İşğalçı Ermənistanda hakimiyyət böhranı yaşanmaqadır. Aprel döyüşlərindən sonra daxildə gərginləşən münasibətlər, prezident Serj Sərkisyanın dayaqlarının zəifləməsi, həmçinin mərkəzdənqaçma meyllərinin güclənməsi düşmən ölkədə qarşıdurma mühitini gücləndirib.
Virtualaz.org ötən gün İrəvanın mərkəzində müxalifətin növbəti dəfə mitinqə toplaşdığı xəbərini yayıb. Məlumata görə, aksiyaya hazırlaşan təkcə müxalifət deyil. Belə görünür ki, işğalçı ölkə yeni qarşıdurmalara hamilədir. Ancaq reallıq bundan ibarətdir ki, hərbi uğursuzluğa düçar olmaqla Qarabağ danışıqlarında mövqelərini itirmiş Sərksisyan hakimiyyətinin ömrünü uzatmaq və prezidentlik müddətini başa çatdırmaqdan ötrü qarşıdurmalardan maksimum yararlanmağa çalışır. Bir müddət öncə polis alayının binasını yarım aydan çox müddətdə zəbt etmiş silahlı qruplaşmalar da faktiki olaraq Sərkisyanın “əlinə işlədi”.
Qarabağda cinayətlər törətmiş silahlı dəstə üzvlərinin güzəştlərə qarşı çıxması faktından erməni prezident çox hiyləgərcəsinə istifadə etdi və güzəştli sülh mesajı verən Rusiya prezidentinin hüzuruna məhz həmin hadisələrdən sonra gedəsi oldu.
Hazırda Sərkisyan Ermənistan hökumətində dəyişikliklər etməklə də özünü xilas etməyə, “daxildəki gərginliklər” bəhanəsi ilə danışıqların müddətini uzatmağa çalışır. Vyana və Sankt-Peterburq görüşlərindən sonra Qarabağ danışıqlarının növbəti raundu keçiriləcəkdi. Lakin məhz Ermənistan paytaxtında baş verənlər növbəti görüşün reallaşmasına əngəl oldu.
Təsadüfi deyil ki, əvvəlcə Qarabağ ermənilərinin Azərbaycanla birgə yaşamağa razı olmayacağı barədə iddialarla özünü sığortalamağa çalışan erməni prezident güzəştlərə qarşı çıxan erməni silahlılarının tələbləri və İrəvandakı davamlı aksiyaların ardınca “mən canımı verərəm, Qarabağı yox” bəyanatını verdi. Əslində bu bəyanatın ardınca danışıqları davam etdirməyin özü mənasızdır və bunu ATƏT-in Minsk Qrupunun həmsədrləri rəsmi Bakının özü qədər də olmasa, müəyyən qədə anlayır. Ancaq yeni hərbi əməliyyatların baş verməməsi üçün prezidentləri bir masa arxasında əyləşdirməkdə beynəlxalq təşkilatlar və aparıcı dünya dövlətləri çox təkidlidir.
Görünür, elə buna görədir ki, Minsk Qrupunun həmsədrləri növbəti dəfə məhz Rusiya paytaxtında – aprel müharibəsindən sonra danışıqlarda aparıcı rol oynayan ölkədə – bir araya gəliblər. Məlumata görə, sentyabrın 8-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrye (Fransa), o cümlədən ATƏT-in Dağlıq Qarabağ üzrə fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
Hələlik görüşün detalları açıqlanmır. Lakin məlumatda yalnız bu deyilir ki, cari il mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda baş tutan sammitlərdə əldə edilən anlaşmaların realizəsinin gedişi də daxil olmaqla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin aktual məsələləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədi və təmas xəttindəki hazırkı vəziyyət müzakirə edilib. Güman olunur ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü BMT Baş Assambleyasının növbəti toplantısı çərçivəsində baş tuta bilər.
Politoloq Elxan Şahinoğlunun fikrincə, aprel döyüşlərindən sonra danışıqlarda dəyişən bir şey yoxdur:“Vyana və Sankt-Peterburq görüşləri nəticə vermədi. İki aydır danışıqlarda da fasilə yaranıb. Belə bir durumda həmsədrlər nə isə fəallıq nümayiş etdirməyə çalışır, öz aralarında təmasları çoxaldıblar. Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş də bu qəbildəndir. Ancaq bu görüş və məsləhətlərin münaqişənin həllinə təsiri yoxdur. Çünki böyük dövlətlər əvvəlki tək Ermənistan hakimiyyətinə təzyiq etmək istəmirlər. Ona görə də belə vəziyyətdə Azərbaycan ordusunun işğalçıya təzyiq etməkdən başqa alternativi qalmayıb. Bu alternativ münaqişənin həllini sürətləndirməsə belə, işğalçı dövlətin daxilində xaosu gücləndirmək gücünə malikdir. Məhz aprel döyüşlərinin nəticəsidir ki, bu gün Ermənistanda siyasi böhran yaşanır. Ermənistan prezidenti Serj Sərkisyanın baş nazir Ovik Abramyanın istefaya məcbur edəcəyi gözlənilən idi. Sərkisyanın məqsədi Ermənistanda baş verənlərə görə bütün günahı Abramyana yükləməkdir. Prezident Serj Sərkisyan Abramyanı istefaya məcbur etməklə cəmiyyətə göstərir ki, ağır iqtisadi və sosial vəziyyətə görə Abmaryan məsuliyyət daşıyır. Guya Abramyanın yerinə təyin olunacaq Karen Kapareytan durumu dəyişə biləcəkmi?
