XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2016 - 23:08

Azərbaycanlı məmurun nağılı:Dilimizdəki və həyatımızdakı QƏRB

m%c9%99mur

Biri var idi, biri yox idi, Azərbaycan adlı ölkədə bir məmur yaşayırdı.

Hər səhər açılan kimi, bu məmur yuxudan durur və üz tuturdu hamam otağına. Əlinə 1870-ci ildə amerikalı Uodsverf tərəfindən patentləşdirilmiş diş fırçasını götürüb dişlərini təmizləyirdi. Onun fırça üstünə sürtdüyü diş pastası isə 1892-ci ildə Amerikalı Şefild tərəfindən icad olunmuşdu.

Məmur kişi olduğundan sonra elektrik üzqırxanı ilə üzünü qırxırdı, onu da 1927-ci ildə ingilis Şik icad etmişdi. Həmin məmur elektrik üzqırxanına keçməmişdən əvvəl isə bir çox yerliləri kimi üzünü “lezva” ilə təraş edirdi. Həmin o “lezva”nı isə 1895-ci ildə amerikalı Jillet ərsəyə gətirmişdi.

Məmurun, təbii ki, bir xanımı da var idi. Həmin xanım  bir qayda olaraq, bəzənib işə gedirdi. Bəzənmək deyəndə, yəni üzünə makiyaj üçün tuş, pomada, pudra və krem sürtərdi. Amma bilmirdi ki, kirpiklərinə çəkdiyi tüş XIX əsrdə ingilis Rommel tərəfindən ixtira olunub, sonradan onun Amerikadakı bacısı Meybellin tuşu daha da təkminləşdirmişdi. (Bu səbəbdən də dünya markası olan tuş Maybellin adını alıb).

Xanımın sifətində gəzdirdiyi üz fırçasını isə 1958-ci ildə amerikalı Rubinşteyn icad etmişdi. Azərbaycanlı xanımın dodaqlarına vurduğu pomada ilk dəfə 1883-çü ildə Fransada icad olunmuşdu. Həmin pomadanı bugünkü formaya yenə amerikalı Guerlain salmışdı, sonradan onu bir başqa amerikalı Maks Faktor təkmilləşdirmişdi. Ən nəhayət, 1947-ci ildə Amerikada pomadanı porşen kimi bu gün gördüyünüz şəklə gətirmişdilər.

Əl-qərəz, söhbəti çox uzatmadan keçək azərbaycanlı məmura.

Məmur üzünü qırxandan sonra səhər yeməyi yeyirdi. O, adətən səhərlər yoğurt yeməyi sevirdi. Amma bilmirdi ki, yoğurt 1930-cu illərdə Fransanın Monon firması tərəfindən icad olunub. Bəzən isə səhərlər sosiskayla qarnını doyururdu. Bu andıra qalmış sosiska isə,  sən demə, 1805-ci ildə avstriyalı Lazer tərəfindən patentləşdirilib.

Təbii ki, məmur ailəsi həmin ərzaqları soyuducuda saxlayırdı. Hansı ki, həmin soyuducu da 1941-ci ildə amerikalı Harri tərəfindən icad olunmuşdu.

Məmurun xanımı bu yeməkləri qaz və yaxud elektrik sobasında hazırlayırdı. Qaz sobası 1825-cü ildə amerikalı Şar tərəfindən dünyanın məişətinə daxil edilmişdi. Sonradan həmin soba 1893-cü ildə Kanadalı Axern tərəfindən təkmilləşdirilmiş və kütləvi istehsalı 1903-cü ildə Almaniyanın AEG firması tərəfindən həyata keçirilmişdi.

Məmur yemək yeyəndən sonra arada kofe də içirdi. Kofe 1901-ci ildə amerikalı Kato tərəfindən kəşf olunmuşdu. Sonradan 1902-ci ildə italiyalı Beccera kofe maşınını patentləşdirmişdi.

Səhər yeməyi yeyə-yeyə televizorda ölkənin iqtisadiyyatında olan irəliləyişləri və pambıq yığımının nəticələrinə baxan məmur bilmirdi ki, seyr etdiyi “sehirli ayna”nı 1919-cu ildə 31 yaşlı amerikalı Zvorıkinin icadıdır.

