XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2016 - 13:42

Şahin Mustafayev geniş kollegiya iclası keçirtdi:Doqquz ayda hansı işlər görülüb?

sahin nazir

Şahin Mustafayev geniş kollegiya iclası keçirtdi: Doqquz ayda hansı işlər görülüb?

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib.

İqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev bildirib ki, İqtisadiyyat Nazirliyinin səlahiyyətləri çərçivəsində makroiqtisadi sabitliyin qorunması, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması tədbirləri davam etdirilməli, mütəmadi təhlillər aparılmalı və təkliflər hazırlanmalıdır.

İclasda sənaye sahəsində görülən işlər müzakirə olunub

Hazırda yeni yaradılmış Pirallahı Sənaye Parkında dərman zavodunun yaradılmasına hazırlıq işləri görülür və ilkin mərhələdə burada 100-dən çox əczaçılıq məhsullarının istehsalı nəzərdə tutulur. 6 rezidenti olan Neftçala Sənaye Zonasında bütün zəruri infrastruktur qurulub. Hazırda burada Azərbaycan-İran birgə avtomobil zavodu layihəsinin icrası üzrə müvafiq işlər görülür. Ümumilikdə, 3 rezidentin bu ilin sonunadək fəaliyyətə başlaması nəzərdə tutulur. Dövlət başçısının müvafiq Sərəncamına əsasən Masallı rayonunda yaradılan növbəti sənaye zonasının təşkili işləri davam etdirilir.

Nazir Şahin Mustafayev kollegiya iclasında Balaxanı Sənaye Parkında müvafiq infrastrukturun yaradılmasının bu ilin sonunadək başa çatdırılması, yaxın vaxtlarda Pirallahı Sənaye Parkında dərman istehsalı zavodunun tikintisinə başlanması, Masallı Sənaye Zonasının təşkili işlərinin sürətləndirilməsi barədə Nazirliyin aidiyyəti qurumlarına tapşırıqlar verib. Bununla yanaşı, ölkənin digər regionlarında da sənaye zonalarının yaradılması məqsədilə araşdırmalar davam etdirilir. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən Ağstafa və Gəncədə yerli potensiala əsaslanan bu cür sənaye zonalarının yaradılması imkanları araşdırılır və işlər 3 ay ərzində yekunlaşdırılacaq.

Kollegiya iclasında idxal olunan mallar, eləcə də özünütəminat səviyyəsinin yüksək olduğu sənaye məhsulları üzrə təhlillərin aparılması barədə tapşırıqlar verilib. İclasda qeyd edilib ki, ölkəmizdə ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə gələn ilin birinci yarısında regionlarda 10 xalça istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur. Artıq layihəsinin hazırlanması başa çatdırılmış “Azərbaycanda xalçaçılığın inkişafı üzrə Dövlət Proqramı” bu sahənin inkişafına əlavə stimul verəcək.

Kollegiyanın sədri Şahin Mustafayev vurğulayıb ki, bu yaxınlarda Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyev böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan pambıqçılığın inkişaf etdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib. Bildirilib ki, pambıqçılıqla yanaşı, dövlət başçısı tərəfindən üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər ənənəvi sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulub. Bu tapşırıqların icrası üçün sahibkarlara güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir, mütəmadi olaraq istehsalçılarla görüşlər təşkil edilir, qarşıya çıxan məsələlər operativ həllini tapır.

Bundan başqa, dövlət başçısının tapşırığına uyğun olaraq, şəkər çuğunduru istehsalı genişləndirilməli və yeni badam bağları salınmalı, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı məqsədilə təhlillər aparılmalı, əkin sahələri genişləndirilməlidir. Bu məqsədlə 13 rayonda 86 min hektar sahənin növbəti əkin mövsümünə hazırlanması üçün su təminatı dövlət vəsaiti hesabına yaxılaşdırılacaq. Kollegiya iclasında bu sahədə araşdırmaların davam etdirilməsi barədə Nazirliyin aidiyyəti strukturlarına tapşırıqlar verilib.

Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir. Artıq 523 hektar sahədə yaradılmış Yalama Aqroparkının birinci mərhələsi üzrə işlər başa çatdırılıb və Aqropark fəaliyyətə başlayıb. İkinci mərhələdə isə aqroparkda müasir texnologiyanın tətbiqi ilə gündəlik emal gücü 100 ton olan süd emalı zavodu tikiləcək. Zavodda istehsal olunacaq kərə yağı, quru süd və pendir daxili bazarla yanaşı, xarici ölkələrə ixrac ediləcək.

Dövlət başçısının tapşırığına uyğun olaraq, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində, idxalın yerli məhsullarla əvəz olunmasında, ölkənin ixrac potensialının genişləndirilməsində əhəmiyyətli olacaq 20-dək aqroparkın yaradılması nəzərdə tutulur. Bu məqsədlə aqroparkların yaradılacağı yerlər və infrastruktur tələbatı müəyyənləşdirilib. Hazırda aqroparkların yaradılması üçün müvafiq işlər aparılır.

Kollegiya iclasında Bildirilib ki, hazırda “Made in Azerbaijan” brendinin təbliğ olunacağı məhsullara və həmin məhsulların təqdim ediləcəyi mağazalar şəbəkəsinə dair araşdırmalar aparılır, bu sahədə müvafiq qaydalar və meyarlar hazırlanır. İlkin olaraq, İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı “Duty Free” mağazalarında, Rusiyanın tanınmış mağazalar şəbəkələrində “Made in Azerbaijan” rəflərinin yaradılması və Azərbaycan şərablarının, mürəbbə, bal, xalça, kələğayi və s. kimi məhsulların təqdim olunması təklif edilir. Xarici ölkələrin ictimai yerlərində və KİV-lərində “Made in Azerbaijan” brendi ilə Azərbaycan meyvələrinin, şərab və şirələrinin, eləcə də xalçalarının təbliğ olunması planlaşdırılır.

Bununla yanaşı, 2016-cı ildə Çin və Birləşmiş Ərəb Əmirliklərinə, gələn ilin əvvəlində isə Almaniyada keçiriləcək “Yaşıl həftə” sərgisinə təşkil olunacaq ixrac missiyalarına dair hazırlıq işləri aparılır. Bundan başqa, Avropa İttifaqı, Rusiya və ərəb ölkələrinə kənd təsərrüfatı və sənaye məhsullarının ixracı üçün bazar araşdırmalarına başlanılacaq.

Eyni zamanda, ixrac məlumat bazasının (elektron portal) yaradılması üçün işlər davam etdirilir. Artıq elektron portal test rejimində fəaliyyət göstərir.

Nazir Şahin Mustafayev dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsinə dair müsabiqənin təşkili və keçirilməsi, bazar araşdırmasını və tədqiqat-inkişaf proqramlarını həyata keçirəcək ixtisaslaşmış yerli və ya xarici hüquqi və ya fiziki şəxslərin seçilməsi ilə bağlı müsabiqələrin təşkili və keçirilməsi qaydalarının, ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi, beynəlxalq sərgi və yarmarkalarda iştirak meyarlarının bir ay müddətinə hazırlanması barədə Nazirliyin aidiyyəti struktur bölmələrinə göstərişlər verib.

Dövlət başçısının tapşırığına əsasən, istehlak bazarında süni qiymət artımına yol verilməməsi üçün tədbirlər davam etdiriləcək, bu sahədə dövlət və ictimai nəzarət gücləndiriləcək, istehlak bazarında təlabatın yerli məhsullar hesabına daha dolğun ödənilməsi və qiymət intizamına əməl olunmasına diqqət daha da artırılacaq. Bu məqsədlə mütəmadi olaraq təhlilər aparılacaq, qiymət dəyişiklikləri baş verən hallarda səbəblər araşdırılacaq, müvafiq tədbirlər görüləcəkdir.

Kollegiya iclasında həmçinin, qəzalı vəziyyətdə olan məktəblərlə bağlı araşdırmaların yekunlaşdırılması, məktəblərin və digər sosial obyektlərin tikintisi və təmiri məsələlərinin növbəti illərin Dövlət İnvestisiya Proqramlarında nəzərə alınması tapşırılıb.