Sentyabrın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.
Bu barədə MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsi məlumat yayıb. Məlumatda deyilir ki, ABŞ səfiri Robert Sekuta 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsinə (referenduma) hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb.
MSK sədri Məzahir Pənahov deyib ki, MSK beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıqdır və bu münasibətlər seçki və referendum praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında və əldə olunan nailiyyətlərdə əhəmiyyətli rol oynayır.
Səfirin suallarının cavabında M.Pənahov həmçinin referendumun yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi üçün Azərbaycanda hər cür şəraitin və demokratik mühitin olduğunu vurğulayıb. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər və müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.