Vaşinqton Demokrat partiyasının serverinə haker hücumlarında rus izlərinə rast gəlib. Bu haqda The Wall Street Journal qəzeti Federal Təhqiqat Bürosuna istinadla yazır.
ABŞ-ın güc strukturları hesab edir ki, Demokrat partiyasının serverinə haker hücum edilməsini, əldə edilən informasiyaların sonradan ifşaedici WikiLeaks saytında yerləşdirilməsini Rusiya gerçəkləşdirib. Qəzet iddia edir ki, Vaşinqton Moskva əleyhinə yeni sanksiyalar tətbiq etməyə çalışır.
Ortalığa çıxarılan sənədlərdən birində partiya aparatının ABŞ prezidentliyinə əsas namizəd, Clintonun bu partiyadan başlıca rəqibi olan Bernie Sandersin əleyhinə, faktiki olaraq Hilary Clintona lehinə işlədiyi məlum olurdu.
Ağ Evin Rusiya əleyhinə yeni məhdudiyyətlər tətbiq etməsi üçün Moskvanı rəsmən ittiham etməlidir və bundan ötrü kiberhücumun icraçılarını tapmalıdır. Hərçənd hələlik hər hansı rəsmi açıqlma olmayıb. Şübhəlilərin adları da açıqlanmayıb.
Amerikalı məmurlar ortaq məxrəcə gələ bimirlər
Rusiyanın «İzvestiya» qəzeti «məlumatlı qaynaqlara» istinadla yazır ki, amerikalı məmurlar bu məsələdə ortaq məxrəcə gələ bilmirlər, əlavə sanksiyaların tətbiq edilməsi üçünsə bu çox vacibdir.
Haker hücumu iyulun sonlarında baş vermişdi. Hillary Clintonun qərargahının təmsilçiləri partiya serverinin sındırılmasında Rusiyadan olan hakerləri ittiham etmişdilər. Və kiberhücumun arxasında duranların respublikaçı namizəd Donald Trumpa yardım etmək istədikləri demişdilər.
«İzvestiya» Trumpın Rusiyanın ünvanına xoş ifadələr işlətdiyini, bu ölkə əleyhinə sanksiyaların ləğvinə hazırlaşdığını, Krımın Rusiya tərkibinə keçməsini tanımaq və prezident Vladimir Putinlə daha effektiv əlaqə yaratmaq tərəfdarı olduğunu yazır.
«Görünən odur ki, Trumpın Rusiyayönümlü ritorikası sirli və qüdrətli rus hakerləri barədə versiya üçün əsas olub», – qəzet güman edir.
Kreml təkzib edir,"sübut yoxdur" deyir
Kreml Demokrat Patiyasının elektron ünvanının sındırılması haqda ehtimalları təkzib edib. Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov bildirib ki, Rusiyanın ABŞ-da partiya serverinə haker hücumu ilə bağlı Ağ Evin əlində heç bir dəlil, sübut yoxdur.
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi John Kerry də bu mövzuya toxunublar. Amerikalı jurnalistlərdən birinin bu xəbərə münasibət bildirməsi xahişinə cavab olaraq Kerry zarafatla belə cavab verib: «Söyüş işlətmək istəməzdim».
(azadliq.org)