XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

28 İyul 2015 - 15:00

Hər yerdə olan və hamı üçün əlçatan deputat – Fazil Mustafa

fazil-mustafa-11.jpg

Fazil Mustafanın siyasi karyerasına baxış

Bu il noyabr ayının 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək. Artıq indidən bir çox qurumlar, siyasi partiyalar və toplumlar öz namizədləri haqda düşünür, onların irəli sürülərək qalib gəlməsi haqda konsepsiyalar hazırlayır. Arzular isə çox zaman reallıqlarla üst-üstə düşmür və hər çağırışda olduğu kimi, deputatların sırasına adı və tutduğu mövqeyi heç kəsə bəlli olmayan, siyasi iradəsi zəif olan insanlar da daxil olur. Bu isə nəticədə Milli Məclisin iclaslarında, Komitələrində və cari məsələrdə özünü açıq-aydın biruzə verir. Bir az siyasi təfəkkürü, söz demək qabiliyyəti olanlar danışır, təklif və iradlar bildirir, digərləri isə sakitcə oturub vaxtın bitməsini gözləyirlər.

Deputatların fəaliyyəti təkcə işlədikləri Milli Məslic binasının daxilində ölçülmür, yaşadıqları və seçildikləri seçki dairələrindəki işləri ilə də bilinir. Gəlin, etiraf edək ki, belə deputatların sayı heç də çox deyil.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa da məhz belə deputatlardandır. Onun sadəcə siyasi fəaliyyətinə nəzər salsaq, bunu sezməmək heç də çətin deyil.

fazilmustafa-2.jpg

İxtisasca hüquqşünas olan Fazil bəy 2005-ci ildən Milli Məclisin üzvü seçilir. O, Dağlıq Qarabağın erməni iddiasına qarşı xalq hərəkatında fəal iştirak edir, müxtəlif dövrlərdə AXC sədrinin müşaviri, sədrin müavini olur. 1992-1993-cü illərdə Prezident Aparatı dövlət-hüquq şöbəsinin müdiri vəzifəsində işləyir. 1995-1998-ci illərdə Türkiyədə Ə.Elçibəyin özəl təmsilçisi olur. 2001-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçir. Və nəhayət, 2003-cü ildə yaradılmış Böyük Quruluş Partiyasının başqanı seçilir.

Fəlsəfə elmləri namizədi, 12 kitabın müəllifi olan Fazil Mustafanın adı Google-də Azərbaycan deputatlarının fəaliyyəti haqda axtarış səhifəsində liderlik təşkil edir.

fazilmustafa-3.jpg

O, hər yerdədir: Milli Məclisdə iqtidarı tənqid edir, şinelindən çıxdığı müxalifəti yıxıb sürüyür, ölkədə baş verən sosial ədalətsizliyə Facebook səhifəsində operativ reaksiya verir, təhlillər edir, dünya çapında baş verən siyasi gedişlərə də televiziya ekranlarında, qəzet səhifələrində və sayt resurslarında münasibət bildirir.

O, jurnalistlərin əlçatan və söz demək qabiliyyəti olan müsahibinə çevrilib.

fazilmustafa-4.jpg

Gəlin, dediklərimizi konkret misallarla sübut edək:

20 aprel 2012-ci il. Fazil Mustafa parlamentdə “Siyasi partiyalar haqqında” qanuna dəyişiklər layihəsi müzakirə olunarkən deyib ki, dövlət “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə yardım ayırır, “Azadlıq” qəzetinin həmin pulundan isə AXCP də götürür: “Bu baxımdan AXCP-yə pul ayrılmasının tərəfdarı deyiləm, çünki bu, xarici səfirliklərin AXCP-sidir, Elçibəyin miras qoyduğu AXCP deyil”.

19 iyun 2012-ci il. Fazil Mustafa hakimiyyətin yürütdüyü siyasəti sərt tənqid edərək bildirib ki, Qarabağ məsələsi ilə bağlı mövqelərimiz zəifləməyə başlayıb, daxili həmrəylik imkanları qaçırılır və ölkənin xaricə görüntüsü də müsbət imicdə getmir: “Başa düşülməlidir ki, bir ölkədə demokratiyadan danışılırsa, orada müxalifətin fikirlərinə dözməyi bacarmalıdırlar. Azərbaycanda islahat istəyən qüvvələrlə daxildə danışıqlar aparmaq lazımdır”.

