XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

28 Sentyabr 2016 - 07:08

81 milyonun izlədiyi ilk debatda kim önə çıxdı:Tramp, yoxsa Klinton?

tram-klinton-debat

ABŞ prezidentliyinə namizədlər Hillari Klinton və Donald Tramp aralarındakı ilk debatdan sonra kampaniya marafonunu davam etdirirlər. Müstəqil təhlilçilərin böyük hissəsi debatdan sonra Hillari Klintonun üstünlük qazandığını və noyabrın 8-də prezident seçkilərindən öncə onun ölkə üzrə rəy sorğularında irəliyə çıxmasına yol açacağını düşündüklərini bildirirlər.

Debatdan əvvəlki rəy sorğuları iki namizəd arasında az fərqlə kəskin rəqabətin olduğunu göstərirdi. Rəy sorğularına əsasən, demokrat Klinton respublikaçı Trampdan iki faiz irəlidədir.

Lakin Atlantada Emori universitetində siyasi təhlilçi Alan Abramoviç və sorğular üzrə təhlilçi Neyt Silver Klintonun debat boyu Trampı müdafiə vəziyyətində saxlaya bildiyi üçün daha iki faiz irəliyə çıxacağını gözlədiklərini bildirib. Klinton debat boyu Trampı gəlir vergilərini ödəməkdən imtina etməsi, tikdirdiyi qolf meydançaları və kazinolarda müqavilə üzrə çalışanlara əmək haqqı verməməsi və qadınlara qarşı təhqiramiz ifadələr işlətməsinə görə tənqidlərə məruz qoyub.

"Onun rəy sorğularında göstəricilərinin artdığını görsəm, təəccüblənmərəm. O, bir az da irəliyə çıxa bilər. Bu, fikrimcə, Tramp üçün çətinlik yarada bilər" – deyə Abramoviç "Amerikanın Səsi"nə bildirib. Onun sözlərinə görə, bu, respublikaçı namizədin ümumi seçki yolu ilə deyil, ştatbaştat səsvermə yolu ilə müəyyən edilən ABŞ prezident seçkilərində seçki kollegiyasında səslərin çoxunu qazana bilməsini çətinləşdirə bilər.

Abramoviç Klintonun debatda davranışını yüksək qiymətləndirərək, onun müxtəlif məsələlər ətrafında fikri mübadiləsi aparmağa qadir olduğunu deyib. O, Trampın irq və gender məsələləri ilə bağlı diskussiya aparmaqda çətinlik çəkdiyini düşündüyünü bildirib.

Corc Vaşinqton universitetində siyasi elmlər üzrə mütəxəssis Con Sayds isə bildirib ki, media nümayəndələrinin əksəriyyəti Klintonun Trampdan daha yaxşı çıxış etdiyini hesab edir. "Mediada konsensusun seçicilərin debata baxışlarının formalaşdırılmasında roluna dair dəlilin olması Klintonun debatdan Trampdan daha çox bəhrələnə biləcəyini deməyə əsas verir" – deyə o bildirib.

Bununla belə, Donald Tramp "Fox" xəbər agentliyinə müsahibədə daha yaxşı çıxış etdiyini deyib. O, növbəti debatda Klintona "daha ağır zərbə" endirə biləcəyini əlavə edib.

ABŞ prezidentliyinə namizədlər arasında bir sıra telekanallar tərəfindən canlı yayımda nümayiş etdirilən ilk debatı 81 milyondan çox insan izləyib. Milyonlarla insan debatı internet vasitəsilə izləyib. 

Amerikanınsesi.org