XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

05 Sentyabr 2016 - 19:29

Özbəkistanın məşhur müxalifət lideri:“İqtidara gəlməyə hazırıq, seçkiyə qatılacağıq”

Minolta DSC

Özbəkistan müxalifətinin indi mühacirətdə yaşayan lideri Muhammad Salih Azadlıq Radiosuna müsahibəsində ölkədə repressiv rejimin dəyişməsinə ümidlərdən söz açıb.

1991-ci ilin dekabrında Özbəkistan Ali Sovetinin deputatı, "Erk" ("Sərbəstlik") partiyasının yaradıcısı Muhammad Salih prezident seçkilərində İslam Kərimovun tək rəqibi olub. O, rəsmi məlumatlara görə, səslərin 12 faizini, daha öncə Özbəkistan radiosunun bildirdiyinə görəsə 33 faizini toplayıbmış.

Müstəqil müşahidəçilər səslərin əksər hissəsini Salihin topladığını bildirirdilər. Seçkilərdən sonra Muhammad Salihin tərəfdarları olan tələbələr küçələrə axışsalar da, gülləbaran edildilər, müxalif qəzetlər qapadıldı, müxalifət liderlərinə cinayət işləri açıldı.

1992-ci ilin iyulunda Salih repressiyalara etiraz edərək, deputat səlahiyyətlərindən imtina etdi. O, 1993-cü ilin aprelində "dövlətə xəyanət" ittihamı ilə həbs olundu, ancaq dünya ictimaiyyətinin təzyiqi altında Daşkəndi tərk etməmək şərti ilə həbsdən buraxıldı və ardından Türkiyəyə qaça bildi. O vaxtdan bəri İstanbulda yaşayır. Özbəkistan xüsusi xidmətlərinin əməkdaşları onun həyatına dəfələrlə qəsd planlaşdırıblar. Salihin 3 qardaşı Özbəkistanda həbs edilib.

 

“İnsanlar açıq şəkildə onun əleyhinə danışırdılar”

 

"27 il ərzində özbək xalqı dövlət terrorundan, qeyri-müəyyənlikdən, səfalətdən çox yorulub. Diktatorun ölümündən sonra gözlənilməyən hadisələr baş verə bilər. Axı son 2-3 ildə Əndican sindromu tədricən yoxa çıxırdı. 2005-ci ildə Kərimovun Əndicanda xalqı güllələyə tutmaqla yaratdığı xof bu gün, demək olar, əriyib. İnsanlar Kərimovun ölümünə yaxın günlərdə artıq açıq şəkildə onun əleyhinə danışır, küçə, məktəb və dövlət idarələrində öz fikirlərini bildirməkdən qorxmurdular. Odur ki, gələcəkdə hər şey gözləmək olar. Xalq öz hüquqlarını tələb etsə, köhnə Kərimov siyasəti artıq heç nəyə yaramayacaq… Ümid edirəm, vəziyyət yaxşı tərəfə dəyişəcək", – Muhammad Salih belə deyir.

Salihin sözlərinə görə, o, 1991-ci ildə seçkilərdə uğur qazansa da, hakimiyyətə gəlməyə mənəvi baxımdan özünü hazır saymayıb və Kərimovun prezident olduğu beş il müddətində konstruktiv müxalifəti formalaşdırandan sonra hakimiyyətə gəlməyi düşünüb: "Komanda nisbətən gənc və təcrübəsiz idi, ona görə biz qəfil uğura bel bağlamırdıq… İndi biz hazırıq. 27 il içində bizdən başqa xalqın arasında müsbət imici olan hər hansı təşkilat yoxdur. O üzdən Kərimov bu 27 ildə məni öldürməyə çalışıb və 3-4 dəfə məni məhv etməyə cəhd göstərib. Allaha şükür, sağ qalmışam. Biz vətənə qayıdaraq dinc quruculuq prosesinə qoşulmaq, Özbəkistanda azad seçkilərə qatılmaq istəyirik".

 

“Köhnə siyasət yürüdülsə, xalqın tək yolu qalacaq”

 

Muhammad Salihin həyatına sonuncu qəsd cəhdi ötən ilin dekabrında İstanbulda edilib. Qəsdi törədənlər, o cümlədən Özbəkistan xüsusi xidmətlərinin bir zabiti hazırda həbsdədir.

Salihin qardaşı Muhammad Bekzhon artıq 17 ildir ki, həbsxanadadır. Digər iki qardaşı hərəyə 14 və 13 il həbsdə yatandan sonra xəstəlik səbəbindən azad edilib.

Özbəkistanda minlərlə insan öz əqidəsinə, fərqli düşüncəsinə görə həbsdə yatır: "Kərimovun çevrəsindən kimsə hakimiyyətə gəlsə və eyni siyasəti yürütsə, sözsüz ki, xalqın tək yolu – üsyan yolu qalacaq. Axı xalq daha 20 illik diktaturaya davam gətirməz".

Müxalifət lideri indi vətənə qayıdıb azad seçkilərə qatılarsa, səslərin 90 faizini qazana biləcəyinə şübhə etmir: "Bunu sizə ölkə daxilində də təsdiqləyə bilərlər. Məhz mən deyil, xalqın içindən kim hakimiyyətə gəlsə, bu dəstəyi alacaq. Çünki kobud desəm, bu rejim xalqı boğaza yığıb".

Onun sözlərinə görə, texnoloji imkanlar Özbəkistanda təbliğat aparmağı asanlaşdırıb.

 

“Bizdə tam zülmətdir”

 

Siyasətə gəlməzdən öncə şair kimi tanınan, şeirləri müxtəlif dillərə çevrilən Muhammad Salih deyir ki, indi də şeir yazır, ancaq dərc etdirmir. O söyləyir ki, Sovet İttifaqındakından yüz dəfə betər qəddar diktatura dövründə poeziya ilə məşğul olmağa həvəsi yoxdur: "Həbsdə yatan bu qədər insanın… əzab çəkdiyi vaxtda poeziya ilə məşğul olmağa utanıram".

Salihin sözlərinə görə, Rusiyadakı ziyalılar Özbəkistandakından daha cəsarətli və siyasi yaşamdan məlumatlıdırlar: "Ona görə də Putin bəzi sahələrdə Rusiyanın liberal ruhuna güzəştə getməyə məcbur qalır. O, özündən fərqli düşünən insanlarla hesablaşmağa məcburdur. Bizdə isə belə deyil, bizdə tam zülmətdir. Heç bir fərqli fikrə yol verilmir".

Azadliqradiosu.az