Deputat bəyan edib ki, islahat aparılmayacaqsa, hakimiyyətin çöküşü başlayacaq: “Hər şey ola bilər. Xüsusən də Azərbaycan kimi mürəkkəb coğrafiyada yerləşən bir ölkənin problemləri bəzən özündən asılı olmur, daha çox kənardan köçürmə yolu ilə daha böyük problemlərin yaşanması mümkün olur. Amma bütün hallarda bunun məsuliyyəti hakimiyyəti xalqdan alıb onu idarə edən siyasi qüvvə daşıyır. Bu mənada hakimiyyət hamıdan çox ölkədə islahatların aparılmasına maraqlı olmalıdır”.

fazilmusatafa-5.jpg

30 noyabr 2013-cü il. Fazil Mustafa nurçuları tənqid edənləri “şərəfsiz” adlandırıb: “Azərbaycanda bir məktəb belə açmayan şərəfsizlər heç olmasa nurçunun məktəb açdığını görüb utanmalıdır. Məsələn, əgər 10 məktəb açsam, məndən xoşbəxt insan ola bilməz. İndi bunlar yüzlərlə məktəb açan adamları təhqir obyektinə çevirirlər, amma özləri bir məktəb də açmayan şərəfsizlərdir. Elə ona görə də bu məsələlərdə güzəştə getmək olmaz”.

Millət vəkili həmçinin haqqında səslənən ittihamlara, onu “nurçu” adlandıranlara da sərt şəkildə cavab verib: “Mənim hər hansı bir təriqətlə əlaqəm ola bilməz, çünki yanaşmam fərqlidir. İndi mənim nurçularla hansısa fikirlərim üst-üstə düşürsə, onu izah eləsinlər! Mən deyirəm ki, baş yarmaq, zəncir vurmaq insana, İslama xas xüsusiyyət deyil. Əlbəttə ki, bunları deyəndə də mənə istənilən ad qoşacaqlar. Bunları vaxtilə Mirzə Cəlil də, Sabir də deyəndə, onları da daş-qalaq ediblər. Bu adamlar hətta nurçuluq səviyyəsində də özlərini inkişaf etdirmiş adamlar deyillər, amma durub indi onları tənqid edirlər”.

fazil-qasim.jpg

03 aprel 2015-ci il. Fazil Mustafa Milli Bankın İdarə Heyətinin üzvlüyünə Elman Rüstəmovun yenidən seçilməsinin əleyhinə səs verən tək deputat olub. O, bu barədə sosial şəbəkədə yazıb: “E. Rüstəmov kifayət qədər savadlı və təcrübəli kadrdır, ola bilsin ki, bu iqtidar üçün də xüsusi dəyəri olan kadr sayılır, ancaq heç bir yüksək çinli dövlət məmurunun xalqı aldatmağa mənəvi haqqı çatmır. Manatın devalvasiyası məsələsində mövqeyi haqlı olaraq insanlarımızda əsəb gərginliyinə səbəb olmuşdu”.

fazilmusataf-6.jpg

18 iyun 2015-ci il. Fazil Mustafa Novruz bayramında papaq atma mərasimindən danışıb. O bildirib ki, “Varlı adamların hasarları çox yüksək olduğu üçün, onlara papaq atmaq mümkün deyil. Papağı ancaq hasarı alçaq olan evlərə atmaq olar. O təbəqə də müəllimlərdir, həkimlərdir, işsizlərdir. Bu müəllimlər papağı nə ilə doldurmalıdır?”.

19 iyul 2015-ci il. Fazil Mustafa Facebook-da “İran əllamələrindən” yazır. O, Ramazanda bayram namazının vaxtı ətra
fında mübahisələrə münasibət bildirib: “”Bu İranın əllamələrinə baxın, oradan-buradan sitatlar tapıb bizə göndərirlər ki, bəs, Səudiyyədə belə səhv ediblər, Türkiyədə belə səhv ediblər. Nə səhv ediblər, hamısı da dobra-dobra bayramlarını vaxtında keçiriblər. Guya bunların sahibləri günü təyin edəndə astronomiyanı öyrənib addım atıblar. Sadəcə baxıblar ki, ağaları hansı günü deyib, o günü də bayram edirlər. ötən il də rəsədxananın dediyindən fərqli gün təyin olundu, niyə səsiniz çıxmadı? Bu, mahiyyətcə bir şeyi dəyişmir, ancaq öz ölkəsini İranın yedəyində süründürmək istəyənlərin bir daha iç üzünü açır”.