 Səhər yeməyində televizorda dağılmış Avropa haqqında süjetlərə baxdıqdan sonra evindən çıxıb liftə minirdi. Sən demə, lift də qərblilərin ağlının məhsulu imiş. Onu 1854-cü ildə amerikalı Otis ərsəyə gətiribmiş. Evdən çıxan kimi mindiyi avtomobil isə 1888-ci ildə alman Karl Benç tərəfindən ixtira olunmuşdu. Bençin qızının adı Mersedes olduğu üçün ona bu adı vermişdi. Əvvəllər sürüb dəyişdirdiyi Pejo, Ford və başqa avtomobilləri də indi “acından ölən” qərblilər buraxmışdılar.

Evdən işə asfalt yolla gedirdi. Asfalt yollar ilk dəfə 1932-cu ildə Fransada çəkilmişdi. Aydın məsələdir ki, Avropanın halına yanan azərbaycanlı məmur xeyli pəjmürdə olduğundan, bəzən görməyib qarşısına çıxan svetoforu (işıqfor) maşınla qırmızı işıqda keçirdi. Həmin an qarşısına yol polisi çıxarsa, svetoforu icad edənin atabaatasına söyürdü.

Bəs, bilirsinizmi ki, bu söyüş kimə gedirdi? Yəqin ki yox. Sən demə, söyüş hədəfinə çevrilən şəxs də qərbli imiş. Nədən ki, işıqforu 1914-cü ildə amerikalı Qarret Morqan ixtira etməsəymiş, yəqin ki, həmin məmur da yol hərəkəti qaydasını pozduğuna görə xeyli xərcə düşməyəcəkdi.

Məmur gənc olduğundan, avtomobildə gedərkən telefonla “risovkalanmağı” da çox sevirdi. Amma 100 faiz bilmirdi ki, mobil telefonu ilk dəfə icad edən 1973-cü ildə Amerikanın Motorolla firması olmuşdu. Avropanı bəyənməyən azərbaycanlı məmur telefonla danışdıqdan sonra radionu açırdı ki, bağlanmış ANS-in açılıb-açılmamasını öyrənsın. Avtomobil radiosunun hələ 1929-cu ildə Amerikada icad olunduğunu isə bilmirdi.

Məmur istiyə dözümsüz olduğundan və pəncərədən "xalqının üfunət iyinin içəri dolmasını istəmədiyindən” kondisioneri işə salırdı. Kondisioner də 1902-ci ildə amerikalı Kerrier tərəfindən icad olunmuşdu.

İş yerində kabinetə girən kimi kompüterini işə salırdı ki, “kubik-rubik” oynasın. Çünki  elə bilirdi ki, kompüter elə oyun oynamaq üçündür. Amma, sən demə, kompüter deyilən bu "oyun qutusunu" 1941-ci ildə alman Konrado Cuzenin iş görmək üçün kəşf etmişdi.

Daha sonra selektorla katibəsinə sənəd çap etməyi tapşırırdı. Ondan da xəbərsiz idi ki, dünyada əksər sənədlər “Microsoft Office” proqramında çap olunurdu və bu proqram da Amerika məhsulu idi.

Katibə sənədləri 1953-cü ildə Amerikanın Reminqtonun  ərsəyə gətirdiyi printerdə çap etdikdən sonra şefinə gətirirdi.

Azərbaycanlı məmur köməkçisinə zəng ədərək elektron poçtuna məktub gəlib-gəlmədiyini soruşurdu. Amma bilmir ki, elektron poçt 1972-ci ildə amerikalı Tomplison tərəfindən patentləşdirilib. İşdən sonra diplomatına ABŞ dollarlarını yığaraq və dağılmış Avropanı söyə-söyə gedirdi evinə. Televizoru açıb futbola baxırdı. Futbol XIX əsrdə ingilislər tərəfindən "uydurulmuş" oyun idi.

Nə isə… Azərbaycanlı məmur futbola baxmağa hövsələsi olmadığı üçün televizoru AzTv-yə çevirirdi ki, dağılmış Avropa, savadsız Amerika barəsində yəni xəbərlərə baxsın. Baxa-baxa da oturduğu yerdə mürgüləyərək yatırdı…

Şahbaz Firəngi