“Prezident islahatların keçirilməsinə razılıq verib. Bununla bağlı artıq ”Yol xəritəsi" hazırlanır. Bu xəritə hansı səviyyədədir, bu başqa məsələdir. Bu “Yol xəritəsi” hazırlanarkən məlum olub ki, hakimiyyət daxilində bir qrup bunun əleyhinə çıxır. Başqa bir qrup isə islahatları dəstəkləyir”.
Strateq.az bildirir ki, bu sözləri musavat.com-a açıqlamasında Milli Şuranın üzvü, “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev Avropa Parlamentində Azərbaycanla bağlı keçirilmiş dinləmələri şərh edərkən deyib.
Onun sözlərinə görə, indi sanki proses müəyyən dərəcədə ləngiyir. Beynəlxalq institutlar Azərbaycana heç bir vəsait ayırmır: “Hökumətdə islahatlara vahid münasibət yoxdur. Bu da Qərbi narahat edir. Avropa Parlamentinin Azərbaycanla bağlı müzakirələri Azərbaycan hakimiyyətinə bir mesaj olacaq ki, islahatları keçirin, əks halda, daha sərt addımlar atacağıq. İslahatlar keçirilməsə, münasibətlər gərginləşəcək. Çox kritik vəziyyətdəyik. Qərbin dəstəyi olmasa, vəziyyət inqilabi duruma gəlib çıxacaq. Dinləmələr islahatlara təkan vermək məqsədi daşıyır".