“Siyasətçilər, nəzarətçilər referendumun Azərbaycan xalqının hazırki hakimiyyətə və onun tutduğu siyasətə olan etibarını vurğulayır”.
Bu sözlər Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin referendumla bağlı “Moskva – Bakı” nəşrinə açıqlamasında yer alıb.
Onun sözlərinə görə, təklif olunan dəyişikliklər Azərbaycanın siyasi həyatını yaxşılaşdıracaq, onu daha etibarlı, daha təhlükəsiz bir ölkəyə çevirəcək: “Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması ideyasını olduqca faydalı hesab edirəm. Vitse-prezident vəzifəsinin yaradılması təklifini də yüksək qiymətləndirirəm. Vitse-prezident prezidentin yükünün bir hissəsini öz üzərinə götürə bilər. Digər tərəfdən əgər ölkə başçısı hansısa səbəblərdən öz vəzifəsini yerinə yetirə bilməzsə, onu məhz vitse-prezident əvəz edə bilər”.
Jirinovski prezident İlham Əliyevlə görüşdüyünü deyib: “Mən bir neçə dəfə İlham Əliyevlə görüşmüşəm. O, çox savadlı, gələcəklə ayaqlaşan prezidentdir. Referendumda nəzərdə tutulan dəyişikliklər icra edilərsə, Azərbaycan daha stabil bir ölkəyə çevriləcək".
LDPR lideri referenduma mənfi rəy verən Venesiya Komissiyasını “NATO, AB və nəhayət, ABŞ dövlətinin maraqlarına xidmət etməkdə” ittiham edib: "Dünyada hansısa bir ölkənin güclü hakimiyyətə sahib olması isə sözügedən qurumların və dövlətin marağında deyil. Belə cəhdləri biz Yaxın Şərqdə və Orta Asiyada müşahidə etmişik. Buna görə də əminliklə demək olar ki, Azərbaycan xalqı və onun lideri olduqca düzgün addım atır. Belə rəylərə və qərəzli fikirlərə diqqət vermək lazım deyil”.