“1990-cı illərin əvvəlində qanunvericilikdə aşağı yaş senzi olan 35 yaş məhdudiyyətini o zaman mənə görə qoydular”.
Strateq.az bildirir ki, bu sözləri 1980-ci illərin sonunda Xalq hərəkatının liderlərindən olan, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı referendumla bağlı Azadlıq radiosuna danışarkən deyib.
O iddia edib ki, 1995-ci ildə yeni Konstitusiya qəbul ediləndə də məhz ona görə prezidentliyə namizədlə bağlı başqa bir məhdudiyyət ortaya çıxıb: “1995-ci ilə qədər istənilən vətəndaş 35 yaşına çatanda prezidentliyə namizədliyini irəli sürə bilirdi. 1995-ci ilin Konstitusiyasına saldılar ki, ali təhsili olmalıdır. Azərbaycan siyasi səhnəsində yeganə adamıydım ki, o, mənə şamil edilirdi, o iddiada olacaq ikinci adam yox idi. O zaman universiteti bitirməmişdim. Mən onda da demişdim ki, «bu baryerləri qoymaq yanlışdır»”.
N. Pənahlı prezidentliyin 5 ildən 7 ilə qaldırılması ilə bağlı dəyişikliyinə müsbət yanaşıb: “Açığı, səlahiyyət müddətinin artırılmasına münasibətim müsbətdir. Bir ağac əkirsən, 7-8 ilə bar verir. Dünyada dövlət idarə etmək qədər də çətin iş yoxdur. Bu mənada həmin müddətin 5 ildən 7 ilə çatdırılmasına etirazım yoxdur. Söhbət bu günkü prezidentdən getmir. Növbəti seçiləcək prezidentin müddəti artırılanda daha rahat nəfəs alır, planını-proqramını asanlıqla reallaşdırır. Söhbət niyyəti Azərbaycanı inkişaf etdirmək olan, onu xilas edəcək prezidentdən gedir. 7 il daha məqbuldur. Ancaq təkrar edirəm, aydın deyil hansı məqsədlə edilir, niyyət nədir?”