XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2016 - 15:03

“Azərbaycanlı Cəlilabaddan kartofunu gətirib, sata bilmir” –"Azərsun"dan qiymət artımına ilginc reaksiya

erzaq.jpg

Azərbaycanda qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində böyük payı olan “Azərsun Holding”in də adı öz mallarını bahalaşdıran şirkətlərin sırasında keçir. Bununla bağlı “Azərsun Holding” məsələyə aydınlıq gətirib.

“Azersun Holding” MMC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov bildirib ki, son 10 gün ərzində qiymət siyasətində hər hansı dəyişiklik edilməyib:

“Dünən bir neçə informasiya portalında qiymət artımı, “Azərsun Holding”in qiymətləri bahalaşdırması ilə bağlı yazı dərc edib. Mən bildirirəm ki, bu, bizim şirkətə qarşı aparılan kampaniyadır, süni ajiotaj yaratmağa xidmət edir.

Məlumat üçün bildirim ki, son günlər şirkətimizin istehsal etdiyi süd , duz məhsullarında qiymətlər aşağı salınıb. Yazılarda isə əksi qeyd olunur.

Bizdə qiymətlər ”üzən məzənnə” siyasətilə ən aşağı hədlə müəyyənləşir. Şirkət olaraq başa düşürük ki, məhsulun istehlakçısı bizim insanımızdır, tarlada işləyən kəndlidir. Biz istehlakçımızı bu ajiotaj dolu xəbəri yazan jurnalistdən daha çox düşünürük. Yalançı qəhrəmanlar bizim istehsalımız olan və olmayan məhsulları siyahıya daxil edib “Azərsun qiymətləri qaldırdı” yazırlar”.

A.Səfərov deyib ki, bahalaşan malların siyahısında şirkətin istehsalı olan məhsullar yoxdur:

“İdxal rüsumunun tətbiqi kənd təsərrüfatı sektorunda çalışan insanların dəstəklənməsi baxımından əvəzolunmaz addımdır. Nəticədə yerli kənd təsərrüfatı məhsullarının, daxili xammal ehtiyatlarının artırılmasına töhfə verəcək.

Belə bir təcrübənin Azərbaycanda tətbiq olunması təqdirəlayiqdir.

Doğrudur, gömrük rüsumu qaldırılan məhsulların siyahısında “Azərsun Holding”in istehsalı olan oxşar mallar yoxdur. Amma ümid edirik ki, bu, şəkər məhsuluna da şamil olunacaq. Çünki, yaxın illər ərzində dövlət başçısı və müvafiq qurumlar tərəfindən konkret hədəf qoyulub ki, şəkərin xammal ehtiyatları ölkədaxili imkanlar hesabına qarşılansın.

Biz bu istiqamətdə təxirəsalınmaz addımlar atırıq. Əvvəllər şəkər çuğunduru yalnız yay fəslində əkilirdi. Artıq qışlıq şəkər çuğundurunun əkilməsinə də başlamışıq. Beləliklə də, daha çox əkin sahələrinin yaradılması və daha çox insanın işlə təmin olunması baş verəcək”.

Şirkət rəsmisi “qərar təqdirəlayiqdir, amma “Azərsun Holding” yerli bazarı öz istehsalı ilə təmin etmək iqtidarındadırmı” sualına belə cavab verib:

“Biz ümid edirik ki, proses davam edəcək. İdxal rüsumu şəkər və konserv məhsullarını da əhatə edəcək. Belə olduğu təqdirdə xarici məhsullarla rəqabətdə yerli məhsul daha güclü olacaq. Bizim məhsulların istehsalçısı kəndlilərdir. İmişlidə, Biləsuvarda on minlərlə kəndli istehsal prosesinə cəlb olunub.

Təəssüf ki, bəzi mətbu orqanlar idxal rüsumunun tətbiq olunmasını növbəti bahalaşma dalğasının olacağı ilə anons edirlər.

Məhsul istehsal olunan zaman anbarlarımızda olan xammal ehtiyatları hansı qiymətlə alınırsa, istehsal qiymətləri bu baxımdan tənzimlənir. Məhsulların qiyməti də buna adekvat olaraq müəyyən olunur. Qiymətləri bazar tənzimlədiyi üçün də qiymətlərdə artma və azalmaların olması təbiidir.

Ölkə daxilində istehsalı genişləndirmək lazımdır. Əgər Rusiyaya şəkər ixrac etsək, baxın, nə qədər vergi ödəmək məcburiyyətində qalarıq. Çünki, onlar daxili istehsalı qoruyurlar.

Məsələn, pakistanlı kartofunu Azərbaycana gətirib satır, çünki, ona sərf edir. Amma azərbaycanlı Cəlilabaddan bura kartof gətirib sata bilmir. Çünki sərf etmir. Niyə? Bax, bu sualın cavabı üçün dövlət idxal rüsumu tətbiq edir”.

Modern.az