Rusiya Dumasının bir müddət əvvəl xarici QHT-lərlə bağlı qəbul etdiyi qanun öz “bəhrəsini” verməyə başlayır.
Strateq.az xəbər verir ki, qəbuluna prezident Vladimir Putinin də yaxından dəstək verdiyi bu qanuna əsasən, «arzuolunmaz» QHT-lərin Rusiya daxilində fəaliyyətinə və yerli təşkilatların bu qurumlardan maliyyə almasına qadağa qoyulub. Hansı təşkilatın «arzuolunmaz» olduğunu müəyyən etmək səlahiyyəti isə Putinin göstərişinə əsasən Rusiya Prokurorluğuna verilib.
Qanunun qəbulundan dərhal sonra müstəqilliyi ilə tanınan 12 QHT-də araşdırmalar başlayıb. Araşdırmanın yekununda Ədliyyə Nazirliyi onlardan bir neçəsinə rəsmi xəbərdarlıq göndərib. Bu qurumların arasında «Memorial» hüquq-müdafiə mərkəzi, «Saxarov» mərkəzi və «İnsan haqları uğrunda» hərəkat da var idi.
Strateq.az BBC-yə istinadən xəbər verir ki, Ədliyyə Nazirliyindən xəbərdarlıq alan ABŞ-ın nəhəng «Makarturov» xeyriyyə fondu Rusiya ilə əməkdaşlığına son verərək ölkədən gedir. «Makarturov» Rusiyadakı müstəqil QHT-lərə böyük məbləğdə qrant verən fondlardan idi. Rusiyanın «Karnegi» Ekspert Mərkəzi, Müstəqil Sosioloji Araşdırmalar Mərkəzi, həmçinin Rusiya Jurnalistlər İttifaqı bu fonddan qrant alan təşkilatlardan olub. Məsələn, fond «Karnegi» mərkəzinə 2012-ci ildə 2,5 milyon dollar qrant ayırmışdı.
Fondun vitse-prezidenti Endi Solomon Rusiyadan getmə səbəbini məlum qanunun qəbulu ilə əlaqələndirib. Onun sözlərinə görə, Moskvadakı filialın qapadılmasından təəssüflənirlər. Amma başqa çıxış yolları da yoxdur: «Beynəlxalq xeyriyyə fondlarının Rusiyada səmərəli fəaliyyəti qeyri-mümkün olub. Yeni qanunun qəbulundan sonra Rusiyadakı vətəndaş cəmiyyətinə heç bir dəstək verə bilmirik».
1978-ci ildə ABŞ-da təsis edilən «Makarturov» xeyriyyə fondu Rusiyada 91-ci ildən fəliyyət göstərirdi. Fondun Rusiyada dəstək verdiyi sahələrdən biri də insan haqları idi. Görünür, qurumun «arzuolunmazlar siyahısına» salan səbəblərdən biri də məhz bu olub.