İsa BƏHLULOĞLU
İllərdir ki, bu məmləkətdə SÖZ mahiyyətinə uyğun işlədilmir, təyinatından kənara çıxır, məzmunla uzlaşmır. Heç adlar da xarekteri açmır. Əgər əksi baş versəydi, Dekart demişkən, “Dünyanı problemlərin yarısından xilas etmək olardı”, müşkül məsələrərimizin də çoxu həllini tapardı. Diaqnozu səhv ifadə edərsən, əks effekt verər.
Bizdə total olaraq hər yerdə – təhsildə, rəsmi KİV-lərdə, Tv-lərdə, mötəbər tədbir və müşavirələrdə, hesabatlarda… olmayan olan kimi təqdim edilir. B. Disraelinin fikridir: “3 cür yalan var – adi yalan, ağ yalan və iyrənc yalan, 3-cü statistikanın (hökümətin) yalanıdır”.
Bir-iki fakt: Bir milyondan çox iş yeri, adambaşına düşən gəlirin ildən-ilə artması, milli sərvətlərin vətəndaşlar arasında bərabər bölünməsi, korrupsiyaya qarşı mübarizə, söz, mətbuat, ifadə azadlığı, lider dövlət, azad, ədalətli, bərabər seçkilər, analoqsuz iqtisadi inkişaf, tezliklə QARABAĞın geri qaytarılması və s.və i.a…
Hər kəs (hesab sora bilmirsə) əlini qoysun vicdanına və heç olamazsa xatırlamağa çalışsın: 23 illik iqtidarı dövründə YAP hakimiyyəti ölkənin problemlərindən hansını həll edib?! Statistika və rəsmi bəyanatlar doğrudursa, bu qədər işsiz, məcburi əmək mühacirləri, 10 minlərlə azərbaycanlı qastarbayterlər, əmək haqqı və təqaüdlərin rüsvayçı həcmi, büdcənin talan edilməsi, rüşvət və korrupsiyanın tüğyan etməsi, fərqli fikir sahiblərinin təqib olunması, həbsə atılması, seçkilərin saxtalaşdırılmasının beynəlxalq etirafı, milli valyutanın kəskin dəyərsizləşməsi, ərazi bütövlüyünün bərpa edilməməsi… nədən qaynaqlanır? Normal şüur, rasional düşüncə sahibi bu anormallığın YAP-ın yarıtmaz idarəçiliyindən, korrupsiyalaşmış məmurların kütlüyündən, qeyri-peşəkarlıq və intellektsizliyindən, hakimiyyət hərisliyindən, müasir dünyanı oxuya bilməmələrindən, məsuliyyət hissini itirdiklərindən qaynaqlandığı qənaətinə gələr. Bu qənaəti bölüşmək üçün sadəcə yapçılıqdan imtina etmək yetər.
Nadana, cahilə – savadlı, dahi; qorxağa – qəhrəman, cəsur; tərəddüd edənə, çəkinənə – qətiyyətli; yaltağa, məddaha, komformistə- bacarıqlı, qabiliyyətli; oğruya, yalançıya – dürüst, əxlaqlı; imansıza – vətənpərvər deyilən məmləkətin cəmiyyəti o səviyyədə paternallaşır ki, sonucda özünə hörmət, şəxsi ləyaqət, qürür, azadlıq hissi tam korşalır, apatiya həyat tərzinə çevrilir. Belə psixoloji komplekslərin daşıyıcılarına istənilən kənar iradəni çox asanca təlqin etmək olur. Konstitusiyanı hər 7 ildən bir də, lap 70 gündən bir də dəyişdirmək və belə “secici”lərə kiçik bir sosial qrupa sərf edən səsvermə nəticələrini iştahla həzm etdirmək çətin olmur.
Yekunlaşdırım, siyasətin dəyişməyən klassik bir formulu var: kimin üçün faydalıdır? Yəni, bu və ya digər hadisənin sonucunda kim qalib gəlmişdir? Prosesin kim tərəfindən planlaşdırılmasının, icraçının, orada kimlərin iştirak etməsinin o qədər də əhəmiyyəti yoxdur. Önəmli olan odur ki, nəticə kimin üçün faydalıdır…?
Mirzə Cəlilin “Yol“ yazısı yadıma düşdü. O böyük ədibin ruhundan üzr istəyib, son cümləsini yoldaşlarım üçün improvizə edəcəyəm:
"…Əlhəmdülilləhir, sən ki şüurlu seçicisən və bundan öncə iki dəfə Referenduma şahidlik etmisən?! eM eS Ka-nın fantaziyasına da bələdsən".