XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

31 Avqust 2016 - 14:00

“Nardaran işi”:DİN-in əməliyyatçısının ifadəsi dinlənilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə əməliyyatçı, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Ceyhun İmamverdiyev ifadə verib. O bildirib ki, əməliyyat xüsusi məlumat əsasında planlaşdırılıb: "Səhər müşavirə keçirdik. Məlumat daxil oldu ki, Taleh Bağırovun silahlı dəstə yaradıb. Saat 1-də Nardaranda həmin ünvana getdik. Həyətə düşəndə bizə qumbara atdılar. Mənə güllə dəydi. Əynimdə zirehli gödəkçə olduğundan güllə gödəkçəyə dəydi. Zakir Mustafayev və Fərhad Babayev əllərində qumbara hasardan qaçdılar. Zakirin əlində xəncər də var idi. Mən Etibar İsmayılovu zərərsizləşdirdim. Etibar İsmayılovun da əlində xəncər var idi".

Təqsirləndirilən Etibar İsmayılov isə hadisə Zamanı C.İmamverdiyevi görmədiyini və tanımadığını bildirib.

Prosesdə fasilə elan olunub.

Qeyd edək ki, T. Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.