Dünyanın ən qoca xalqı Almaniya və Yaponiya, ən gənci isə Nigerdir
Əhalisinin orta yaş həddinə görə dünyanın ən qoca iki ölkəsindən biri Almaniya, digəri isə Yaponiyadır. Hər iki ölkənin göstəricisi eynidir-46.1 yaş. Mərkəzi Afrika ölkələri isə ən gənc əhalisiylə ön plana çıxır. Dünyanın ən kasıb ölkəsi Niger əhalisinin orta ömrünə görə həm də Yer kürəsinin ən cavan məmləkətidir. Onun cəmi- cümlətani 15.1 “yaşı” var. “Cavanlıq”da Nigeri Uqanda izləyir-15.5 yaş.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) dünya dövlətləriylə bağlı hazırladığı Fastbook araşdırmaları belə deməyə əsas verir. Strateq.az xəbər verir ki, Fastbook araşdırmalarına görə, dünyanın bu yaş fərqi önümüzdəki 50-60 il içərisində dövlətlərinin iqtisadi və siyasi strukturlarında da böyük dəyişikliklər yaradacaq.
Əhalisi sürətlə yaşlanan Almaniya və Yaponiya kimi ölkələrdə işçi tələbatı meydana gələrkən, sakinlərinin böyük qismi işsiz gənclərdən ibarət olan Afrika isə bekarçılıqdan üsyanlara və qarışıqlıqlara səhnə olacaq.
Mərkəzi Kəşfiyyat İdarəsinin proqnozlarına inansaq, əhalisi qocalan ölkələrin insanları da bu müddət ərzində xeyli azalacaq. Məsələn, 2060-ci ilə qədər Almaniya əhalisinin 19% azalaraq 66 milyon olacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan bu sıralamada gənc ölkələr qrupuna aiddir. Bizim təxminən 28.3 yaşımız var.