Kürd xalqını həmişə öz məqsədləri üçün istifadə edib son anda yarıyolda buraxan Qərb imperializmi, deyəsən, öz ənənəsinə yenə sadiq qalmaqdadır. Xüsusilə son zamanlar PKK-nın Suriya qanadını aktivləşdirərək onu, az qala, “Böyük Kürdüstan” dövlətini qurmağa yaxınlaşdıran ABŞ, Türkiyəni Suriyaya çəkdikdən sonra kürd separatçılarının arxasından çəkilməyə başlayıb.
Hər halda ABŞ Xarici İşlər Nazirliyinin sözcüsü Con Korbinin sözləri belə düşünməyə əsas verir.
Strateq.az-ın bildirdiyinə görə, sözçü bugünkü açıqlamasında deyib: “PKK İŞİD-ə qarşı döyüşmüş ola bilər, amma o, yenə də bir terror təşkilatıdır”.
Jurnalistlərin “Türkiyənin PKK-ya hücumları sona çatdımi?” sualını diplomat “Hələ bilmirəm. Türkyənin bu təşkilata qarşı özünü müdafiə haqqı var və biz uzun müddətdir bu haqqı tanıyırıq” – deyə cavablandırıb.
O, sözlərinə belə davam edib: “Biz İŞİD-ə qarşı mübarizəmizi PKK ilə əməkdaşlıq və ya ünsiyyət quraraq sürdürmürük. Koalisiyaya dəstək verən 62 ölkə var və biz bu mübarizədə yalnız onların əməkdaşlığına bel bağlayırıq”.
Diplomat Suriya sərhədləri daxilində “təhlükəsizlik bölgəsi” yaratmaq məsələsində isə Türkiyədən fərqli düşündüklərini deyib: “Belə bir bölgə yaradılmasına qərar verilməyib. Amerikanın bu cür bir planı yoxdur “.
Xatırladaq ki, bu təklif rəsmi Ankara tərəfindən dəfələrlə gündəmə gətirilib. ABŞ isə indiyə qədər bu təklifə müsbət cavab vermirdi. Son zamanlar iki müttəfiqin bu məsələdə razılıq əldə etdikləri bildirilsə də, ABŞ diplomatının bu fikirləri məlumatın əsassız olduğundan xəbər verir.
Heydər Oğuz
Strateq.az