Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluq orqanının vəsatətinə baxılıb.
Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda F. Əmirli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Faiq Əmirli Cinayət Məcəlləsinin 283.1 (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) və 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə təqsirləndirilir.
"Azadlıq" qəzetinin məlumatına görə, istintaq eyni zamanda Faiq Əmirlini "Hizmət" təşkilatının Azərbaycandakı imamı elan edib. Faiq Əmirli ona qarşı irəli sürülən ittihmları rədd edib və heç bir ifadə verməyib.