XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2016 - 22:05

Millət vəkili:“Obama səmimi deyil”

ferec-1

 ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasının bugünlərdə keçirilən 71-ci sessiyasında bəyan edib ki, İsrail Fələstin torpaqlarının işğalını dayandırmalıdır.

B.Obama qeyd edib ki, əgər fələstinlilər İsrailin qanuniliyini tanıyarlarsa, İsrail də Fələstin torpaqlarını daim işğal edə bilməyəcəyini etiraf edərsə, bu, həm israillilər, həm də fələstinlilər üçün yaxşı olar.

Obama Ukrayna ərazisi olan Krımın da Rusiya tərəfindən işğal edildiyini deyib. Amma o, nədənsə BMT Baş Assambleyasındakı çıxışında Qarabağın işğal olunması barədə heç bir fikir bildirməyib. İsrail kimi yaxın müttəfiqini dolayısı ilə işğalçı adlandıran Obamanın Rusiyanın forpostu Ermənistanı işğalçı adlandırmaması təəccüblü görünür. Qeyd edək ki, Barak Obama 8 illik hakimiyyəti dövründə Ermənistanın işğalçı olduğunu qəti şəkildə dilinə gətirməyib.

Strateq.az-ın bildirdiyinə görə, bu barədə danışan deputat Fərəc Quliyev hesab edir ki, ABŞ prezidentinin Fələstin torpaqlarının işğal olunduğunu deməsi, İsraili bu torpaqların işğalına son qoymağa çağırması səmimi deyil: “Barak Obama bu cür bəyanat verməklə prezidentliyinin sonlarına yaxın dinlərarası münasibətlərdə heç bir ayrı-seçkiliyə yol vermədiyini nümayiş etdirmək istəyib”.

Fərəc Quliyevə görə, əgər ABŞ və onun prezidenti bu məsələdə səmimi olsaydı, məsələlərə ikili standartla yanaşmasaydı, Ermənistanı işğalçı adlandırmalıydı: "Barak Obama Ermənistanı işğalçı adlandırmır. Onun Qarabağ məsələsində susqunluğu onu göstərir ki, xristian təəssübkeşliyi erməniləri işğalçı adlandırmağa imkan vermir. Fələstinlə bağlı dedikləri isə görüntü üçündür. Barak Obamanın hakimiyyəti dövrü dünyada müsəlmanların ən çox qırıldığı, ən çox müsəlman dövlətləri dağıdılan bir dövr oldu. Barak Obama indi Fələstinə xoş gedəcək nə danışsa da, reallıq ortadadır”.

Qarabağ məsələsinə gəlincə millət vəkili bildirdi: "Qarabağ məsələsində susqunluq, BMT tribunasından BMT-nin Qarabağın azad olunması ilə bağlı 4 qətnaməsinə etinasızlıq göstərmək, super güc və ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlət kimi biganəlik nümayiş etdirilməsi onu göstərir ki, ABŞ öz maraqlarını hər şeydən üstün tutur. Azərbaycan Qarabağ məsələsində ABŞ və digər onun kimi dövlətlərə ümid etməməlidir. Azərbaycan etnik baxımdan özünə yaxın olan cümhuriyyətlərlə yeni formatlar haqqında düşünməlidir".