XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2016 - 12:07

ABŞ-ın “B planı”:Qiyamçılara Rusiya və Suriya mövqelərini uzaqdan vuran silahlar verilir

kerri-lav

Suriya və Rusiya silahlı qüvvələri bir həftəyə yaxındır Suriyanın Hələb şəhərini bombalayır, ərazini terrorçulardan təmizlədiklərini deyirlər. Bir neçə xəstəxana, çörəkxana yerlə-yeksan edilib.

Abcnews-un məlumatına görə, keçən həftə şəhərə 1700 bomba zərbəsi endirilib, minə yaxın adam, o cümlədən yüzlərlə uşaq ölüb. «Ağ dəbilqəlilər» xilasetmə təşkilatı Hələbdə cəmi 30 həkimin qaldığını, ordunun kaset və bunker əleyhinə bombalardan istifadə etdiyini bildirir.

«DİPLOMATİYADAN KƏNAR» VARİANTLAR

Hələbdə baş verənlər Vaşinqtonun ciddi etirazını doğurub. ABŞ-ın dövlət katibiCon Kerri sentyabrın 28-də rusiyalı həmkarı Sergey Lavrova zəng edərək, Hələbdə əməliyyatlar dayandırılmazsa, danışıqlar prosesinin dondurulacağını, cihadçılara qarşı birgə əməliyyat planının üstündən xətt çəkəcəklərini bildirib.

«New-York Times» yazır ki, J.Kerrinin telefon zəngi Vaşinqtonun Moskvaya atəşkəs pozulandan bəri ən ciddi xəbərdarlığıdır. Amma Vaşinqton bu hədələrlə kifayətlənmir.

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi sentyabrın 28-də deyib ki, Obama administrasiyası münaqişənin həllindən ötrü «diplomatiyadan kənar» variantları gözdən keçirir. J.Kirbi detallara varmayıb.

«The Wall Street Journal»ın Amerika rəsmilərinə istinadla yaydığı məlumata görə, Birləşmiş Ştatlar Suriyadakı qiyamçılara silah verilməsi barədə müzakirələri bərpa edəcək. Ordudan qorunmağa çalışan qiyamçıların silahla təmin olunması məsələsi əvvəl də müzakirə edilirdi, söhbət dövlət katibi Con Kerrinin Rusiyayla danışıqlarına imkan vermək məqsədilə bağlanmışdı.

«B PLANI»

«The Wall Street Journal» yazır ki, administrasiyanın «B planı» adlandırdığı plan qiyamçıların rus və Suriya mövqelərini uzaqdan vurmaq imkanı verən silahlarla təmin olunmasını nəzərdə tutur. Obama administrasiyası qiyamçıların hava hücumundan müdafiə sistemi ilə təminatını istisna edirdi, ancaq bəzi rəsmilər bu məsələnin də gündəmdə olduğunu bildirirlər.

Rəsmilərin sözlərinə görə, Suriya və Rusiyanın Hələbdəki əməliyyatlarının sürəti Ağ Evi müzakirələri tezləşdirməyə və öncə ehtiyatla yanaşdığı variantlara baxmağa vadar edir. Belə ki, Birləşmiş Ştatlar regiondakı müttəfiqlərinin, o cümlədən Türkiyə və Səudiyyə Ərəbistanının da Suriyadakı qiyamçıları silahlandırmasına imkan verə bilər. «The Wall Street Journal» belə yazır.

«Russia Today» isə diqqəti J.Kirbinin çıxışına çəkir, onun Rusiyaya açıq-aşkar hədə-qorxu gəldiyini bildirir. «Ekstremist qruplar Suriyadakı boşluqdan istifadə edib əməliyyatlarını genişləndirə, Rusiyanın maraqlarına, hətta Rusiya şəhərlərinə zərbə vura bilərlər. Onda Rusiya öz qüvvələrini meyit torbalarında qaytaracaq, daha çox resurs, daha çox təyyarə itirəcəklər». J.Kirby belə deyib.

YUMŞAQLIQ

«Russia Today» Rusiya xarici işlər naziri Sergey Lavrovun J.Kerri ilə telefon söhbəti haqda tamam fərqli danışdığını vurğulayır. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, söhbət zamanı Lavrov həmkarına Amerikanın Suriyadakı qiyamçıların fəaliyyətinin dayandırılmasıyla bağlı öhdəliklərə əməl etməsinin vacibliyini bildirib.

Rusiya ilə ABŞ bu ay Suriyada atəşkəslə bağlı razılığa gəlmişdilər. Suriyaya yardım aparan BMT maşın karvanı bombalanandan sonra atəşkəs pozuldu. Vaşinqton hücuma görə Rusiyanı qınayır. Bəzi ABŞ rəsmiləri isə Vaşinqtonu yumşaqlıqda günahlandırırlar.

Bu həftə Kolumbiyaya səfəri zamanı jurnalistlərdən biri dövlət katibi Con Kerriyə «Sizə elə gəlmirmi ki, Rusiya Amerikanı barmağına dolayıb?» deyə sual verib. Kerri ona «Danışıqlar aparılmasaydı, zorakılıq davam edər, daha çox adam ölərdi» deyə cavab verib.