XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2015 - 12:10

Dəmirtaş: “MHP Bilalı istəyirdi, hilalı əldən verdi”

HDP lideri Səlahəddin Dəmirtaş partiyasının parlamentdəki bugünkü toplantısında çox önəmli açıqlamalarla yadda qaldı. Onun “ilişdiyi” partiyalardan biri də MHP idi.

Strateq.az xəbər verir ki, dünən Prezident sarayında keçirilən toplantıda MHP-nin bütün deputat heyətiylə iştirakını tənqid edən Dəmirtaş çıxışında öz ədəbi qabiliyyətini ortaya qoyub. Parlament seçkilərindən sonra ağır şərtlər irəli sürən MHP-nin AKP-ylə koalisiyaya getmədiyini xatırladan HDP lideri türk millətçilərinin dünənki hərəkətlərinin bu prinsiplərlə daban-daban zidd olduğuna eyham vuraraq deyib: “AKP-dən Bilalı istəmişdilər. Bilalı almamış, hilalı əldən verdilər”.

Qeyd edək ki, Bilal Ərdoğanın oğludur. ötən ilin ikinci yarısında Türkiyə mətbuatında onun korrupsiyaya bulaşması barədə məlumatlar yayılmış və hüquq mühafizə orqanları əməliyyat keçirərək bir sıra yüksək vəzifəli adamların övladlarını həbsə atmışdılar. Növbəti mərhələdə Bilal Ərdoğanın da həbsi gözlənilərkən türk siyasi iradəsi məsələyə qarışmış, əməliyyatı hazırlayanları Fəthullah Gülənin adamları adıyla vəzifədən uzaqlaşdırmışdı. Daha sonra bu əməliyyatla Türkiyədə dövlət çevrilişi hazırlandığını iddia edən AKP hakimiyyəti ilə Fəthullah Gülən tərəfdarları arasında ziddiyyətlər yaşanmışdı. Fəthullah Gülənçiləri Türkiyənin rəsmi dairələrindən təmizləyən hakimiyyətin bu tövrü seçkilərdə də müxalifətin əsas arqumentinə çevrilmişdi.

Xüsusilə MHP bu hadisəyə işarə edərək AKP ilə koalisiya hökuməti qurulmasının ön şərti olaraq Bilalın cəzalandırılmasını istəmişdi.

Onu da qeyd etmək yerinə düşərdi ki, MHP-nin əsas tələblərindən biri də elə həmin sarayla bağlı idi. Ərdoğanın yeni saraydan çıxmasını və iqamətgahı Nazirlər Kabinetinə təhvil verməsini tələb edən partiya əks halda AKP-ylə heç bir danışıqlara getməyəcəyini ifadə etmişdı. Belə vəziyyətdə MHP deputatlarının dünən Ərdoğanın yeni tikdirdiyi sarayına təşrif buyurmaları, həqiqətən də, bir çoxları üçün gözlənilməz olmuşdu. Dəmirtaş sözügedən çıxışıyla bu gözlənilməzin mahiyyətinə işıq tutaraq MHP-nin mövqeyinə özünəməxsus üslubla aydınlıq gətirib.

HDP liderinin “Bilal”la həmqafiyə olan “hilal” sözündən istifadə etməsi də təsadüfi deyil. MHP prinsipləri içərisində xüsusi bir anlam ifadə edən “hilal” “məfkurə” mənasına gəlir. “Bilalı istərkən hilalı əldən verdi” aforizminə bu aspektdən nəzər salanda, kəlamın bu mənası ortaya çıxır: “MHP Bilalın cəzalandırılmasını tələb edirdi, amma axırda özü bütün dəyərlərini, məfkurəsini qurban verdi”.

Dəmirtaş bu siyasi “alış-verişin”, güzəştin səbəbinə də aydınlıq gətirib. Onun sözlərinə görə, istər Ərdoğanın “kürd açılımı”ndan, istərsə də MHP-nin “hilal”dan imtina etməsinin səbəbi “Türk Qladiosu”nun bu cür istəməsiylə əlaqədardır.

“Qladio” isə Türkiyəni idarə etdiyi düşünülən və adına “dərin dövlət” deyilən qüvvəni simvolizə edir. Ərdoğan ilk hakimiyyətə gələndə “Qladio” ilə mübarizə apardığını bəyan edirdi. Dəmirtaşın sözlərindən belə çıxır ki, bu da doğru deyilmiş. Ərdoğan nəinki “Qaldio”nu sıradan çıxarmayıb, əksinə özü bu gizli qüvvənin maşasına çevrilib.

Heydər Oğuz

Strateq.az