XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Noyabr 2016 - 22:27

AMEA-da yeni struktur və kadr dəyişikliyi aparıldı –SİYAHI

akif elizade

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

AMEA-dan Strateq.az-a verilən məlumata görə, ilk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə Akademiyada çoxillik, qüsursuz və məhsuldar fəaliyyətinə görə Cabbar Bəylərova AMEA-nın Fəxri Fərmanını təqdim edib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix üzrə elmlər doktoru, professor Əli Həsənov "Azərbaycanın geosiyasi inkişafının reallıqları ve perspektivləri" adlı məruzə ilə çıxış edib.

Azərbaycanın müasir geosiyasi reallıqları və perspektivlərindən, regionda və dünyada baş verən qlobal ictimai-siyasi prosesin kontekstindən bəhs olunan məruzə dinlənildikdən sonra geniş müzakirə olunub, suallar cavablandırılıb.

Tədbirdə "Azərbaycan elminin inkişaf doktrinası" layihəsi də müzakirə olunub. Mövzu ətrafında çıxış edən akademik Akif Əlizadə bildirib ki, ölkəmizdə elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycanın gələcəyinin, iqtisadi, siyasi və hərbi qüdrətinin respublikanın elmi potensialı ilə bilavasitə bağlı olduğunu deyən akademik ölkənin davamlı inkişaf strategiyası, habelə müasir dünyada baş verən qlobal iqtisadi problemlərin Azərbaycanın elmi əsaslar üzərində inkişafını zərurətə çevirdiyini vurğulayıb.

Müzakirələrdən sonra Doktrinanın layihəsi Rəyasət Heyətinin qərarı ilə bəyənilib.

Gündəlikdə yer alan növbəti məsələ II Azərbaycan Elm Festivalının nəticələri haqqında olub. 

 Akademik Akif Əlizadə 31 oktyabr – 5 noyabr 2016-cı il tarixlərində Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində təşkil olunan festival çərçivəsində elm və cəmiyyət arasında əlaqələrin gücləndirilməsi, elmi nailiyyətlərin əyani şəkildə ictimaiyyətə çatdırılması, gənc nəsildə elmə marağın artırılması məqsədilə bir sıra tədbirlərin həyata keçirildiyini deyib. Akademik builki festivalın 2014-cü ildə təşkil olunmuş festivaldan miqyasına və formatına görə fərqləndiyini və ölkədə böyük marağa səbəb olduğunu vurğulayıb.

Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq II Azərbaycan Elm Festivalının yüksək qiymətləndirilməsi haqqında qərar qəbul edib. Həmçinin III Beynəlxalq Elm Festivalının keçirilməsi ilə bağlı təkliflərin hazırlanıb Rəyasət Heyətinə təqdim olunması tapşırılıb.

Tədbirdə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi, Torpaqşünaslıq və Aqrokimya,  Hüquq və İnsan Haqları, Biofizika institutları və Təbiət Tarixi Muzeyinin Nizamnamələri, strukturları və işçilərinin say tərkibi təsdiq olunub.

Rəyasət Heyətinin növbəti qərarları ilə Tarix, Şərqşünaslıq institutlarında və Milli Azərbaycan Tarixi Muze­yində Təhsil şöbələri, Tarix və Şərqşünaslıq institutlarında Beynəlxalq əlaqələr şöbələri, Şərqşünaslıq İnstitutunda İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

İclasda həmçinin AMEA-nın müxbir üzvləri Aqil Əliyevin 90 və Sevda Məmmədəliyevanın 70 illik yubileyləri haqqında qərarlar qəbul olunub. Sonda bir sıra kadr məsələlərinə baxılıb.