XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

22 Sentyabr 2016 - 14:58

Siyavuş Novruzov:“Venesiya Komissiyasının rəyi bizim üçün əhəmiyyət kəsb etmir”

siyavus

“Venesiya Komissiyasının rəyi Azərbaycan üçün əhəmiyyət kəsb etmir”.

Bunu Trend-ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib: "Referendumun keçirilməsinə sayılı günlər qalıb və sentyabrın 26-da seçicilər seçki məntəqələrinə gələrək öz münasibətlərini bildirəcəklər. Lakin indiyə qədər nə Venesiya Komissiyası, nə də digər qurumların heç birinin münasibəti olmayıb".

Millət vəkili əlavə edib ki, Venesiya Komissiyasının referenduma bir neçə gün qalmış rəy bildirməsi qərəzə söykənir, bu baxımdan da həmin rəyi şərh etməyə ehtiyac yoxdur.

S.Novruzov bildirib ki, Azərbaycan xalqı bu referendumda məqsədin insan hüquq və azadlıqlarının qorunması, hakimiyyətin müxtəlif qollarının təkmilləşdirilməsi, vətəndaşların müraciətlərinə baxılıb dərhal cavab verilməsi və digər mühüm məsələlər olduğunu oxuyur, bilir: "Yəni bütün bunlar xalq üçün edilir, hər bir dəyişiklik onların rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilir".

YAP rəsmisi vurğulayıb ki, bu məsələdə hansısa qurumun fikri Azərbaycan üçün əhəmiyyət kəsb etmir: "Cənab Prezident İlham Əliyev də Avropa Parlamentinin üzvləri ilə görüşündə onların qəbul etdiyi qərarlarla bağlı bir sıra faktlar ortaya qoydu. Konkret olaraq göstərdi ki, bunların qəbul etdiyi hər hansı bəyanat, qətnamə – hamısı qeyri-qanunidir, nə beynəlxalq hüquqa, nə ədalətə, nə də insanlığa əsaslanır. Bu baxımdan da kiminsə nə yazıb-pozması bizim üçün o qədər də böyük əhəmiyyət kəsb etmir".

Deputat qeyd edib ki, müasir dövrdə dünyanın hər bir ölkəsində dövlət strukturlarının təkmilləşdirilməsi aparılır: "Lakin bir sıra xarici qurumlar istəmir ki, Azərbaycan güclü dövlət olsun, ölkəmizdə ictimai-siyasi sabitlik olsun. Onlar Azərbaycanın müxtəlif tədbirləri, o cümlədən böyük idman tədbirlərini yüksək səviyyədə təşkil etməsini istəmirlər. Məqsəd, maraq bundan ibarətdir".