XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

17 Mart 2015 - 16:26

Ayaz Mütəllibov hökumətə çağırış etdi

Ayaz Mütəllibov hökumətə çağırış etdi

Hökumət bu gün Milli Məclisin qarşısında 2014-cü ilin sosial-iqtisadi yekunlarına dair hesabat verdi.
Milli Məclisin sədri Oqtay Əsədov hesabatın müfəssəl və dəqiq hazırlandığını dedi. Bildirdi ki, sosial-iqtisadi, milli təhlükəsizlik, mülki müdafiə və s. sahələrdəki vəziyyət sənəddə tam əksini tapıb.
Hesabatı baş nazir Artur Rəsizadə təqdim etdi. Lakin baş nazir ən əsas suala cavab vermədi: ölkə iqtisadi böhrandan necə çıxacaq, neft asılılığından necə xilas olacaq?
Bir çox təhlilçilər neftin bu həftə yenidən 40 dollara enəcəyini proqnozlaşdırırlar. Sinqapurun “United Overseas Bank”ının ekspertləri bildirir ki, neftin qiymətinin düşməsi “investorların ABŞ-ın “qara qızıl” ehtiyatlarının rekord həddə çatmasından və bu ehtiyatların artmaqda davam etməsindən irəli gələn narahatlığı ilə bağlıdır”.
“Goldman Sachs” mütəxəssislərinin verdiyi məlumata görə, 2015-ci ilin IV rübündə ABŞ-da neft hasilatı sutkada 230 min barrel artacaq.
Faktiki olaraq dünya 1980-ci illərdən bu yana ən ucuz neft dönəmi ərəfəsindədir. Bu isə şübhəsiz ki, Azərbaycan da daxil olmaqla bütün neft istehsalçılarına ciddi zərbə olacaq.
Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov virtualaz.org saytına müsahibəsində də buna şübhə etmədiyini bildirib.
A.Mütəllibov hökuməti “neft iynəsi”ndən mümkün qədər tez xilas olmağa çağırır: “Bəli, 1990-cı illərin əvvəllərində bizim neftə stavka etməyimiz vacib addım idi. Bunu etməli idik. çünki bunun ilk növbədə geosiyasi aspekti var idi. Dünya birliyində öz yerimizi tutmalı idik. Lakin ölkə daxilində paralel olaraq başqa proses də getməli, qeyri-neft sektoru inkişaf etdirilməli idi. Kiçik və orta sahibkarlıqla məşğul olan insanlara azadlıq verilməli idi. Məsələn, əksər Avropa ölkələrinin büdcəsinin 40 faizi məhz kiçik və orta sahibkarlığın inkişafı sayəsində əldə olunan daxilolmalar hesabına formalaşır.
Doğrudur, son illər Azərbaycanda bu istiqamətdə az iş görülməyib, amma qeyri-neft sektoru hələ də büdcənin vacib gəlir mənbələrindən birinə çevrilməyib. Neftdən asılılıq hələ də böyük olaraq qalır. Halbuki ölkədə, məsələn, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün bütün imkanlar və perspektivlər var. üstəlik bu sektor üçün tarixən formalaşmış hazır bazar da var – Rusiya bazarı. Yəni Azərbaycanın aqrar-sənaye sektorunun inkişafı və onun Rusiya bazarında özünə möhkəm yer tutması üçün bütün imkanlar var. Məncə, bu sahəni mümkün qədər tez və sürətlə inkişaf etdirmək lazımdır. çünki İran və Türkiyə kimi digər qonşu ölkələr son vaxtlar bu bazarda hədsiz fəallıq göstərirlər”.
A.Mütəllibov Azərbaycan iqtisadiyyatında restrukturizasiya aparmağı da vacib sayır: “Sahibkarları, əsasən də fermerləri “vergi tətilləri”nə buraxmaq, kiçik və orta sahibkarlığın inkişafına təkan vermək lazımdır. Belə olan halda kiçik sənaye və kənd təsərrüfatı müəssisələrinin sahibləri həm özləri qazanacaqlar, həm də dövlətə vergi ödəyəcəklər. Azərbaycanda yüngül sənaye və elektronika sahələrini inkişaf etdirmək üçün də geniş imkanlar var.
Mən bütün bunlar barədə ona görə belə inamla danışıram ki, Azərbaycan iqtisadiyyatını yaxşı bilirəm. Bunları kimdənsə eşitməmişəm, özüm görmüşəm. Azərbaycan iqtisadiyyatının nəyə qadir olduğunu təcrübədən bilirəm. İqtisadiyyatın liberallaşdırılması və inhisarçılıqdan xilas edilməsi istiqamətində bir sıra zəruri islahatlar aparılsa, onda ölkəmiz bu böhrandan daha ağrısız çıxar.
Hələliksə vəziyyət belədir ki
, inhisarlar kiçik təsərrüfatları yeyir. Bununla da kiçik və orta sahibkarlığın inkişafı prosesi ləngiyir. Bu da bazar iqtisadiyyatının fəlsəfəsinə ziddir. Bu gün neftə əvvəlki kimi tam arxayın olmaq, yalnız neftə bel bağlamaq olmaz. Ona görə də hökumət ləngimədən əməli işə keçməli, ölkə iqtisadiyyatını neft asılılığından xilas etməlidir”.
Virtualaz.org