XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2016 - 10:54

“İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi”- Bakıda beynəlxalq konfrans keçirilir

Oktyabrın 12-də Bakıda “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (“AICT 2016”) mövzusunda X beynəlxalq konfrans işə başlayıb.

Konfransı açan Qafqaz Universitetinin rektoru Havar Məmmədov tədbirdə 22 ölkədən 80-dən çox nümayəndənin iştirak etdiyini söyləyib. O, konfransın ölkəmizdə müvafiq sahənin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Qeyd edilib ki, konfrans Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Texniki Universiteti, Malayziya Sabah Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları və İdarəetmə Sistemləri institutları, UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu və İqtisadi Əməkdaşlıq Elm Fondunun (ECOSF) təşkilatçılığı, ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu (IEEE) və onun Azərbaycan şöbəsinin texniki, “Nar Mobile” və “DELL EMC” şirkətlərinin maliyyə dəstəyi ilə təşkil olunub.

Bildirilib ki, artıq onuncu dəfə keçirilən konfransın təşkilinin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən ümumi maraq və problemlər ətrafında birləşən elm adamlarını və mühəndisləri eyni coğrafi məkana toplamaqdır. Tədbir İKT-nin təhsildə və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahələrində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamlarını bir araya gətirir və onlara elmi işlərini geniş auditoriyada təqdim etmək, geniş dairəli məsələlərin optimal həllərini tapmaq imkanı yaradır.

Oktyabrın 14-dək davam edəcək konfransda “Böyük verilənlərin idarə edilməsi və tətbiqi”, “Verilənlərin emalı və verilənlər mühəndisliyi”, “Kibertəhlükəsizlik problemləri”, “İKT tətbiqində müasir nailiyyətlər”, “Kommunikasiya, şəbəkə və avadanlıq”, “Biznes, idarəetmə və iqtisadiyyatda İKT”, “Dövlət xidmətlərində İKT”, “Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT”, “Tibb və səhiyyədə İKT” mövzularında müzakirələr aparılacaq(azərtac).