Meksikanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə bu gün növbəti dəfə ənənəvi mezkal festivalına start veriləcək. Bu barədə səfir Rodriqo Labardini aparıcı KİV əməkdaşları ilə iqamətgahında ənənəvi mezkal içkisinin dequstasiyası mərasimindəki görüşündə məlumat verib.
Tədbirdə Mezkal Assosiasiyanın prezidenti, mezkalye Serxio Uniqarro mezkalın hazırlanması barədə məlumat verdi. Bildirdi ki, ənənəvi Meksika içkiləri olan mezkal və tekila magey bitkisindən əldə olunur. Tekiladan fərqli olaraq, mezkal bir qədər hisə verilmiş dadı və şirin ətrə malikdir. Saxlanma müddəti 2 aydan 8 ilə qədər olan mezkalın digərləri arasında ağ, açıq və tünd növləri mövcuddur. Mezkal içkisinin hazırlanması üçün əldə olunan magey bitkisinin yaşının 7 ildən 20 ilədək olması zəruridir və bununla belə, mezkalın hər bir şüşə qabında 10 ildən çox müddəti əhatə edən iş cəmləşir. Mezkalı daha çox içən ölkələr ABŞ, Almaniya və Çilidir. Onun illik ixracat artımı 40 faiz təşkil edir. Mezkal istehsal sənayesi 15 min istehsalçısı və 29 min iş yerini əhatə edir. Meksika illik 2 milyon litr mezkal istehsal edərək onun 1 milyon litrini ixrac edir. Mezkalye Uniqarro daha sonra mezkaln içmək qaydasından danışdı. Dedi ki, mezkalı içmək üçün xüsusi texnikadan istifadə olunur. Bu içki başqa alkoqollu içkilər kimi eyni şəkildə o an içilmir. “Öpüş texnikası” adlanan bu texnikada mezkal yavaş-yavaş içilir: “Dodaqları bir az qabağa vermək lazımdır ki, ağız suyu ifraz olunsun. İçkini ağızda bir az saxladıqdan və ağız suyu ilə qarışdırdıqdan sonra daxilə qəbul etmək olar”. Mezkal alkoqollu içkilər arasında ən saf və ən təmiz içkidir. Digər alkoqollu içkilərin tərkibində bir növ şəkər olduğu halda, mezkalın tərkibində bir neçə növ şəkər var. Buna görə də bu içki heç bir orqanizmə zərər vermir. Mezkalın ən məşhur ifadəsi: “Az danışaq, çox içək”. Ağlabatan miqdarda qəbul etdikdə mezkal sirli, sehirli və cəlbedici bir içkidir. Ruhu oynadır, kədər hissini soyudur, təsəvvürü canlandırır, incikliyi silir, tənhalıqda sirdaşa çevrilir və dünyanı gözəl görməyə səbəb olur.
Noyabrın 5-ə kimi davam edəcək mezkal festivalında bu eczagar içkinin dadına MAYA restoranında və Landmark, İnturist, Fairmont otellərinin restoranlarında baxmaq olar.
Laçın SƏMLA
Stratreq.az