İran prezidenti Həsən Ruhani Kürdüstan əyalətində yerləşən universitetdə “Kürd dili və ədəbiyyatı” fənninin tədris olunacağını və rəsmi xəbər agentliyi olan İRNA-nın kürd dilində yayımlar edəcəyini bəyan etdi.
İranın rəsmi xəbər agentliyi İRNA-nın verdiyi xəbərə görə, Ruhani Kürdüstan əyalətinin Senendec yaşayış məntəqəsində keçirdiyi mətbuat toplantısında “Hökumətin tədbirləri və proqramları istiqamətində Kürdüstan xalqına verdiyim sözə uyğun şəkildə, sentyabr ayından başlayaraq, Kürdüstan Universitetində “Kürd dili və ədəbiyyatı” fənninin tədrisinə başlanacaq” –deyib.
Ruhani bu qərarının kürd dili, ədəbiyyatı və kültürünü inkişaf etdirmək üçün olduğunu bildirib. O, eyni zamanda, bu istiqamətdə başqa addımların da atılacağını ifadə edib.
Prezident Ruhani çıxışının sonunda İranın rəsmi xəbər agentliyi olan İRNA-nın yaxınlarda kürd dilində yayına başlayacağı xəbərini də verib.
Mətbuatdan bildiyimiz kimi, bir neçə gün öncə İran tərəfi Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraq ərazisində həyata keçirdiyi anti-terror əməliyyatlarına narazılığını ifadə etmişdi. Bunun ardınca kürdlərə yönəlik bu addımı Türkiyənin son addımlarına adekvat cavab və İran dövlətinin kürd xalqının sevgisini qazanmaq cəhdi kimi də dəyərləndirmək olar.
Namiq