XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 September 2016 - 17:08

Fazil Mustafa deputat həmkarına cavab verdi:"Yaqub Mahmudov Fəzail Ağamalı üçün avtoritetdir"

fazil-esas

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Yeni Müsavat" qəzetində deputat həmkarı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın son vaxtlar Səfəvilər əleyhinə olan çıxışlarını tənqid edərək, onu "bilmədiyi şeylərdə danışmaqda" və "düşüncələrini dəyişməkdə" suçlayıb…

Ancaq Fazil Mustafanın da deputata cavabı gecikməyib. BQP sədri özünün facebook səhifəsində "Hörmətli Fəzail Ağamalının iradlarına iradlar" sərlövhəsi altında yazı ilə çıxış edib.

Strateq.az Fazil Mustafanın deputat həmkarına yazdıqlarını təqdim edir:

 

Hörmətli Fəzail müəllimin bizim tariximizin bəzi məqamları ilə bağlı səsləndirdiyimiz görüşlərə qarşı öz müsahibəsində emosional münasibət bildirib. Bəlkə də bu emosionallıq olmasaydı, məsələyə münasibət bildirmədən də keçinmək olardı. Ancaq bəzi prinsipial məqamlar var ki, orada hər kəsin mövqeyimizi bilməsi ümumi işimizin faydasına olardı.

Fəzail müəllim ali məktəblərdə dərs demiş savadlı, özünəməxsus yanaşmaları olan tarixçi alimdir, bu səbəbdən də istənilən tarixlə bağlı mövzuda fikir bildirməsi anlaşılandır. Lakin bizə qarşı iradlarında bir sıra məntiqə uyğun gəlməyən məsələlər var ki, üzərindən keçmək mümkün deyil.

Açığı, günlərdir antiazərbaycançı qüvvələrlə və "Şah babam" deyib bağıran cahil milliyətçilərlə savaşda öz mövqeyimizin haqlılığını qətiyyətlə ortaya qoyduğumuz bir məqamda Fəzail müəllimin bu qədər ultimativ formada məsələyə müdaxilə etməsi mənim üçün bir qədər təəccüblü oldu. Çünki Fəzail müəllim çox gözəl bilir: öz inandığım və millətim üçün faydalı olan həqiqətlərin söylənməsi mənim üçün elə bir prioritetdir ki, qarşıma çıxan istənilən qüvvə ilə istənilən elmi diskussiyanı aparmağa hazıram və bunu da edirəm. Nəinki bundan sonra bir dəfə, hətta daha böyük qətiyyətlə bu mövzuda həqiqətləri cəmiyyətə çatdırmağa davam edəcəyəm və buyurub Fəzail müəllim də başqa opponentlər kimi, öz yazıları və kitabları ilə bizim mövqqeyə qarşı fikirlərini ortaya qoyar.

Bundan başqa, Fəzail müəllim tövsiyə edir ki, Fazil Mustafa hüquqçu olduğu halda tarix məsələlərinə niyə qarışır.

Əvvəla, Fəzail müəllim yaxşı bilir ki, bu sahədə apardığım araşdırmalar kifayət qədərdir və bu mövzuda fikir bildirmək üçün tarixçi diplomuna sahib olmağa gərək də yoxdur. Maraqlıdır ki, onların təhsil aldığı və təhsil verdiyi zamanlarda tarix fəlsəfəsi adlanan bir predmet tədris olunmadığına, tarix barədə bilgiləri daha çox xronoloji istiqamətdə mənimsədiklərinə görə, əksər tarixçilərimiz fəlsəfi mühakimə aparmaq performansını ortaya qoya bilmirlər.

Digər tərəfdən, ixtisasca hüquqşqnas olsam da, fəlsəfə üzrə fəlsəfə doktoruyam və Xürrəmilik, Səfəviliyin ideoloji görüşləri mənim bilavasitə tədqiqat sahəmdir. Maraqlıdır ki, mənə hüquqçu kimi tarixlə məşğul olmamağı tövsiyə edən Fəzail müəllim, özü illərdir Milli Məclisin "Hüquq siyasəti və dövlət quruculuğu" komitəsinin üzvüdür, orada bir tarixçi kimi məhz mənim hüquqçu olaraq fəaliyyət göstərməli olduğum yeri tutub. Bu məntiqlə, gərək, Fəzail müəllim tarixçi olduğuna görə həmin komitənin üzvlüyündən dərhal istefa verməli və məni həmin komitəyə dəvət etməlidir.

Bir də Fəzail müəllimə tövsiyə edərdim ki, onu əsəbləşdirən "Səfəvilər bizim fəlakətimizdir" ifadəsinin müəllifi Əhməd Ağaoğlunun "İran və inqilabı" əsəri ilə tanış olaraq, bu böyük mütəfəkkirin görüşlərinə də öz iradlarını bildirsin. Çünki Əhməd Ağaoğlu da ixtisasca tarixçi olmayıb və o da deyəsən, icazə almadan tarix və din mövzularında bir-birindən dəyərli əsərlər yazıb.

Ən sonda isə hörmətli Fəzail müəllimə heç gözləmədiyim bir müqayisəyə görə qısa bir iradımı da bildirmək istərdim.

Mənim hörmətli həmkarım və tanınmış tarixçi alim Yaqub Məmmədova insan kimi böyük hörmətim var və tariximiz barədə xeyli faydalı işlər gördüyünü inanıram. Ancaq hörmətli Yaqub müəllimin hörmətli Fəzail Ağamalı üçün tarix sahəsində bir avtoritet olması o demək deyil ki, hamı bunu qəbul edib, əlini-qolunu yanına sallayıb yerində oturmalıdır. Mənim üçün bu sahədə başqa avtoritetlər var və onların içində Mommzen, Toynbii, Carr, Zəki Vəlidi, Faruq Sümer və bu kimi onlarla tarix dühası var.