24 iyul 2015-ci il. Fazil Mustafa Türkiyədə vəziyyətin daha da mürəkkəbləşəcəyini deyib: “Əgər tez bir zamanda siyasilər vəziyyətdən çıxış yolunu tapmaq üçün bir araya gəlməzlərsə, o zaman böhran daha da dərinləşəcək. Ancaq Türkiyə böyük dövlətdir və ümid edək ki, bu vəziyyətdən çıxacaqlar. Nəzərə alsaq ki, ölkə daxilindəki böhranla yanaşı, İŞİD və PKK kimi terrorçu təşkilatlardan ölkəyə ciddi təhdidlər var və vəziyyət belə davam edərsə, onlara qarşı mübarizə xeyli çətinlik yaradacaq, bu səbəbdən bir an hökumət formalaşmalıdır. Formalaşan hökumət isə ölkənin üzləşdiyi problemlərdən çıxmaq üçün təcili ciddi addımlar atmalıdır”.

fazil-din.jpg

24 iyul 2015-ci il. Fazil Mustafa ölkədə Nəqliyyatın intellektual idarəedilməsinə öz narazılığını bildirib. Onun sözlərinə görə, Nəqliyyat sahəsinin bəzi əməkdaşları vətəndaşlara əziyyət verməklə məşğuldurlar: “Baxıram ki, neçə müddətdir insanlar Şəhidlər Xiyabanına, Milli Məclisə, İçərişəhər metrosu istiqamətinə payi-piyada hər gün dəstə-dəstə gedirlər. Bunlar təbiidir ki, şəxsi avtomobili olmayan insanlardır, haradasa iş yerinə və ya iş dalınca gedirlər. Bəziləri də Şəhidlər Xiyabanını, Fəxri Xiyabanı ziyarət etmək istəyən qonaqlar ola bilər. Hələ burada Mərkəzi klinik xəstəxana da yerləşir, xəstəsini ziyarət edənlər də az deyil. Təsadüfən tanıdığım bir nəfərdən soruşdum ki, niyə bu istidə avtobusdan istifadə etmirsiniz, söylədilər ki, bəs Avropa Oyunları zamanı bu qayda tətbiq olunub, indiyə qədər də bu qadağa qüvvədə qalır. Əlbəttə, bütün vətəndaşlar Avropa Oyunları kimi möhtəşəm bir tədbir zamanı bütün məhdudiyyətləri anlayışla qarşıladılar və dəstəklədilər. Oyunlardan sonra da buradan bütün marşurutlar yığışdırmasının hansı məntiqi izahı ola bilər? Demək neçə müddətdir, Milli Məclisə gələn işçilər, ərizə gətirən vətəndaşlar bu uzaq yolu piyada gəlib-gedirmişlər. Əzizlərim, bunun adına sadəcə intellektual mazoxizm deyilə bilər. Vətəndaşlara bu qədər əziyyət verməyin başqa adı varmı? Yaxında metro yox, başqa ictimai nəqliyyat növü yox, insanın taksiyə verməyə pulu yox, hər gün bu çiləni bu insanlara çəkdirməyin adı nədir? Hər nöqsanı ölkə prezidenti iclasda üzünüzə deməməlidir ki? Hər kəs rəhbərlik etdiyi sahədə vətəndaşa xidmət etməyi vicdan borcu olaraq görməsə də, heç olmazsa vəzifə borcu olaraq görməlidir. ümid edirəm ki, bu məsələyə aidiyyatı olan qurumlar vətəndaşın vəziyyətini yüngülləşdirmək üçün dərhal təcili tədbirlər görəcəklər”.

fazil-duru.jpg

Bəli, bütün bunlar Fazil Mustafanın siyasi karyerasının sadəcə bir damlasıdır. Onun əsas funksiyası isə Sabunçu rayonu ərazisində yaşayan insanlara kömək etməkdir.

Təbii ki, bunları etməyə deputatın heç də böyük imkanı olmur və hətta bir çox şeyləri həll etməyə gücü də çatmır. Ancaq o, buna cəhd edir və hansısa bur uğura imza atanda sevincini media ilə bölüşür.

Bakıxanov qəsəbəsində yaşayan bir çox sakinlərdən onun fəaliyyəti haqda soruşduq. Əksəriyyəti onu yaxşı tanıdığını və hörmət etdiyini vurğuladı. Təhməz İsmayılov, Fürudin Göyüşov və digər sakinlər problemlə bağlı ona müraciət etdiklərini və müsbət qarşılandıqlarını qeyd etdilər.

Reaksiya.az