İqtisadi durumu dəyişmək üçün Ermənistan resursları yoxdur, borc içindədir və heç kim ona maliyyə yardımı etmək istəmir, çünki bu – pul itkisidir. Sərkisyan vaxt udmaq istəyir, parlament seçkisinə qədər hakimiyyətini qorumağa çalışır. Məqsəd parlament seçkisində qələbə çalıb baş nazir kreslosunu əldə etməkdir. Məsələ burasındadır ki, konstitusiya dəyişikliklərindən sonra Ermənistanda əsas fiqur prezident deyil, baş nazir olacaq”.
Politoloq deyir ki, buna mane olacaq iki qüvvə var – küçələrə axışa biləcək insanlar və ya Moskva: “Birincini birtəhər neytrallaşdıra bilər, önəmli olan ikincini razı salmaqdır. 14 sentyabrda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yeni baş katib seçiləcək. İndiki baş katib Nikolay Bordyujanın sözlərinə yeni baş katib Ermənistandan olacaq. Belə anlaşılır ki, həmin namizədin kimliyi ətrafında qapalı müzakirələr gedir. Nikolay Bordyuja İrəvanı su yoluna döndərmişdi, Ermənistanın mövqeyini dəstəkləyir və zaman-zaman bizi narahat edən açıqlamalar verirdi. Buna baxmayaraq, Bordyuja Rusiyanın təmsilçisi idi və tam özfəaliyyətlə məşğul ola bilməzdi, yəni Kremlin istəyi əleyhinə Azərbaycanı hədəf götürə bilməzdi, onun üçün müəyyən qırmızı cizgilər var idi. İndi isə baş katib erməni olacaq və aydındır ki, öz ölkəsinin maraqlarından çıxış edəcək. Baş katibi erməni olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gələcəkdə istənilən təxribat gözləmək mümkündür. Yeganə ümid Azərbaycanın tərəfdaşları olan Belarus və Qazaxıstanadır. Bu iki dövlət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri olaraq erməni baş katibi mümkün təxribatlardan çəkindirməlidir. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı üzvlüyünün məqsədi digər üzv dövlətləri Azərbaycanla qarşı-qarşıya qoymaqdır. Ancaq hələ ki, özündən başqa digər üzv dövlətlər Azərbaycanla münasibətləri gərginləşdirmir, tam əksinə, aprel döyüşlərində qurum neytrallığını qorudu”.
E.Şahinoğluya görə, başqa cür ola da bilməzdi: “KTMT Ermənistanın təhlükəsizliyinə cavabdehdir, Azərbaycanın isə Ermənistana hücum etmək planı yoxdur, Dağlıq Qarabağ və ətraf rayonları azad etməyə çalışır. Dağlıq Qarabağ və ətraf rayonlar isə KTMT-nin yurisdiksiyası xaricindədir. Ona görə növbəti dəfə müharibə başlasa, təşkilat Ermənistanı xilas edən deyil”.
Politoloq Arzu Nağıyev də bildirdi ki, Ermənistanın baş naziri Ovik Abramyanın istefası gözlənilən olub: “Çünki ilk növbədə o, Serj Sərkisyanın başçılıq etdiyi Ermənistan Respublika Partiyasına sədrlik edirdi. Burada siyasi məqam həm gələcək seçkilər üçün onu qorumaq və bir sıra siyasi məğlubiyyətləri onun adına bağlamaqdır. Maraqlısı da odur ki, onun yerinə İrəvanın keçmiş meri Karen Karapetyan gətirilir, o isə Rusiyanın "Qazprom" şirkətinin “Mejregionqaz” filialının baş direktor müavinidir. Yəni burada da Moskvasız ötüşə bilmirlər. Bundan başqa son zamanlar iqtisadi vəziyyətin həddən artıq geriləməsi, siyasi proseslərin gərginləşməsi də öz rolunu oynayıb. Dağlıq Qarabağ kontekstindən baxanda isə ola bilər ki, baş nazir Ovik Abramyan bir sıra cavabdehlikləri üzərinə götürmək istəmir".
A.Nağıyev bir mühüm məqamı da vurğuladı. Bildirdi ki, aprel hadisələrindən sonra Ermənistanın uduzmasını ilk dəfə Abramyan bəyan edib: “Yəni Sərkisyanın cinayətkar komandasında da artıq narazılıqlar başlayıb. Bu, bir siyasi gediş də ola bilər, lakin Moskva və Qərb təbii ki, öz maraqları çərçivəsində artıq təzyiqlərini artırır və İrəvandan münaqişə ilə bağlı konkret qərarlar gözləyir. Məlumdur ki, ABŞ-da seçkilərlə bağlı dünyada müəyyən siyasi dəyişikliklər baş verə bilər, yəqin ki, ermənilər də noyabra qədər müəyyən siyasi gedişlər etməklə vaxt uzadacaqlar. Belə bir vəziyyətdə münaqişənin həllinin hərbi tərəfi gözlənilən deyil, çünki artıq idarəedilməz bir vəziyyət yarana bilər. Bir məqam da Rusiyanın Gürcüstana tərəf yönələn siyasi addımlarının Dağlıq Qarabağ vasitəsilə həyata keçirməyə çalışmasıdır. Belə ki, separatçı Abxaziya hakimiyyətinin Dağlıq Qarabağı tanıması ilə bağlı verdiyi saxta bəyanatlar buna bir sübutdur. Düşünürəm ki, bütün bunların hamısı siyasi gedişlərdir, məqsəd isə danışıqları uzatmaqla vaxt udmaq və hakimiyyətin ömrünü uzatmağa çalışmaqdır”. (Müsavat)