XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Noyabr 2016 - 17:12

Türkiyədə ev alan imkanlı soydaşlarımızın sayı artır –Xaricilər arasında Azərbaycan vətəndaşları ilk onluqdadır

ev-turk

Türkiyənin Daşınmaz Əmlak və Daşınmaz Əmlaka investisiyalar üzrə Assosiasiyasının (GYODER) məlumatına görə, Türkiyədə əmlaka investisiya qoyan əcnəbilər arasında Azərbaycan vətəndaşları da çoxluqdadır.

2016-cı ilin ilk 9 ayı ərzində Azərbaycan vətəndaşları daşınmaz əmlakın alınması ilə bağlı 565 prosedur gerçəkləşdirib. Ötən ilin eyni dövründə isə həmin rəqəm 595 idi.

Türkiyə Daşınmaz Əmlak Platformasının (TGP) əməkdaşı Cem Şahin Azadlıq Radiosuna deyib ki, son illər azərbaycanlılar Türkiyənin müxtəlif şəhərlərindən, özəlliklə İstanbuldan daha çox ev alırlar: "Əcnəbi alıcılarımız çoxdur. Onların arasında Azərbaycan vətəndaşları da var. Azərbaycandakı devalvasiyadan sonra əlində pulu olanlar burada üzləşdikləri zərəri Türkiyədə əmlak bazarına qoyub faydalanmaq istəyirlər. Azərbaycanlılardan neçəsinə özüm ev satmışam. Deyirlər, əlimizdəki pul azalıb, heç olmasa, Türkiyədə ev alaq, bu pul dəyərlənsin. Almaqda da davam edirlər. Qiymətlər əlverişlidir. Məsələn, gələn il hazır olacaq layihəmizdən İstanbulun Beylikdüzü səmtində 49 min dollara bir otaqlı ev almaq olur. Həmin evlər təmirli, tam hazır evlərdir. Aylıq 500 dollara kirayə vermək olur. Ev sahibi ancaq mebel alacaq. İstək, tələb çoxdur".

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyir ki, Türkiyə son illər azərbaycanlıların ən çox yaşamaq, ev almaq istədiyi ölkələrdəndir. Həm də orada əmlak almaq faydalıdır: "Mülkiyyət hüquqlarının toxunulmazlığı baxımından durum Rusiya, digər MDB ölkələri ilə müqayisədə daha yaxşıdır. Bu, həm də yaxşı investisiyadır. Müəyyən bir mərhələdən sonra aldığın əmlakı ya satıb, ya da kirayə verib gəlir götürə bilərsən. İnvestisiya baxımından daha faydalı və riski də azdır. Həm də Türkiyədə əmlak daha gəlirli, qiymətləri də münasibdir. Məsələn, Moskva ilə müqayisə etsək, hazırda oranın mərkəzində daşınmaz əmlak İstanbulla müqayisədə iki dəfə bahadır. Ancaq yaşayış şərtləri İstanbulda daha asandır".

Türkiyə Statistika Komitəsinin oktyabr bilgilərinə görə, bu ölkədə ev alan xaricilər arasında Azərbaycan vətəndaşları ilk onluqdadır. Oktyabrda azərbaycanlılar Türkiyədə 42 mənzil alıblar.