Bu gün partiyanın mərkəzi qərargahında Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun yeni tərkibdə növbəti iclası keçirilib.
BQP-dən Strateq.az-a verilən məlumata görə, partiya başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda ictimai-siyai vəziyyət, partiynın Ali Məclisinin növbəti iclasının çağrılması barədə, eləcə də ölkə və dünya gündəmində yer alan bir sıra məsələlər müzakirə edilib.
Təşkilatın nizamnaməsinə müvafiq olaraq partiya başqanının təqdimatı əsasında Siyasi Qurulun yeni tərkibinin formalaşmasından sonra gerçəkləşən ilk iclasda BQP başqanı iştirakçılar qarşısında geniş məruzə ilə çıxış edərək qurutaydan sonrakı müddət ərzində görülən işlər və partiyanın qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.
İclasda milli valyutanın yenidən sürətlə dəyərdən düşməsinə münasibət bildirilib.
Qeyd edilib ki, “Manatın yenidən "reanimasiya" masasında olması rəsmi və qeyri-rəsmi məzənnələr arasında fərqin getdikcə artmasında özünü göstərməkdədir.:
"Valyuta mübadiləsində satışın əsas dövriyyəsi qara bazarlara transfer olunub. Azərbaycanda yaranmış dollar qıtlığının başlıca səbəbini ölkə iqtisadiyyatında, xüsusilə də qeyri-neft sektorundakı ixracatda yaranmış acınacaqlı vəziyyətdə, ölkədən kapital axını və Mərkəzi Bankın mövcud situasiyaya adekvat olmayan yalnış reaksiyasında axtarmaq lazımdır. Yetərli valyutanı qazanmaq üçün rəqabətə davamlı, yüksək texnologiyalı, innovativ mallar istehsal etmək və yüksək xidmətə nail olmaq lazımdır. Bu isə iqtisadiyyatın modernləşdirilməsi, eləcə də təhsilin səviyyəsinin yüksəldilməsindən asılıdır”.
Siyasi Qurul eyni zamanda qeyd edib ki, Mərkəzi Bank valyuta bazarında təzyiqi azaltmağa yönələn təxirəsalınmaz tədbirlər həyata keçirməli, bazarda valyuta təklifini çoxaltmalı, hökumətin müvafiq strukturları isə istehlak bazarında xaricdən idxal olunan malların yerli məhsullar hesabına əvəzlənməsinə yönələn təşviqedici siyasətlə valyutaya tələbatı azaltmalıdır: “Bir sözlə daha acınacaqlı iqtisadi və sosial vəziyyətin yaranmaması üçün vaxt itirmədən islahatlara və iqtisadiyyatda təxirəsalınmaz tədbirlərə başlanılmalıdır”.
Siyasi Qurul Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində DAEŞ və digər terror təşkilatlarına qarşı Azad Suriya Ordusu ilə birgə aktiv hərbi əməliyyatlara əl atmasını qardaş ölkənin sərhədyanı əhalisinin təhlüksizliyinin təmin edilməsi, Türkiyənin milli çıxarları əleyhinə yönələn və ölkənin ərazi bütövlüyünü real təhdidlərlə qarşı-qaşıya qoymağa çalışan geosiyasi planların önlənilməsi baxımından müsbət qiymətləndirib və bu istiaqmətdə bundan sonra da atılacaq addımlara dəstək ifadə edilib.
İclas, son zamanlarda Türkiyə-Rusiya münasibətlərində müşahidə edilən normallaşma prosesini qonşu və dost ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığa söykənən etimad mühitinin yaranması və bütünlüklə bölgənin iqtisadi və siyasi sabitliyinə zəmin yaratması baxımından müsbət dəyərləndirib.
Siyasi Qurul qarşıdakı ayda partiyanın Ali Məclisinin növbəti iclasının çağrılmasını haqqında qərar qəbul edib və iclasın gündəliyi, müzakirə ediləcək məsələlər barəsində qərar layihələrinin hazırlanması və vaxtının dəqiqləşdirirlməsini qurumun işçi orqanına həvalə edib.