“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondunun Avopa İttifaqının dəstəyi ilə icra etdikləri “Məişət zorakılığının aradan qaldırılması üçün tədbirlərin görülməsi” layihəsi çərçivəsində növbəti təlim Quba rayonunda keçirilib. 3 gün ərzində keçirilən təlimdə hüquq-mühafizə, ədliyyə orqanları, yerli icra hakimiyyəti əməkdaşları və məhkəmə işçiləri iştirak ediblər.
15 saatlıq təlim kursu “Gender bərabərliyi və məişət zorakılığı anlayışı”, “Azərbaycanda məişət zorakılığına dair qanunvericilik”, “Məişət zorakılığı hallarında ilkin müdaxilə”, “İnzibati Xətalar Məcəlləsi və məişət zorakılığı halları”, “Cinayət Məcəlləsi və məişət zorakılığı halları” mövzularını əhatə edib. Layihə çərçivəsində təlimlərin keçirilməsi üçün bu mövzuları əhatə edən 5 təlim modulu hazırlanıb. Bu modulların daxil olduğu təlim vəsaiti iştirakçılara paylanıb.
Təlimdə yerli polis, prokurorluq, məhkəmə, ədliyyə və icra hakimiyyəti orqanları əməkdaşlarına məişət zorakılığının əsas səbəbləri və gender bərabərliyi konsepsiyası, zorakılıqdan zərər çəkən şəxsləri müdafiəsi, məişət zorakılığı cinayətlərinin araşdırılması zamanı qanunvericiliyin tətbiqi haqqında ətraflı bilgilər verilib. Eyni zamanda təlim iştirakçıları milli və beynəlxalq qanunvericilikdə məişət zorakılığına, xüsusən də ailə daxilində qadınlara qarşı baş vermiş zorakılıq hallarında müdaxiləyə dair müddəaları öyrəniblər.
Təlimlər zamanı məişət zorakılığı halları baş verərkən qurbanların müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi, zərərverən şəxsin qanun qarşısnda cavabdeh saxlanılması sahəsində bacarıqların artırılması üçün praktik məşğələlər də keçirilib.
Təlimə Almaniya Texniki Əməkdaşlıq Təşkilatının (GIZ) proqram rəhbəri Fidan Qasımova da dəvət olunub.
“Məişət zorakılığının aradan qaldırılması üçün tədbirlərin görülməsi” layihəsinin məqsədi məişət zorakılığı ilə bağlı problemlərin həlli üçün üçün coxtərəfli səylərin göstərilməsi, maarifləndirmə və hüquq-mühafizə və məhkəmə orqanları, yerli icra hakimiyyəti əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına yardım göstərilməsidir.
Layihə çərçivəsində Quba rayonunda “Məişət zorakılığının qarşısının alınması” mövzusunda ictimai fəal xanımların iştirakı ilə dəyirmi masa da keçirilib. “Qadınlar Arasında Həmrəylik” İB-nin sədri, layihə rəhbəri Ruhəngiz Hüseynova layihə barədə iştirakçılara məlumat verib.
Quba rayonunda 6 saylı tam orta məktəbdə məişət zorakılığı sağlam ailə modelinin formalaşmasına maarifçilik fəaliyyətləri ilə yardım göstərilməsi məqsədilə 10-11 sinif şagirdləri ilə görüş də keçirilib.
Strateq.az