XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

29 Sentyabr 2016 - 09:35

“Əlbəttə ki, Türkiyə ilə bütün sahələrdə güclü əməkdaşlığımız var, amma..” –Politoloqdan Dağlıq Qarabağ problemi ilə bağlı şərh

politoloq

Şahin Cəfərli: “Yaranmış vəziyyət onu tələb edir ki, iki qardaş ölkə arasında bu mövzuda məsləhətləşmələr aparılsın”

“Rusiya-Ermənistan müttəfiqliyinin getdikcə daha da möhkəmlənməsi və dərinləşməsi Azərbaycan üçün olduqca xoşagəlməz hadisədir”.

Politoloq Şahin Cəfərli Rusiya-Ermənistan hərbi əməkdaşlığının genişlənməsini, Rusiyanın Ermənistan səmasını qorumaqla bağlı sənədi təsdiqləməsini şərh edərkən belə dedi.

Ekspertin sözlərinə görə, bu faktorun işğal altındakı ərazilərimizi azad etmək imkanlarımızı məhdudlaşdırdığını, ümumən Azərbaycan dövləti üçün çəkindirici amil olduğunu etiraf etməliyik: “Məsələn, Qarabağda müharibə başlasa, biz Ermənistana hər hansı təhdid yarada bilməyəcəyik, işğalçı ölkənin hər hansı hərbi obyektinə zərbə endirmək mümkün olmayacaq, çünki işğalçı möhkəm müqavilə-hüquq bazası ilə Rusiyaya bağlanıb və onun qoruması altındadır. Savaş başlayarsa, Ermənistan Azərbaycan sərhədlərində yalnız kiçik sərhəd qoşunları kontingentini saxlayaraq öz ordusunu bütövlükdə Qarabağa göndərə biləcək. Bədbinlik yaratmaq niyyətində deyiləm, amma Azərbaycanın hər hansı dövlətlə və ya hərbi blokla Ermənistan-Rusiya hərbi müttəfiqliyinə bərabər səviyyədə inteqrasiyaya gedəcəyinə inanmıram, ən azı yaxın perspektivdə”. 

Ş.Cəfərli bildirdi ki, bu barədə danışarkən ilk növbədə hər kəsin ağlına Türkiyə gəlir: “Əlbəttə ki, Türkiyə ilə bütün sahələrdə güclü əməkdaşlığımız var, amma əməkdaşlığın hərbi aspekti hələ müttəfiqlik səviyyəsinə yüksəlməyib. İkitərəfli və çoxtərəfli əsasda Azərbaycanın təhlükəsizliyinə heç bir təminat yoxdur. Rusiya ilə münasibətlərinin pisləşdiyi dövrdə Türkiyə Moskvanın öz nüfuz dairəsi hesab etdiyi postsovet məkanında, o cümlədən Cənubi Qafqazda fəal siyasət yeritməyə başlamışdı. Münasibətlər düzəldikdən sonra isə Türkiyənin siyasətində ehtiyatlılıq hiss olunur. Bu səbəbdən  Türkiyə-Rusiya yaxınlaşmasının bizim maraqlarımıza elə də uyğun olmadığını mən davamlı vurğulayıram. Türkiyə bizim bölgədə Rusiya ilə qarşı-qarşıya gəlməyəcək. Halbuki Rusiyanın Türkiyə sərhədlərində və Qara dənizdə güclənməsi, Ermənistanda hücum xarakterli silahlar da daxil olmaqla, böyük hərbi qüvvə yerləşdirməsi Türkiyənin təhlükəsizliyinə ciddi təhdiddir. Əslində Azərbaycanla yanaşı, bu proseslər Türkiyəni də narahat etməlidir və yaranmış vəziyyət onu tələb edir ki, iki qardaş ölkə arasında bu mövzuda məsləhətləşmələr aparılsın”.

Politoloq Rusiya-Ermənistan hərbi əməkdaşlığından bəhs edərkən məsələnin tarixçəsinə nəzər salmağı da zəruri saydı: “2001-ci ildən Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasında iki ölkənin hava hücumundan müdafiə sistemi hərbi növbətçiliyə başlayıb. Bu, MDB-nin 1995-ci ildə yaradılmış birləşmiş hava hücumundan müdafiə sisteminin tərkib hissəsidir. Azərbaycan bura daxil olmayıb. Rusiya prezidenti Vladimir Putin 2015-ci il noyabrın 11-də Ermənistanla birlikdə Qafqaz regionunda birləşmiş regional HHM sisteminin yaradılması barədə müqavilə imzalanması barədə göstəriş verib. Növbəti ay – dekabrın 23-də tərəflər arasında ”Qafqaz regionunda vahid təhlükəsizlik çərçivəsində Rusiya Federasiyası və Ermənistanın vahid hava hücumundan müdafiə sisteminin yaradılması haqqında" müqavilə imzalanıb. Ermənistan parlamenti bu ilin iyununda bu müqaviləni ratifikasiya edib. İndi isə sənədin Rusiya tərəfindən ratifikasiyası üçün prosedurlar başlayıb. Bunlar Rusiya-Ermənistan hərbi müttəfiqliyi çərçivəsində atılan addımlardır. İki ölkə arasında vahid HHM sisteminin yaradılması Rusiyanın MDB çərçivəsində birləşmiş hava hücumundan müdafiə sistemi yaratmaq planının tərkib hissəsidir. Rusiyanın siyasəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı məkanında regional prinsip əsasında yaradılan HHM sistemlərinin inteqrasiyasına hesablanıb. Bu regional sistemlər (Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz) Rusiyanın nəzarətində vahid HHM sistemini əmələ gətirəcək. Müqavilə Ermənistana Rusiya Hava-Kosmik Qüvvələrinin (HKQ) imkanlarından istifadə etməyə imkan verəcək, bura Rusiya HKQ-nin peyk sistemindən istifadə etmək də daxildir". 

Bu mənada Ş.Cəfərli hesab edir ki, Ermənistan istəsə, Moskvanın razılığı əsasında Azərbaycana və Türkiyəyə qarşı kəşfiyyat məqsədilə bu peyk sistemindən yararlana bilər: “Hətta sənəd formal baxımdan Rusiya-Ermənistan əməkdaşlığı çərçivəsində nüvə silahının tətbiqinə də imkan verir. Əlbəttə ki, belə bir hadisənin baş verməsi real deyil, amma müqavilədə bu da var və biz bunu da bilməliyik. Təsadüfi deyil ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan parlamentdəki müzakirə zamanı bu sənədin ölkə üçün böyük imkanlar açdığını bildirərək, Rusiyanın hərbi potensialından, o cümlədən hərbi aviasiyasından istifadə etmək hüququna malik olacaqlarını xüsusi vurğulayıb. Rusiyanın 4-cü nəsil çoxfunksiyalı qırıcıları, C-300 sistemləri, radiolokasiya sistemləri və digər hərbi vasitələri Ermənistanın xidmətində olacaq. Əslində mahiyyət etibarilə yeni bir şey baş vermir, iki ölkə arasında uzun illər mövcud olan müttəfiqlik münasibətlərini daha da möhkəmləndirən addımlar atılır. Hələ 1997-ci ildə imzalanmış ”Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım" müqaviləsində hərbi təhdid qarşısında iki ölkənin bir-birinə qarşılıqlı yardım etməsi təsbit olunub. 1992-ci ildə imzalanmış müqaviləyə əsasən Rusiya Ermənistanın Türkiyə və İranla olan sərhəd xəttinin mühafizəsini öz üzərinə götürüb. Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində də Ermənistanın təhlükəsizliyinə təminat verib".  (Müsavat)