxmaz. Olacaqmı, bunu bilmirik.

– REAL Natiq Cəfərlinin həbsi ilə bağlı hər hansı müdafiə tədbirlərinə başlayıbmı?

– Vəkil öz statusunu bu gün rəsmiləşdirəcək. REAL İlqar Məmmədovla bağlı gördüyü işləri həm də Natiq Cəfərli üçün görəcək. Əlavə yükümüz artdı: həm mənəvi, həm təşkilati, həm də maddi. Ailəsinə yardım edəcəyik, ora-bura gedib gələcəyik.

– Natiq Cəfərli saxlanarkən evində axtarış aparılıbmı?

– Bəli, gecə 2-nin yarısına qədər evində axtarış olub. Yoldaşının şəxsi əşyalarını aparıblar. Natiqin kompüterini, evin sənədlərini, xanımına aid zinət əşyalarını aparıblar. Pul tapmayıblar.