Bu ilin yanvar-sentyabr aylarında 275 çoxmərtəbəli binaya təbii qaz verilib.
SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, “Azəriqaz” İstehsalat Birliyi (İB) çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, birlik bu ilin yanvar-sentyabr aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 275 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 8 min 434 ailə yaşayır.
“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.