XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

28 Sentyabr 2016 - 10:40

«REAL» Hərəkatı İdarə Heyətinin üzvü sərhəddə saxlandı –Səbəbini bilmir

azerqasimli-1

«REAL» Hərəkatı İdarə Heyətinin üzvü Azər Qasımlının ölkədən çıxışına icazə verilməyib. Sentyabrın 28-də o, xaricə gedərkən Böyük Kəsik keçid məntəqəsində saxlanılıb.

Bu haqda Azadlıq Radiosuna A.Qasımlı özü məlumat verib: «Gürcüstana gedirdim. Böyük Kəsik keçid məntəqəsində mənə bildirdilər ki, ölkədən çıxışma qadağa qoyulub. Amma ölkədən çıxışa qadağa qoyulması barədə mənə əvvəlcədən hər hansı xəbərdarlıq edilməyib».

A.Qasımlı ehtimal edir ki, bu qadağanı Baş Prokurorluq qoya bilər: «Hərəkatın həbsdə olan sədri İlqar Məmmədovla bağlı hazırlanan və müsadirə edilən flayerlərlə bağlı İdarə Heyətinin bütün üzvlərini o vaxt dindirirdilər. Mən düşünürəm ki, bu bununla bağlı ola bilər. Müstəntiqlə də danışdım, mənə dedi ki, işə gəlib, araşdıraraq cavab verəcək».

Azər Qasımlı bu gün səhər saat 9-dan sonra ölkədən çıxışına qadağa qoyulmasının səbəbini öyrənməkdən ötrü yenidən müstəntiqlə əlaqə saxlayıb: «Müstəntiq mənə hələ araşdırma getdiyini bildirdi. Üstəlik qeyd etdi ki, bu gün Gürcüstana gedə bilməyəcəksən, odur ki, geri qayıdıb onunla görüşüm. İndi geri, Bakıya qayıdıram».

REAL Hərəkatı bu ilin iyununda qurumun həbsdə olan sədri İ.Məmmədovla bağlı flayerlər sifariş vermişdi. Sifariş «Qanun» nəşriyyatına verilib. Flayerlər hazır olduqda binada bomba olması haqda onlara bilgi gəldiyini bildirən polis axtarışlara başlamışdı. Bu il iyunun 11-də baş verən həmin hadisə zaman flayerlər də müsadirə edilmişdi.

«REAL» Hərəkatının İdarə heyətinin başqa bir üzvi Natiq Cəfərli də bu il avqustun 12-də qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilərək həbs olunmuşdu. Sonradan sentyabrın 9-da o, Bakıdan çıxışına yasaq qoyulmaq şərti ilə azadlığa buraxılıb.