XƏBƏR LENTİ

28 May 2020

Digər Xəbərlər

18 Avqust 2016 - 18:23

İran şahının 40 illik sirri açıldı:İsrail İrana 1 milyard dollar təzminat ödəməlidir!

sah iran

İsveçrə Ali Məhkəməsi İsrailin apellyasiyasını rədd edib və İrana 1,1 milyard dollar təzminat ödəmə barədə qərar çıxarıb.

İnanılmaz görünən bu məhkəmə işi bir vaxtlar İsrailin İranla müştərək inşa etdiyi Eilat-Aşkelon boru kəmərinin qanunsuz milliləşdirilməsi ilə bağlıdır. Məhkəmə rəsmi Tehranın bu faktla bağlı tələbini qanuni sayaraq kompensasiya ödənməsini haqlı bilib.

Bundan əlavə, İsrail hüquqi xərclər üçün 461 min dollar, eləcə də yığılmış mənfəəti kompensasiya etməlidir ki, bu məbləğ hələlik hesablanmayıb.

1968-ci ildə İsrail və İran Milli Neft Şirkətinin (NIOC) bərabərhüquqlu iştirakı ilə inşa edilən Eilat-Aşkelon boru kəməri indi Aşkelon-Eylat (EAPC) şirkətinə məxsusdur. Bu nəql xətti altıgünlük müharibədən sonra tikilib və Misirin Süveyş kanalını bağlamasına alternativ kimi fəaliyyət göstərib. O zamanlar inşa edilən boru kəməri ilə bağlı şah İranı öz iştirakını hər vəchlə gizlədirdi. İsrail isə indiyə qədər qüvvədə olan hərbi senzura qaydalarına əsasən, şirkətin təsisçiləri haqqında məlumatı aşkarlığa çıxarmırdı. 1979-cu ilin İslam inqilabından və İranda rejim dəyişikliyindən sonra iki ölkə arasında münasibətlər xeyli pisləşdi və siyasi-iqtisadi, habelə hərbi tərəfdaşlıq yeni İran rəhbərliyinin təşəbbüsü ilə sona çatdı. Həmin dönəmdə rəsmi Tehrandan İsrailə qarşı hər hansı maliyyə iddiaları ortaya qoyulmurdu.

Eilat-Aşkelon boru kəməri ilə bağlı şirkətdə pay bölgüsü və gəlirlər (həmçinin 1978-1979-cu illərdə, yəni İran İslam İnqilabından əvvəl İranın bu nəql xətti ilə göndərdiyi 14.75 milyon ton neft) barədə üç iddiadan ilki 1994-cü ildə qaldırılıb. 2015-ci ildə məlum oldu ki, İsrail EAPC-ni milliləşdirib və faktiki olaraq İranı öz payından məhrum edib. O zaman şirkət rəhbəri Yossi Peled “Haaretz” nəşrinə bildirmişdi ki, “bu məlumatın gizli saxlanılması haqqında qərar 40 il əvvəl qəbul edilib və indi də qüvvədə qalır. Fikrimcə, hazırda sazişin bütün mətnini açıqlamaq olar. Lakin səhmdar mən deyiləm, İsrail dövlətidir”.

Hazırda EAPC ölkədə neft məhsullarının ən böyük təchizatçısıdır. Təxminən 2 il sonra ictimai əmlakın imtiyazlı istifadəsi başa çatır və şirkət özəlləşdirilə bilər. Buna qədər İsveçrə Ali Məhkəməsi İsrailin “Trans Asiya Oil” dövlət şirkətinin İranın “NIOC” neft şirkətinə 240 min dollar və məhkəmə xərclərini ödəmək üçün 190 min dollar təzminat ödəməsi barədə qərar qəbul edib. İsrail uzun müddət beynəlxalq arbitraj məhkəməsinin bu iddialarla bağlı səlahiyyətlərini tanımaqdan imtina edirdi. Lakin Fransa və İsveçrə məhkəmələri İranın iddialarının legitimliyini tanıyıb. İranın udduğu məhkəmələrlə əlaqədar İsrail Maliyyə Nazirliyinə təzminat ödəmə ehtimalına hələ 2015-ci ildə belə şərh verib: “Məsələnin məğzinə varmadan xatırladaq ki, ticarət qanunvericiliyinə uyğun olaraq [İsrailin] düşmənə vəsait köçürməsi qadağandır".

Qeyd edək ki, mübahisəli boru kəmərinin uzunluğu 254 km-dir. O, Qırmızı dəniz və Aralıq dənizindəki məntəqələri birləşdirir. Kəmər İsrail istiqamətində gündə 1,2 milyon barel və əks istiqamətdə gündə təxminən 400 min barel neft nəql edir.

Bir xatırlama da yerinə düşəndir: bu günlərdə İranın eks-prezidenti Mahmud Əhmədnejat ABŞ prezidenti Barak Obamaya məktub göndərib. Məktub aprelin 20-də ABŞ Ali Məhkəməsinin qəbul etdiyi qərarla bağlıdır. Qərara əsasən, İran 1983-cü ildə Livanda öldürülən 241 amerikalı vətəndaşın ailəsinə 2,65 milyard dollar dəyərində kompensasiya ödəməlidir. İddialara görə, kompensasiya Amerikanın “Citibank”ında saxlanılan İran Mərkəzi Bankına aid 1,75 milyard dollar hesabına ödəniləcək. M.Əhmədinejat təxminən 2 milyard dolarlıq vəsaitin İrana qaytarılmasını tələb edirdi.

 

M.Rzasoy

Strateq.az