Bu gün keçmiş deputat, iqtisadçı ekspert Nazim Bəydəmirli Polşanın Krinitsa Zdruy kurort şəhərində keçirilən 26-cı «Economic Forum»da çıxış edib.
Sabiq deputat Strateq.az-a bildirib ki, "Gürcüstan Azərbaycan Avropaya açılan pəncərə" mövzusunda keçirilən panel iştirakçılar arasında çox böyük maraqla qarşılanıb:
"Son bir neçə ildir ki, Rusiyanın Ukraynaya təcavüzünə çox ciddi təpki göstərilən platformalar təşkil olunur. Mənim çıxışım Azərbaycanın Avropaya inteqrasiya problemlərinə, aparılan islahatlara, həmçinin həssas bölgəmizdə iqtisadi layihələrin dəstəklənməsinin necə vacib olduğu barədə oldu.
Təbii ki, bu kimi tədbirlərdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi və status kvonun dəyişdirilməsinin vacib olması avropalı həmkarların və ekspertlərin, siyasətçilərin diqqətinə bir daha xatırlatmaq üçün fürsət tapdıq"
Məlumata görə, Xəzər dənizi üzərindən enerji layihələrinin dəstəklənməsi, Xəzərin statusunun müəyyən edilməsi, Çindən Avropaya yükdaşımalar "İpək yolu" vasitəsi ilə necə dəstəklənməli, Avrasiya İttifaqı təhlükəsi və s. belə demək olar ki, geopolitik problemlər də müxtəlif ekspertlərlə yanaşı, Nazim Bəydəmirlinin də çıxışı zamanı vurğulanıb.
Xatırladaq ki, bu Forum Avropa Birliyi tərəfindən dəstəklənir və hər il 3000 nəfərdən yuxarı siyasətçilərin, iqtisadçıların, politoloqların həmçinin hökumət və dövlət üzvlərinin iştirakı təmin olunur.